Xəbər lenti
Reklam
At əti haqqında miflər: Biz niyə at əti yemirik?

Heç ömrünüzdə at əti yemisiz?
Yoxsa siz də at ətinin dönər, kolbasa, restoranlarda digər növ ətlərə qarışdırmaq üçün gizli alınıb-satılan bir ət növü olduğunu hesab edirsiz? At ətini kəsmək olmaz mifinə inanırsız?
Azərbaycanda at ətinə qədimdən bir tabu var. Amma bu tabu qanunlarda yox, insanların beynindədir. Tarixən at ətinin qida üçün yararlı olmaması fikri bizdə dərin kök salıb. Az qala donuz əti qədər yasaq hesab edilən at əti haqqında miflərin kökünü araşdırmağa, Azərbaycanda atın ətlik heyvan kimi kəsilməməsinin səbəblərini tapmağa çalışdıq. Əminik ki, bu yazıdan sonra hardasa nə vaxtsa at ətini dadmaq fürsəti olsa, qaçırmayacaqsız.

At igidin qardaşıdır

At əti tarixən köçəri xalqların geniş istifadə etdiyi qida məhsulu olub. Bir sıra türk və Orta Asiya xalqlarında qida rasioununun vacib hissəsi kimi ində də o ölkələrdə aktualdır. Bir çox mənbələr at ətinin İslam dinində qadağan olunduğunu bildirsə də, tarixən bir çox müsəlman xalqlarının menyusunda olub.
At ətinin qadağan olunmasının bir səbəbi də atların əsas minik vasitəsi, xüsusən də uzaq səfərlər və döyüşlərdə əvəzsiz nəqliyyat vasitəsi olması idi.
Azərbaycanda isə nə İslamdan öncə, nə də sonra at kəsilib yeyilməyib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Elnurə Məmmədova:
“At türkmən və azərbaycanlılarda müqəddəs bir totem hesab olunub. Belə bir atalar sözümüz də var: At igidin qardaşıdır. Ona görə də at ətinə qardaş əti yeyilməz prizmasından yanaşılıb.
Digər faktor, Azərbaycanda tarixən maldarçılığın inkişafıdır. Bizim torpaqlarda yerli əhalinin iribuynuzlu mal-qara, qoyun-quzu yetişdirməsi, at ətinə ehtiyac yaratmayıb. Qırğısıztan və Qazaxıstanda at ətinin istifadə olunması o xalqların köçəri həyat sürməsi ilə bağlıdır. Köçəri xalqlar üçün amin turşuları, zülalla zəngin at əti bir çox məhsulları əvəz edib. Azərbaycan ərazisində qədim tayfalar köçəri yox, oturaq olub. Bu da bu xalqların qədimliyini, əzəliliyini göstərir. Əgər at əti mətbəximizdə olsaydı və ya yaxud at əti yediyimizi bildirsək, bu xalqımızın köçəri olmasına işarə ola bilər. Ona görə qədim tariximizdə at əti faktları axtarmağa dəyməz.
Azərbaycan milli mətbəxində at əti tərkibli heç bir reseptə və xörəyə rast gəlinmir.
Amma at əti yeyilə bilən qidadır. Həmçinin restoran və digər ictimai iaşə mütəxəssisləri istəyərsə at ətindən bir sıra türk xalqlarının, Asiya mətbəxinin təamlarını hazırlayıb, menyuya daxil edə bilər. Amma xörəyi hansı ətdən hazırlandığını menyuda və digər texnoloji kartlarda qeyd etməli, müştəriyə bildirməlidir”.
Ən dadlı Qazaxıstan atlarıdır
Qazaxıstan at əti ilə zəngin mətbəxi və dünyada ən dadlı, zərif at əti istehsal etməsi ilə fəxr edir. Orada at əti bir delikatesdir. Qazaxıstanda hətta at piyindən dərman da hazırlayırlar. Qazax heyvandarları əmindir ki, onlar müxtəlif dadda at əti istehsal edə bilərlər. Çünki məhz onlar at ətinin sirlərini bilir.
Dünyada at əti Meksika, Argentina, Qazaxıstan, Monqolustan, Qırğızıstan, Avstraliya, Kanada, Fransa, Yaponiyada ixrac olunur.
At ətindən məşhur təamlar:
Qazı - at bağırsağında hazırlanmış kolbasa
Sucuq - sosis
Beşbarmaq - lavaş kimi nazik yayılmış assorti.
Atın çanaq hissəsindən caya - 5 günə hazırlanır, xüsusən uşaqlara sümük bərkitmək üçün verilir.
Eləcə at ətindən medalyon, qovurma, steyk, hisə verilmiş qəlyanaltılar, müxtəlif soyuq yeməklər hazırlanır
At südü- xüsusi dadlı, çox faydalı içkidir, marketlərdə adi süd kimi satılır. Qazaxlar bu südü ana südünə bərabər bilir.
At ətinin yeganə çatışmazlığı odur ki, kabab bişirmək olmur.
At əti gec bişir, çeynəmə zamanı ağızda rezin kimi dartılma effekti verir. Bu ətin yağı tünd sarı rəngdə olur, yağlar hava ilə təmas etdikdə daha da tündləşərək, palıdı-qəhvəyi rəng alır.
At əti yeyək, yoxsa...?
Azərbaycanda atın kəsilməsi, ətinin satışı, ətindən qida vasitəsi hazırlanması qadağan deyil. Lakin kəsimə yalnız sağlam ət verilməlidir. Çünki atda bir çox xəstəliklər, xüsusilə öldürücü "Manqo" xəstəliyi ola bilər. "Manqo" xəstəliyi insana keçdiyi halda ölümə gətirib çıxarır. ç. Hətta müharibə dövründə məhz buna görə at ətinin yeyilməsi qadağan edilmişdi.
Əgər nə vaxtsa at ətindən xörəyin və kolbasanın dadına baxmaq fürsətiniz olsa, bu imkanı qaçırmayın. Deyilənə görə, bir yeyən bir də istəyir. Kim bilir, bəlkə də dərdinizin dərmanı elə at əti ilə at südündədir?
ARZU MİRZƏYEVA
Tərkibi
100 qram at ətində 28, mal ətində isə 25 qram protein var. At əti müəyyən vitamin və minerallarla da zəngindir. Xüsusən də, tərkibində dəmir, sink, fosfor, B, B6 və B12 vitaminləri kifayət qədərdir.
Eləcə də bu ət kaliumla zəngindir ki, bu da sümüklərin böyüməsi və güclü olması üçün vacibdir. Üstəlik, bu ətdə yağlılıq, mal və qoyun ətinə nisbətən azdır. Hər 100 qram at ətində 4,1 qram yağ, 0,9 qram karbon, 118 kkal enerji, 10 mq kalium, 150 mq fosfor və 3,82 mq sink var.

Faydaları

Bir sıra xəstəliklərin müalicəsində də at ətinin faydası təsdiqlənib.
Revmatizm xəstələri üçün at əti oynaqlarda zədələnmənin qarşısını almaq üçün əvəzsizdir. Araşdırmalara görə, at əti epilepsiya xəstələri üçün də son dərəcə faydalıdır.
Bədəndə xolesterinin miqdarını azalmaq üçün mal, qoyun ətini atla əvəzləmək olar.
Qiyməti:
Təzə at əti təxminən 10-12 avro, kolbasanın kiloqramı 18-20 avrodur. Yəni at əti mal və quzu ətindən də bahadır. \\Gent.az


Tarix: 25 mart 2021
Baxış: 305

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş