Xəbər lenti
Reklam
Nikaha daxil olmaq üçün prosedurlar – Qanunvericilik nə deyir

 

Nikaha daxil olan şəxslərin qaydalara aid çoxsaylı suallar olur.

Bu suallar əsasən prosedurun ardıcıllığı, lazım olan sənəndlərin əldə edilməsi, ödənilən dövlət rüsumunun məbləği, müddətlər, nikaha mane olan hallar və s. məsələlərlə bağlı olur. Bizimyol.info oxuculara bu prosedurlarla bağlı qanunvericilikdə nəzərə tutulmuş əsas müddəaları təqdim edir.İlk olaraq tibbi arayış üçün müraciət edilməlidir
Nikaha daxil olmaq istəyən şəxslər ilk növbədə qeydiyyatda olduğu rayonlarda Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş xəstəxanalarda və ya poliklinikalarda pulsuz nikah haqqında tibbi arayış sənədini almalıdırlar. Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş xəstəxanalar və ya poliklinikalar heç bir yerdə elan olunmadığından bu məlumatı sadəcə qeydiyyatda olduğunuz rayonun qeydiyyat şöbələrindən öyrənə bilərsiniz. Tibbi arayış sənədini həm bəy, həm də xanım ikisi bir yerdə qeydiyyatda olduğu rayonun xəstəxana və ya poliklinikalarından və ya hərəsi ayrı-ayrılıqda qeydiyyatda olduğu rayonunun xəstəxanalarından ala bilərlər. Qeydiyyatda olmadıqları rayonlarda isə bu arayış verilmir.
Yoxlanılan xəstəliklər
Tibbi arayış almaq üçün müraciət edən zaman şəxsiyyət vəsiqəsinin əslini və surətini özünüzlə bərabər götürün. Tibbi müayinə zamanı yoxlanışdan keçirilən xəstəliklər bunlardır:
1) hemoqlobinopatiyalar:
1.1. böyük beta-talassemiya;
1.2. aralıq beta-talassemiya;
1.3. drepanotalassemiya;
1.4. oraqvari hüceyrəli anemiya;
2) İİV/QİÇS;
3) sifilis
Tibbi arayışın verilmə və etibarlılıq müddəti
Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən etibarən 2 (iki) həftədən çox olmamalıdır. Tibbi arayışın etibarlılıq müddəti 1 (bir) aydır. Arayışın vaxtı keçdikdən sonra qeydiyyat şöbəsindən nikah üçün tarix alına bilinməz. Burda diqqət edilməli məqam nikah üçün qeydiyyatdan keçmə tarixidir, çünki, tibbi arayışın müddəti qeydiyyatdan keçmə tarixinə qədər hesablanır. Qeydiyyatdan keçdikdən sonra tibbi arayışın müddəti keçsə də sizin nikah tarixinizə heç bir təsiri olmur. Tibbi arayışı aldıqdan sonra 1(bir) ay keçməmiş nikah üçün qeydiyyat şöbələrindən və ya ASAN xidmətlərdən nikah günü almaq üçün müraciət edin.
Nikah üçün lazım olan sənədlər
Nikah üçün lazım olan digər sənəd şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinə də diqqət etmək lazımdır. Etibarlılıq müddəti keçmiş şəxsiyyət vəsiqəsi ilə qeydiyyat şöbəsinə müraciət etmək olmur. Şəxsiyyət vəsiqəsinin dəyişmə yaşları 25, 35 və 50 dir. Bu yaşlarda nikaha daxil olmaq istəyən şəxslər şəxsiyyət vəsiqələrinin etibarlılıq müddətinə diqqət etməlidirlər.
Nikah üçün dövlət tərəfindən 5 (beş) manatlıq rəsmi rüsum müəyyən edilib. Rəsmi olaraq təyin edilmiş qəbzdir. Siz bu qəbzi müvafiq qeydiyyat şöbəsinin hesabına köçürməlisiniz. Qeydiyyat şöbələrində sadəcə Ədliyyə Nazirliyinə məxsus electron ödəmə sistemləri var və ödəmələr sadəcə hər qeydiyyat şöbəsinin özündə aparılır. Ödəmələr qeydiyyat şöbələrindən kənarda hər hansı bir bankda və ya elektron ödəmə nöqtələrində aparıla bilməz. 5 (beş) manatlıq ödəmə ilə bərabər 1 (bir) manatlıq əlavə mədaxil ödəmə edəcəksiniz. Yəni toplamda edecəyiniz ödəmə 6 (altı) manat olacaq.
Lazım olan digər sənəd yazılı ərizə formalarıdır. Bu ərizə formaları qeydiyyat şöbəsində sizə təqdim ediləcək. Yazılı ərizə formalarını doldurduqdan sonra nikah üçün lazım olan bütün sənədlər hazır olacaq. Sənədlər hazır olduqdan sonra bəy və gəlin və ya tərəflərdən bir nəfər nikah üçün təyin edilmiş qeydiyyat şöbələrinə və ya ASAN xidmət mərkəzlərinə sənədləri aparıb nikah üçün gün ala bilərlər. Müraciət edib nikah gününü təyin etdikdən sonra ödəmiş olduğunuz qəbzin bir nüsxəsi sizdə qalır. Qəbz nüsxəsinin üstündə sizin nikah gününüzün tarixi qeyd olunur. Bundan əlavə olaraq qeydiyyat şöbələrindən və ya ASAN xidmət mərkəzlərindən nikah gününü göstərən buklet ala bilərsiniz. Bu iki sənəd sizin nikah tarixi aldığınızı göstərən sənədlərdir. Nikah bağlanma gününü göstərən Buklet istəyə bağlı verildiyindən qeydiyyat şöbələrindən və ya ASAN xidmət mərkəzlərindən bukletinizi və qəbzi almağı unutmayın.
Nikah bağlanma günü lazım olan sənədlərin siyahısı
Nikah bağlanma günü lazım olan sənədlər – şəxsiyyət vəsiqəsi, sizə verilmiş rəsmi rüsumun ödənildiyini göstərən qəbzin nüsxəsi və nikah gününüzü təsdiq edən bukletdir. Daha öncədə qeyd etdiyimiz kimi bukletlər sizin istəyinizlə ASAN xidmət mərkəzlərində sizə verilir. Ayrıca nikah şahidlərinin özləri və onların şəxsiyyət vəsiqələri və surətləri lazım olacaq.
1. Nikaha daxil olan şəxslərin şəxsiyyət vəsiqələri və surətləri;
2. Dövlət rüsumunu göstərən qəbzin nüsxəsi;
3. Nikaha daxil olmaq istəyən şahidlərin şəxsiyyət vəsiqələri və surətləri;
4. Nikah tarixini göstərən Buklet ( bukletlər istəyə bağlı verilir).
İstəyə bağlı olaraq nikah müqaviləsi də bağlanıla bilər. Nikah bağlanandan sonra və ya əvvəl və ya nikah bağlanan gündə nikah müqaviləsi bağlanıla bilər. Amma nikah müqaviləsi nikah bağlanandan, yəni nikah üçün imza atıldıqdan sonra qüvvəyə minir.
Əvvəllər nikahda olmuş şəxslərin nikah proseduru
Əvvəllər nikahda olmuş şəxslər yuxarıda qeyd olunan sənədlərdən əlavə olaraq nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışını qeydiyyat şöbələrinə müraciət zamanı təqdim etməlidirlər.
Əvvəllər nikahda olan və sonradan boşanan şəxslər şəxsiyyət vəsiqələrində dəyişiklik etmədən qeydiyyat şöbələrinə yenidən evlənmək üçün müraciət etdiklıəri halda, müraciətiniz qəbul olunmur. Şəxsiyyət vəsiqəsinin arxa tərəfində göstərilən ailə vəziyyəti bölməsinin müvafiq şəkildə dəyişdirilməsinə diqqət etmək lazımdır.
18 yaşı tamam olmayan şəxslərin nikaha daxil olması
Yuxarıda göstərilən sənədlərdən əlavə olaraq nikah yaşına çatmayan şəxsin (nikah yaşı 18 yaş müəyyən olunub) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) İcra Hakimiyyətinin sərəncamı lazımdır. Qanun sadəcə üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin nikahı
Əcnəbilərin və ya Azərbaycan vətəndaşlığı olmayan şəxslərin nikaha daxil olması üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə lazım olan sənəd – onların şəxsiyyətini təsdiq edən sənədlərdə subay olduğu qeyd olunduqda və ya ailə vəziyyəti barədə heç bir qeyd olmadıqda, onların vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanları tərəfindən verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayışdır. Əcnəbilərdən tələb olunan ailə vəziyyəti haqqında arayış onların subaylıqlarını sübut edən sənəddir. O halda ki, əcnəbi vətəndaş əvvəllər evli olub və sonra evlilik bitib, bu zaman əcnəbi vətəndaş daimi yaşadığı və ya vətəndaşı olduğu ölkədən müvafiq qaydada hazırlanmış ailə vəziyyəti haqqında arayışı apostil sənədi ilə təsdiqlədib təqdim etməlidir. Evlilik əgər ölüm və ya boşanma səbəbi ilə bitibsə, bu iki halı sübut edəcək sənədləri müvafiq qaydada apostil sənədi ilə təsdiqlədib müraciət etməlidir. Ayrıca Azərbaycanda qeydiyyatda olduğu rayonlardan tibbi arayışı almalıdır. Miqrasiya şöbəsindən onlara verilmiş sənəd onların şəxsiyyətini təsdiq edən bir digər sənəddir. Əcnəbi vətəndaşlar, Azərbaycan vətəndaşlarından fərqli olaraq, nikah üçün müraciət etdikləri zaman onlara lazım olan sənədlər tibbi arayışdan əlavə, subaylıq haqqında arayış və miqrasiyadan aldıqları bildiriş sənədidir. Əcnəbi vətəndaşlar üçün ən vacib məsələ daimi yaşdıqları ölkədən və
ya vətəndaşı olduğu ölkədən aldıqları sənədləri lazımı qaydada apostil sənədi ilə təsdiqlətmələridir. Əks halda onların aldığı sənədlər Azərbaycanda leqal sənəd kimi tanınmayacaq.
Nikahın bağlanmasına mane olan hallar
Aşağıdakı hallarda nikahın bağlanmasına yol verilmir:
– yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
– övladlığa götürənlər və övladlığa götürülənlər;
– ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
– tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
– ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Həbsdə olan şəxslər üçün nikaha daxil olma prosedurlarını müvafiq cəza çəkmə orqanları özləri yerinə yetirirlər.
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluq idarələrində bağlanır.\\\Bizimyol.info
Tarix: 02 may 2019
Baxış: 961

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş