Xəbər lenti
Reklam
İşsiz qalan taksi sürücüləri avtobusa cəlb olunacaq? - Nazirliyin təklifinə REAKSİYA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib. Bildirilib ki, məşğul olmayan sürücülərin avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var.
Bəs işsiz qalan taksi sürücüsünün avobusa yönləndirilməsi doğrudurmu? 
Mövzu ilə bağlı Redaktor.Az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, son zamanlar nəqliyyat sahəsindəki islahatları qənaətbəxş hesab etmək olar:
"Əvvəllər özbaşına hərəkətlər, qaydaların pozulması daha çox idi və ciddi problemlərə yol açırdı. Artıq taksi fəaliyyəti ilə bağlı aparılan islahatlardan sonra taksi sürücülərinin sayı azaldı. Həmçinin Yerüstü Nəqliyyat Agentliyinə yeni avtobuslar gəlir və sürücülərə ehtiyac yaranır. Buna görə də taksi sürücülərini avtobuslara yönləndirmək məntiqlidir. Ancaq avtobus sürücülərinin müəyyən kriteriyaları və tələbləri var. Bunlara cavab verən sürücülər avtobuslarda fəaliyyət göstərə bilərlər. Bu, əslində, işsiz sürücülər üçün fürsətdir".
Nəqliyyat eksperti Rauf Ağamizrəyev də mövzu ilə bağlı fikirlərini bölüşdü.
O qeyd etdi ki, ölkədə ümumi sürücü qıtlığı var və bunun fonunda taksi islahatları gedir:
"Əgər bir qrup taksi sürücüsü işsiz qalırsa, bu fürsəti dəyərləndirə bilər. Sadəcə müvafiq təlimlərdən keçməlidirlər. Çünki bu, məsuliyyətli peşədir, onlar can daşıyırlar. Bundan başqa fərqli ölçüdə avtobusların fərqli tələbləri də var ki, maaşlarına da birbaşa təsir edir. Ən uzun avtobusların sürücülərindən müxtəlif peşəkarlıq tələb olunur. 2015-ci ildən bəri ölkəmizdə avstriyalı mütəxəssislər tərəfindən "Test and Training" mərkəzi qurulub, həmçinin başqa təlim keçmə mərkəzləri var. Burada 23-65 yaş məhdudiyyəti var və minimum 3 illik təcrübə tələb olunur. Müvafiq sertifikatları keçdikdən, eyni zamanda təcrübəsi olduqdan sonra sürücülər burada iştirak edə bilirlər".
Ekspert gələcəkdə gözlənilən islahatlardan da söz açdı:
"Gələcəkdə gözlənilən hadisələrdən biri də odur ki, dövlət subsidiyası nəzərdə tutulan yeni biznes modeli daçıyıcıları işlənilsin. "Brutto müqavilə" modelinə keçid hər kilometrə görə daşıyıcılara subsidiya edilməyi özündə ehtiva edir. Həm də daşıyıcıların mailiyyə dayanıqlılığına gətirib çıxaracaq, xərclərini optimallaşdıracaq. Çünki gediş haqqı sayəsində həmin xərclər tam ödənilmirdi. Eyni zamanda Polşaya sürücü axını müşahidə olunurdu ki, bunun da önünü kəsə bilər. Çünki bu növ subsidiya sürücülərin maaşının artırılmasına da kömək edəcək. Həmçinin müəyyən güzəştlərin tətbiq edilməsi reallaşacaq. Yəni növbəti mərhələlərdə həm sürücü qıtlığını, həm də digər problemləri həll etmək olar".

Sevinc İBRAHİMZADƏ 

Tarix: 19 iyul 2024
Baxış: 81

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş