Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Məhərrəm ayında toy etmək olar? - ZİDDİYYƏTLİ AÇIQLAMA

Bəzi insanlar Məhərrəm ayında toy etməyin yasaq, günah olduğunu bildirsələr də, bu fikrin əleyihə olanlar da az deyil. Hərçənd Azərbaycanın əksər bölgəsində bu ay ərəfəsində yas tutulur. Buna əməl etməyənlərin başına gələn müsibətləri də məhz Məhərrəm ayında caiz olmayan şadlıqlarla əlaqələndirirlər.
Bəs Məhərrəm ayında toy etmək olar, yoxsa olmaz?
Bu barədə danışan ilahiyyatçı Tural İrfan Gender.Az-a bildirdi ki, "Məhərrəm ayında toy etmək olmaz" deyə bir qadağa yoxdur:
"Bir adət formalaşıb ki, bu ayda xeyir iş etmək olmaz. Bu, tamamilə dinin əksinədir. Müsəlman ümmətinin sayını azaltmaq üçün, nikah və nişan, əqd məsələlərini təxirə salmaq üçün fars uydurmasıdır. Bizə də Səfəvilər zamanı keçib. Səfəvilərə kimi Azərbaycanda Məhərrəm ayı bu gün Türkiyədəki Ələvilər qeyd etdiyi kimi sazla, səmah yallısı ilə qeyd edilib. Sonra bu işə siyasət qarışıb və zəncir, sinə vurmaq, qara bağlamaq, ələm gəzdirmək kimi xurafatlar meydana gəlib. Heç vaxt savadlı, ziyalı adamlar bu xurafata müsbət baxmayıblar. Amma qeyd edənləri nəzərə alaraq, Aşura günü çalğılı toy etmək ədəbə uyğun olmaz. Hərçənd ki, İslamda belə qadağa olmasa da, belə xurafat olsa da, qeyd edənlər var. Ona görə yaxşı olar ki, ehtiram olunsun. Bəziləri Məhərrəm ayında baş verən bədbəxt hadisələri gətirib ona bağlayırlar ki, guya kimsə toy etdi, kimsə xeyir iş etdi, ona görə bu baş verdi. Bunlar hamısı nağıldır, cəfəngiyyatdır. Sinə vuran, zəncir vurub baş yaranların 90 faizi İmam Hüseynin doğum-ölüm tarixlərini belə bilmir. Kərbəlada şəhid olan 150 nəfərin adlarını bilmir. Çünki bu ayini təşkil edənlərə belə lazımdır. Ona görə ki, insanlar maariflənsə, bu əməllərin xurafat olduğunu anlayıb nəzir verməyəcəklər. Ruhanilərə pul lazımdır, onu da Məhərrəmlik ərəfəsində toplayırlar. İmamı biznes alətinə çeviriblər, əsir götürüb inhisara alıblar".
İlahiyyatçı öz fikirlərini Peyğəmbərin sözləri ilə əsaslandırdı:
"Peyğəmbər buyurur ki, xeyir işlərə tələsin. Əhli-Beyt özü Kərbəla şəhidlərinə 3 gün yas tutublar. İndikilər onlardan çox sevir imamları? Əlbəttə ki, xeyr. Peyğəmbərin övladı İbrahim uşaqkən vəfat etdi, o, əsla belə matəm qurmadı. Dəfn edərkən Günəş tutuldu, xurafat əhli dedi ki, bu hadisə uşağın ölümü ilə əlaqədardır. Peyğəmbər isə qətiyyən belə olmadığını bildirib izah etdi ki, təbii hadisələri belə işlərlə bağlamaq olmaz. Əgər toyda kimsə zəhərlənibsə, bunun səbəbi köhnə qidalar, yaxud da təxribat ola bilər. Belə hadisələrin Məhərrəm ayı ilə əlaqəsi yoxdur. Qeyri-müsəlmanlar onda gərək hamısı şikəst olaydı. Çünki Məhərrəm ayında toy da edirlər, başqa işlər də. Əksinə kim ki, Məhərrəm ayında xeyir işləri qadağan edirsə, onlar nakam və geridə qalırlar. Məhərrəm ayında sinə vuranlardan kim bir elmi kəşf edib, bəşəriyyətin nicatı üçün bir texnika icad edib? Heç kəs. Bütün elmi nailiyyətlərin müəllifləri başına vurmayanlardır. Hər il başa vurmaq başda travma yaradır və əsəbləri pozur, zehni inkişafı saxlayır".
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli isə öz açıqlamalarında Məhərrəm ayında sevinməyin belə haram olduğunu vurğulayır:
"Bəzi insanlar bir ərəbin öldüyünə görə ona yas saxladıqlarını deyirlər. Bu, yalnışdır və savadsızlığın əlamətidir. İmam Hüseyn peyğəmbər nəvəsidir, o, haqq və ədalət, qardaşlıq uğrunda şəhid olub. Şəhid hansı ölkənin, haranın şəhididir deyə bir anlam yoxdur. Quranda şəhidliyin necə əzəmətli olması haqqında danışılır. İmam Hüseyn bütün mənsəblərin ortaq dəyəridir. Şəhidlərə yas saxlamaq bizim inancımızdan irəli gəlir. Bu səbəblərdən Məhərrəm ayında toy etmək icazəli deyil. Bu, şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir".

Sevinc İBRAHİMZADƏ

Tarix: 17 iyul 2024
Baxış: 73

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş