Rusiya Prezidenti Vladimir Putinin rus qoşunlarında baş verən üsyanları yatırmaq üçün Ukraynaya general Rüstəm Muradovu göndərdiyi bildirilir.
Adları açıqlanmayan yüksək rütbəli ABŞ rəsmiləri bu yaxınlarda Ukraynadakı rus zabitlərinin öz rəhbərlərinə tabe olmaqdan imtina etdiyini və Donbasdakı qoşunların “kifayət qədər sürətlə” işləmədiyini iddia ediblər.
Rus əsgərlərinin üsyanları yeni xəbər deyil. Müharibənin ilk həftələrindən bəzi rus əsgərlərinin döyüşməkdən imtina edərək vətənə qayıtmaq istədikləri deyilir.
“The Daily Beast” qəzetində yer alan xəbərə görə, Rusiya Prezidenti Putin Suriyadakı əməliyyatlar da daxil olmaqla, dəhşətli döyüşlərdəki rolu ilə tanınan general-leytenant Rüstəm Muradovu qoşunlardakı üsyanları yatırmaq üçün Ukraynaya göndərib.
Qəddarlığı ilə tanınan Muradovu əsgərlərin qorxduğu komandir kimi qələmə verirlər. 2017-ci ildə “Rusiya Federasiyası Qəhrəmanı” adına layiq görülən Muradov mükafatı Putinin özündən alıb.
Ukrayna xüsusi xidmət orqanları rus əsgərlərinə aid olduğu iddia edilən 2 səs yazısını yayıb. Səs yazılarının birincisində rus əsgərinin dostu ilə “Muradov” adlı komandir haqqında danışması eşidilir.
Bildirilir ki, Muradov gəldikdən sonra məhkəmə təşkil edib, digər əsgərlərə örnək olması üçün komandirləri qarət edib, ciblərində olan hər şeyi çıxarıb, əl-qolunu bağlayıb və hamısını maşınlara mindirərək naməlum yerə göndərib.
Qeyd edək ki, R.Muradov 2020-сi il noyabrın 11-dən 2021-ci il sentyabrın 9-dək Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı olub.
Billurə Yunus
Mənbə: Ölkə.Az