Xəbər lenti
Reklam
"Savadı az olan müəllimlər məktəblərdən uzaqlaşdırılacaq" - AÇIQLAMA

Builki sertifikasiya imtahanlarında 4 030 müəllim keçid balını toplaya bilməməsi cəmiyyətdə böyük rezonansa səbəboldu. Xüsusən də bu müəllimlərə ikinci dəfə sertifikasiya imtahanında iştiraka şans verildiyi halda lazımi ballarıtoplaya bilməməsi qınanıldı. Sosial şəbəkələrdə gedən müzakirələrdə əksər insanlar bu müəllimlərin adlarının açıqlanmasının vacibliyini vurğulayır. 
Mövzu ilə bağlı Redaktor.Az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, sertifikasiyadan keçməyənmüəllimlərin pedoqoji fəaliyyətdən uzaqlaşdırılması son illərdə təhsil sahəsində keyfiyyət dəyişikliyinə səbəb olacaq ən vacib qərarlardan biridir:

Picture background

"Sertifikasiya qaçılmazdır, hərçənd əvvəldən həyata keçirilsəydi, daha yaxşı olardı. Bu il imtahandan 4 mindən çox müəllimin uğur qazanmaması cəmiyyətdə müzakirə mövzusu oldu və böyük rezonans doğurdu. Çünki biz hər zaman müəllimi öz sahəsi üzrə peşəkar görməyə öyrəşmişik. Sertifikasiya sualları kifayət qədər normal idi və çətinlik səviyyəsi yüksək sayılmazdı. Mən hesab edirəm ki, növbəti illərdə sertifikasiya imtahanının sualları daha da çətin olacaq. Bu baxımdan hazırda xeyli müəllimin kənarda qalması sertifikasiyanın ilkin çağları üçün düşündürücüdür. Bunun səbəbləri müxtəlifdir, lakin mən burada həyəcan amilinə çox yer vermək istəmirəm. Çünki müəllim həm peqoqdur, həm də psixoloqdur və belə məsələlərdə psixoloji panelləri aşmalıdır".
Ekspert qeyd etdi ki, burada çox vacib faktor müəllim hazırlığı həyata keçirən müəssisələrdə, kollec və universitetlərdə tədrisin keyfiyyəti ilə bağlı zaman-zaman mövcud olmuş məqamlardır: 
"Əvvəllər tələbə qəbulunda kolleclərdə xeyli xoşagəlməz faktlar olub. Ən kobud şəkildə desək, küçədən keçən bir adam müəyyən qədər pul əldə edib rüşvət müqabilində kollecdə tələbə ola bilirdi. Təbii ki, bu vəziyyət təxminən 10 il öncəyə qədər davam edirdi, qanunsuz tələbə köçürmələri kifayət qədər idi. Ancaq indi nə yaxşı ki, bunun qarşısı alınıb. Beləliklə, əvvəlki illərdə pedoqoji kolleclərdən məzun olan, zamanında Müəllimlər İnstitutununa rəhbərlik edən şəxslərin qanunsuz əməllərinin qurbanı olan şəxslər məktəblərə doluşmuşdular. Müəllimlərin işə qəbulunda son illərdə mərkəzləşmiş vahid imtahan keçirilir. Amma əvvəllər zootexnik iş tapa bilməyəndə ixtisasını dəyişirdi və asanlıqla "müəllim" ola bilirdi. Bütün bunlar da təhsilin keyfiyyətinə zərər verirdi".
İ.Orucovun sözlərinə görə, sertifikasiya imtahanının nəticələri ali təhsil müəssisələrində mövcud olmuş qanunsuzluqların ifadəsidir:
"4 mindən çox müəllimin kəsilməsi övladlarımızı şikəst edən şəxslərdən xəbər verir. İş tapa bilməyən adamın müəllim işləməsi absurddur. Müəllim ən yüksək səviyyədə biliyə malik olmalıdır. Xüsusilə kolleci bitirən şəxslərin gəlib ibtidai sinif müəllimi işləməsi ilə bağlı ciddi addımların atılması vacibdir. Bununla bağlı nazirin də fikirləri çox sağlamdır ki, gələcəkdə müəllimlər ən azından magistr təhsili almış olsun. Həmin müəllimlərin adları açıqlanmasa da, əsas odur ki, tədrisdən kənarlaşdırılıblar. Lakin bu gerçəklik pedoqoji kadr hazırlığındakı boşluqlardan, qüsurlardan meydana çıxıb. Əminəm ki, növbəti illərdə sertifikasiya imtahanlarının davamı gəldikcə savadı az olan müəllimlərin məktəblərdən uzaqlaşdırılmasının şahidi olacağıq. Ən azından təhsilin keyfiyyəti bu yolla təmin oluna bilər".
İmtahandan kəsilən müəllimlərin adlarının açıqlanması ilə bağlı isə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirildi ki, bu, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa zidd olduğu üçün, paylaşılmır.

Sevinc İBRAHİMZADƏ

Tarix: 12 iyul 2024
Baxış: 86

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş