Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Müasir toy prosedurlarımız: Kimi bunu rudiment sayır, kimi gərəkli...

Toy adətləri dünya mədəniyyətinin tərkib hissəsidir. Azərbaycanın da özünəməxsus toy adət-ənənələri var. Xalqımızın ən qədim toy adət-ənənələri "elçilik”dən başlayır. Evliliyin bünövrəsi, təməli olan "elçilik” iki gün davam edir. İlk öncə qadınlar, ardıncada kişilər qız evinə qonaq gəlib qızı istəyir.
Nişandan sonra bayramlıqlar, evbəzəyi, qız toyu, xınayaxdı, çiyər axşamı, oğlan toyu və bəy axşamı... Hətta bu adətləri son illərdə Avropa ölkələrinə qədər uzatmışıq. 
İllərdir xalqımız bu məclislərin hər birinə ətək-ətək pul xərcləyir. İki nəfərin evlilik prosesində bu qədər izafi məclis kimə lazımdır?
Sosiloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında toy edənlərin həddindən artıq xərcə yol verdiyini qeyd edib:
"Toylarda təmtəraq çoxdur, israfçılıq daha çox diqqəti çəkir. Kifayət qədər lazımsız xərclər var. Hər kəs də həmin xərcləri təkrarlayır. Ümumiyyətlə, ailə qurulması prosesində sadələyin tərafdarıyam. Biz belə düşünürük ki, toyumuzda təmtəraq nə qədər çox olsa, orada müğənnilər daha baha qiymətə ifa etsələr, övladlarımız daha xoşbəxt olacaqlar. Ay cəmiyyət, xoşbəxtlik belə şeylərlə ölçülmür. Əgər biz övladlarımızın xoşbəxt olmasını istəyiriksə, onların mənəvi dəyərlərinə diqqət ayırmalıyıq. Bu gün mən övladıma toy edirəmsə və bunun üçün həddindən artıq borca girirəmsə, özümü yükləyirəmsə, bu səhfdir, lazımsızdır. Eybi yoxdur, qoy mənə qonum-qonşu desin ki, filankəs kasıbdır, imkansızdır, razıyam. Mən başqasının gözü ilə həyatımı yaşamamalıyam. Mən xoşbəxtliyimi başqasının gözündə görməmliyəm, başqasından asılı olmamalıyam. Bunu özünü inkişaf üzrə mütəxəssislərdə deyir. İnsan ümumiyyətlə, asılılıqdan qurtarıb müstəqil olmalıdır. Bu, çox vacib məsələdir. Mən bütün həyatımı başqasının gözü ilə tənzimləyirəmsə, xoşbəxt olmayacağamsa, daima stresdə, depresiyada olacamğasa, bu, kimə lazımdır? Özümü borca salıb təmtəraqlı toy etmək məcbiriyyətində deyiəm və bunu mənə heç kim məcbur edə bilməz”.


Yazıçı Pərviz Cəbrayıl da tanışlıqdan evliliyə kimi uzanan xərcləri artıq hesab etdiyini vurğulayıb:
"Çox artıq şeylərdir. Ailə qurulmamış onun bünövrəsinə atom bombası yerləşdirməkdi bu rudiment "adətlər". Əslində ibtidai və klassik formalarında bunlarda pis bir şey olmayıb. Sadə, bir oba içində, əyləncəli, məsrəfsiz. İndi işbazlar bunları öz gəlirləri üçün elə şəklə salıblar ki, həmin proseslərdən keçən gələcək ailələrin möhkəm olacağına inanmaq sadəlövhlük olardı. Cütlüklərin niyyəti qalır qıraqda, hər şey "adətə”, yəni əslində qondarma kapitalist tələlərinə uyğun baş verir, hər şey elgözünə, hampa-havar nə deyər kimi gərəksiz meyarlar zəhlə tökür. Bir cütlüyün səaditini yox, kənardakıların nə deyəcəyini dərd edirik. Nəsə kimsəninkindən geri qalmasın deyə icra edilən proseslər elə bu başdan bəylə gəlinin pozuluşmasına, qudaların bir-biriylə düşmən kəsilməsinə səbəb olur. Ancaq pozuluşmaq da olmur, yenə başqalarını düşünürük: camaat nə deyər?.. 


Dərd ondadır ki, bütün bunlara ikrahla baxan adamlar belə zorən kapitalistlərin, işbazların tələsinə düşməyə məcbur olur. Əks halda bir ailənin təməli qoyulmamış dağılacaq deyə hamı geri çəkilir. Əslində isə elə bu məqada izdivacların pozulması məsləhətdir. Ümumiyyətlə, xeyir və şər qardaş olduğu kimi, Azərbaycanda yas və toy mərasimləri də ata bir, ana bir qardaşdır və ikisi də çox ürəkbulandırıcıdır”.
Şair Qəşəm Nəcəfzadə deyir ki, bu məclislər elə-belə yaranmayıb:

 

"Bunlar ailələrin tanışlıq məqsədi daşıyır. Ailəsinə, süfrəsinə, mədəniyyətinə, qonaqpərvərliyinə, səmimiyyətinə inanmaq üçün əsas şərtlərdir. Bunlar bu tədbirləri elə-belə fikirləşməyib, hərəsinin bir mənası var. Hətta əvvəllər oğlanın sağlamlığını yoxlamaq üçün ona düyünlü kötük verərdilər. Buna artıq xərc deyirlər. Mən belə düşünmürəm. Ailəni tanımaq və qorumaq üçün bir sınaq müddətidir. Ayrılanlar da olur. Bunlar niyə ayrılır? Məhkəmələr bəzən səsli-küylü olur. Birinci hay-küy qızın gətirdiyi cehizə görədir. Cehiz olmasa, qız tez də ata evinə gedərdi, yaxud da oğlan evi qıza çoxlu daş-qaş alır. Onun qaytarılmasında narazılıq yaranır. Bu da səs-küy qoparır. Düşünürəm, az cehiz olsun, daş-qaş da həmçinin. Məclislərdə qız evi oğlan evini daha tez və yaxşı tanıyır. Məncə, bu tədbirlər gərəklidir”.

Bahar Rüstəmli

Tarix: 07 iyun 2024
Baxış: 108

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş