Xəbər lenti
Reklam
Ermənistanla sərhəddə nə baş verir? - Anar Əsədlidən ƏTRAFLI AÇIQLAMA

“Ermənistanın Tavuş vilayətində, Əskipara kəndinin yerləşdiyi rayona Rusiya sərhədçiləri gətirilib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb”.

Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
Onun fikrincə, “Nə baş verir?” – deyə həyəcanlı durum var. Məsələyə bir az detallı baxmaq lazımdır.
“Qazaxın 7 – Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli – kəndinin, o cümlədən Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndinin geri qaytarılması aylardır, müzakirə edilir. Bu kəndlər mühüm strateji əhəmiyyətə malikdir. Qazaxın kəndləri qaytarılarsa, Azərbaycan ordusu rahatlıqla Ermənistanın Göyçə istiqamətində ərazilərinə nəzarət edəcək. Naxçıvanın kəndinin qaytarılması isə həm İran, həm Ermənistan – Qafan, Mehri istiqamətində nəzarət imkanları yaradır.
Elə buna görə də, ermənilər üçtərəfli bəyanatın adıçəkilən ərazilərin qaytarılması ilə bağlı bəndini icra etməkdən boyun qaçırır. Hətta bunun üçün müxtəlif manipulyasiyalara da əl atırlar ki, Başkəndlə bağlı qaldırdıqları məsələ də, son günlər törədilən təxribatlar da buna əyani sübutdur. Lakin mövcud olan Sovet xəritələri – xəritələri beynəlxalq təşkilatlar da, ermənilərə qəyyumluq edən Rusiya da tanıyır, – həmin ərazilərin Azərbaycana aid olduğunu göstərir”, – deyə o bildirib.
Anar Əsədli hesab edir ki, bu ərazilərin qaytarılması ilə bağlı məsələ Azərbaycan tərəfindən ciddi cəhdlə qaldırılır: “Məncə, bu məsələ həm də Prezident Əliyevin Moskva görüşündə prioritetlərdən olub ki, görüşdən dərhal sonra Ermənistan rus hərbçilərinə müvafiq bölgədə yerləşmə ilə bağlı çağırış edib.
Ermənistan üçün rus hərbçilərinin ərazisində və sərhədində yerləşməsi yenilik deyil, çünki müstəqilliyini elan etdiyi gündən bəri ərazisində Gümrü hərbi bazası yerləşib, İranla sərhədlərini Rusiya qoruyub.
Lakin Azərbaycanla sərhədə rus qoşunları yerləşdirilərsə, beynəlxalq hüququa görə, mütləq Azərbaycanın razılığı alınmalıdır.
Ola bilsin ki, Putin Əliyevlə görüş zamanı ərazilərin qaytarılması zamanı rus hərbçilərinin yerləşdirilməsi ilə bağlı razılığa gəlib. Çünki Paşinyanın yenidən hakimiyyətə gəlməsi, Putinin bəzi rusiyayönümlü kadrların hökumətdə yer alması ilə bağlı sifarişinin yerinə yetirilməməsi, Co Baydenin Ermənistanın baş nazirinə təbrik məktubunda “Vaşinqton 2020-ci ildə Dağlıq Qarabağ konflikti üzündən təhlükəsizlik sferasında Ermənistana yaranan mürəkkəb təhdidləri başa düşür” fikrini ifadə etməsi kontekstində deyə bilərik ki, Rusiya artıq məsələlərin Azərbaycanın xeyrinə həll olunmasından yanadır.
Lakin istənilən halda söhbət mövzusu ermənilər və ruslar olduğu üçün müəyyən hiylələrin də döndüyünü seçmək mümkündür. Gözləniləndir ki, sərhəddə ermənilərlə ruslar arasında təxribatlar Azərbaycan Ordusu ilə əlaqələndirilsin, necə ki, ötən ilin 9 noyabrında helikopter olayı nümunəsində analoji oyunun şahidi olmuşduq. Elə o olayın nəticəsində etdiyimiz güzəştlərin hələ də ağır nəticələrini yaşamağa davam edirik.
Müvafiq kəndlərin qaytarılması məsələsi daxil olmaqla, üçtərəfli bəyanatın bütün maddələrinin icra olunması üçün proseslər mərhələli şəkildə aparılmalı idi. İlk öncə separatçılar ərazidən təmizlənməli, 2-ci mərhələdə delimitasiya-demarkasiya prosesi Ermənistanın müdaxiləsindən asılı olmadan yerinə yetirilməli, qarşı tərəf sülh müqaviləsinə vadar edilərək, sərhədlərinin tanınması təmin edilməli idi”.
AY Partiya Başqanın fikrincə, qarşı tərəf bizə heç bir şərt diqtə edə bilməz. “Əvvəla ona görə ki, məğlub tərəfdi. İkinci ona görə ki, bizim diqtə etdiyimiz şərtlər beynəlxalq hüquq prinsiplərinə zidd deyil. Beləliklə, məsələnin həm hüquqi, həm fiziki şərtləri təmin edildiyi halda həm suverenliyimizi təmin etmiş olacaqdıq, həm də təxribatlara son qoyacaqdıq. Düşünürəm ki, rus hərbçilərinin sərhəddə yerləşdirilməsi delimitasiya-demarkasiya prosesinin yaxın zamanda tamamlanmasına hesablanıb. Lakin ilkin mərhələ hesab etdiyimiz separatçıların təmizlənməsi məsələsi həllini tapmadığı üçün sərhəd xətlərinin bərpası təxribatların son qoyulmasına gətirib çıxarmayacaq.
Bu, bilirsiniz nəyə bənzəyir? Oğrunu evin içində saxlayıb, qapını möhkəmləndirməsinə çalışırsan. Birinci oğrunu evdən çıxarıb, sonra qapını möhkəmləndirmək lazımdır.
Oğru evin içərisindədirsə, delimitasiya-demarkasiyanı başa çatdırmaq, yəni sərhəd xətlərini çəkmək təxribatların son qoyulmasına gətirib çıxarmayacaq”, – deyə Anar Əsədli əlavə edib.
Natiq Səlim,
KONKRET.az
Tarix: 06 avqust 2021
Baxış: 208

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş