Xəbər lenti
Reklam
Restoranlarda “xidmət haqqı” ödənilməlidirmi?

Son illər insanların qarşılaşdığı problemlərdən biri də restoranlarda “servis haqqı”nın alınmasıdır.
Müştəri yeyib-içdikdən sonra hesabı ödəmək istəyəndə ona təqdim edilən qəbzdə sifariş etdiyi məhsulların qiymətinin altında “servis haqqı” məbləği də qeyd edilir. Yəni kimsə cibindəki son pul kifayət edəcək qədər yemək sifariş etsə, sonda pərt olacağı surprizlə qarşılaşacaq.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Bakıvaxtı.az-a bildirib ki, 10 gün öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi istehlakçı məmnuniyyəti deyilən bir standart qəbul olunub:


“Çox təəssüflər olsun ki, bu da yorğan altında qəbul olunan standartlardan biri olub. Belə ki, mən “Azərbaycan Standartlaşdırma İnstitutu”nun üzvü olsam da, həmin qərarın müzakirəsinə çağırılmadım. Qəbul etdikləri standartı da hələ mənə göndərməyiblər. Restoranlarda istehlakçılardan artıq pul alınması ilə bağlı bizə hər həftə ən azı 2 telefon zəngi daxil olur. “Servis haqqı” məsələsi ilə bağlı qeyd etdiklərimdən də ciddi problemlər var. Misal üçün, turistlərin çox getməsinə və Azərbaycanda insanların çayxor olmasına baxmayaraq, bulvarda kompleks çay verirlər. Əgər mürəbbələri götürməsən, çay vermirlər. Elə restoran var ki, “face control” edirlər, yəni üzünə baxıb səni buraxmırlar ki, xoşumuza gəlmir. Başqa bir restoran var ki, mütləq qadınla gəlməli olduğunu deyirlər. Belə neqativ hallar olduqca çoxdur, təəssüflər olsun ki, restoranlar üçün tərtib olunmuş heç bir qayda-qanun yoxdur”.
Onun sözlərinə görə, bu barədə İqtisadiyyat Nazirliyinə müraciət etdikdə qeyd edirlər ki, restoranların öz ərazisidir, necə istəsələr elə davrana bilərlər: “Stardartda nələr nəzərdə tutulduğunu bilmirəm, bəlkə də, tutulmayıb. Standarlar olsa idi, bəlkə bu işin öhdəsindən gələ bilərdi. “Servis haqqı” ilə bağlı bu yaxınlarda bir nəfər də mənə telefon zəngi etdi. Həmin şəxs restoranda oturub istehlak etdikdən sonra 18% “servis haqqı” istəyiblər. Deyiblər, sən muzey restorandasan, elə belə restoranda deyilsən. Adam istehlak etdikdən sonra başa düşüb ki, muzey restoranda imiş, 18% zorla pul alıblar. “Çay pulu” və yaxud ofisianta verilən pul bir çox dünya ölkələrində var. Onu da bilək ki, dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstərsən, istehlakçı mütləq ona artıq pul verir. İstehlakçı psixologiyası bu cürdür. Lakin zorla, istehlakçının xəbəri olmadan, əvvəlcədən deyilmədən “servis haqqı” alınması istehlakçı hüququnun pozulmasıdır”.
E.Hüseynov vurğulayıb ki, bu hal Azərbaycanda turizmin inkişafına böyük zərbədir: “Qanun qadağa eləmir, lakin mütləq istehlakçı öncədən bilməlidir ki, nə qədər “servis haqqı” verəcək. Bu, ya menyuda, ya masanın üzərində bir kağızda yazılmalı, ya da ofisiant istehlakçıya öncədən deməlidir. Düzdür, buna bənzər əcayib şeylər başqa ölkələrdə də var. Məsələn, Kanadada 20%-ə qədər “çay pulu” verməlisən. Argentinada da görmüşəm ki, oteldən çıxanda 120 manat artıq pul alıblar. Tələb etmə səbəbləri isə müştərinin oteldə olan içkilərə əlini uzatmasıdır. İçkilərə əl uzadanda fotodiod qeydiyyata alır ki, bura əl uzanıb. İçkinin içib içilmədiyinə heç baxan yoxdur. Digər bir misal, Amerikada istehlakçı restorana girəndə ödəniş kartını alıb saxlayır, pula müdaxilə etməmək şərtilə bəzi parametrləri götürürlər. Sonda problem olarsa, istehlakçıdan orda da “servis haqqı” alınır. Murdar kapitalizmin pis cəhədləri ölkəmizə gəlir və ölkəmizdə pul qazanmaq naminə insanların bir-birinə, turistlərə etibarı, hörməti, ənənələri it bata düşür. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi bunun öhdəsindən gəlməli, Nazirlər Kabineti restoran və marketlər üçün qaydalar tədbiq etməli, bu məsələlərə son qoyulmalıdır”

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov 

Qidaelmi.az
Tarix: 26 iyul 2022
Baxış: 540

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş