Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
“Onlar monitor arxasında şirə dönən səviyyəsiz adamlardır”

“Tanınmış və istedadlı bəstəkar, müğənni, eyni zamanda son zamanlar şairə kimi tanına Elza Seyidcahan sözsüz ki, müasir incəsənət aləmində qatqıları ilə yadda qalıb. Elza xanım digər müğənni və şairlərdən fərqli olaraq, daha avanqard, dövrü üçün qəbul edilməsi caiz olmayan formalardan istifadə etməklə Azərbaycan ictimaiyyətinə təsir edə bilir”. Bu sözləri Yenisabah.az-a tanınmış kulturoloq, yazıçı Aydın Xan Əbilov deyib. Son günlər Elza Seyidcahanın yazdığı şeirlərə görə daş-qalaq edilməsi barədə danışan yazıçı bunun yolverilməz olduğunu bildirib:
“Nə qədər qəribə səslənsə də, vaxtilə Elza Seyidcahanın heyvanlara konsert verməsini qəbul edə bilməyən bizlər bu gün ətraf mühitin qorunması ilə bağlı keçirilən COP-29 tədbirini alqışlayırıq. Elza xanım həm də ictimai, mədəni həyatımızda çox aktiv mövqe bildirən sənətçi kimi də tanınır. Təəssüflər olsun ki, onun bu qədər dəyərli işləri, eyni zamanda 2 dəfə depuatatlığa namizəd olması heç kimi o qədər də maraqlandırmır. Amma onun şeirlərindəki mənanı bir neçə yerə yozan qara kütlə sənətçinin qara PR-nı aparır. Sözsüz ki, onun yazdığı şeirlərə münasibət birmənalı deyil, hər kəs öz düşüncəsinə, dünyagörüşünə, estetik zövqünə uyğun olaraq onları qiymətləndirə bilər.
Mənimsə fikrim fərqlidir, düşünürəm ki, Azərbaycan ədəbiyyatının bu qolu da inkişaf etməlidir. Elza xanım bu mənada çox böyük addımlar atır. Vaxtilə Şərq ədəbiyyatında “1001 gecə”, Avropa ədəbiyyatında “Dekameron”, Hind ədəbiyyatında erotik və pornoqrafik səhnələrlə dolu əsərlər olub. Eyni zamanda, bizim bir çox şairlərimizin yaradıcılığında erotik məzmunlu yaradıcılıq nümunələri olub. Bunlar yalan deyil, hamısı ədəbiyyat faktıdır. Mən demirəm ki, Elza Seyidcahan pornoqrafiya və ya erotik məzmunlu şeirlər yazıb, sadəcə onun obrazlı ifadələri kəskin olur. Bəzən hansısa məsələyə sərt münasibət bəsləyir. Bu da hazırlıqsız oxucu üçün qaranlıq qalır. Qaranlıq qalan məsələlər haqda isə min cür fikir söylənilə bilər. O, musiqidə olduğu kimi, son zamanlar ədəbiyyatda da qara dəlik kimi əsərlər yazmağa başlayıb. Qara dəlik kosmik hadisədir və alimlər hələ də sona qədər onu tədqiq edə bilməyiblər”.
A.Əbilov qeyd edib ki, Seyidcahanın şeirlərinin tənqid atəşinə tutulması ədəbiyyatdakı azadlığın məhv edilməsidir:
“Elza xanımın şeirlərində bəzən qıcıqlandırıcı, liberal fikirlər səsləndirilir. Bəlkə də yaradıcı adam olaraq o özü bilir ki, bu fikri nəyə əsaslanır, amma oxucular, xüsusən də bikar qalmış, monitor arxasında şirə dönən, intellektual səviyyəsi olmayan oxucular ona hücum etməyə başlayır.
Elza Seyidcahan Azərbaycan televiziya məkanında müəyyən mənada gücə və mövqeyə malik insandır. Tez-tez efirlərdə onun yaradıcılığı müzakirə obyektinə çevrilir. Biz müzakirə edə bilərik ki, onun şeirləri nə qədər faydalıdır, gənc nəslin zövqünə nə qədər təsir edir və s. Amma bu o demək deyil ki, Elza Seyidcahan çağdaş Azərbaycan ədəbiyyatında yoxdur. Artıq onun kitabları nəşr olunub. Yazdıqları əsərlərin bəziləri ilə razılaşa, bəziləri ilə razılaşmaya bilərik, lakin fakt budur ki, o, modern-avanqard şeir üslübu ilə yavaş-yavaş Azərbaycan ədəbiyyatını, söz sənətini müzakirə obyektinə çevirə bilir. Bu, çox önəmlidir.
Bu şeir formatından Rusiyada da, Amerikada da, Türkiyədə də var. Niyə biz bəh-bəhlə “Dekameron”u, “1001 gecə”ni oxuya bilirik, amma Elzanın müxtəlif yozumlarda erotik sayıla biləcək şeirlərini daş-qalaq etməliyik?! Ədəbiyyatda bir az azadlıq qalıb, onu da məhv etmək olmaz. Bu, çox təhlükəlidir. Şair həmişə azad ruhlu olmalıdır”.

Tarix: 20 sentyabr 2024
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş