Xəbər lenti
Reklam
Azərbaycanda kişilər pensiyaya çatmadan niyə ölür? - SENSASİON SƏBƏB

Azərbaycanda ötən il ərzində 60 min 810 nəfər vəfat edib.

Onların 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib. Kişilərin isə 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan vəfat ediblər. Qeyd edək ki, 1 iyul 2020-ci tarixindən etibarən Azərbaycanda kişilər 65 yaşından sonra pensiyaya çıxırlar. 

Ümumiyyətlə, son illər pensiya yaşı geniş müzakirə mövzusuna çevrilib. Hətta bununla bağlı millət vəkili Musa Quliyev deyib ki, dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır, əksinə, pensiya yaşının yüksəldilməsi müzakirə edilir:

“Çünki uzun ömür artır. Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq, 2040-cı ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur”. 

Ancaq bəzi mütəxəssislər bu fikirdədir ki, bir sıra dünya ölkələrində pensiya yaşının artmasına baxmayaraq, həmin ölkələrdə uzunömürlülük var. 

Bizdə isə hazırda əksinədir. Ölkəmizdə ömrün uzanması hələ ki, müşahidə edilmədiyinə görə mövcud statistika davam edərsə, pensiya almadan vəfat edən kişilərin sayı daha da artacaqmı? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirib ki, əgər bu qədər pensiya yaşına çatmamış insanlar, xüsusilə kişilər vəfat edirsə, onların pensiya kapitalının idarə olunması ilə bağlı yeni qanuna təcili ehtiyac yaranıb:

“Çünki həmin insanların bir çoxu işlədiyi dövrdə Dövlət Sosial Müdafiə Fonduna minlərlə manatlıq vəsait ödəyib. Həmin vəsaitə onun ailə üzvlərinin və varislərinin birbaşa çıxış imkanı, hüququ olmalıdır. Yəni iqtisadi baxımdan əsas bu məsələyə baxılmalıdır”. 

Həkim-terapevt Rasif Bağırov isə bildirib ki, ölkədə kişilərin sayı qadınlardan çoxdur:

“Dünyanın hər yerində qadınlar 53-54 faiz , kişilər isə 46-47 faiz təşkil edir. Ancaq sonra selektiv abortlar, ailədə oğlan uşaqlarına üstünlük verilməsi ilə bağlı son illər Azərbaycanda kişilərin sayı qadınları üstələyib. Qadınlar hər zaman kişilərdən uzunömürlü olur. Bu amil də vəfat edən edən kişilərin sayına təsir göstərir. Bundan başqa, kişilərin 47 faizinin pensiya yaşına çata bilməməsi göstərir ki, biz orta ömür müddətinə görə (ümumiyyətlə, Avropa ilə müqayisə olunmur), digər bizim səviyyədə olan dünya xalqlarından da geri qalırıq. Çünki həyat şəraiti ağırdır, insanların dolanışığı çətindir və daim əsəb gərginliyi içərisində yaşayırlar. Bütün bunları nəzərə alanda, bizdə insanların 65 yaşına çatması bir qədər çətindir”. 

Həkim maraqlı bir məqama da toxunub:

“Bundan əlavə, bir müddət əvvəl ölkəyə bioloji aktiv maddələr gətirirdilər. Yaşlı insanlar həmin bioaktiv maddələrdən istifadə edirdilər. Tibbdə Gerontologiya deyilən bir elm var. Gerontologiya qocalarla məşğul olan tibb sahəsidir. Burada 50 faiz dərmanlardırsa, 50 faizi isə bioaktiv əlavələrdir ki, onlardan istifadə edilməlidir. 

Ancaq bizim ölkəmizə rəsmi qaydada bioaktiv əlavələrin daxil olmasını qadağan ediblər.

İnsanlar bioaktiv əlavələri xaricdən müxtəlif yollarla gətirirlər. Böyük əksəriyyət insanlar var ki, bioaktiv əlavələrin nə olduğunu bilmirlər. Orada da rəsmi dairələr bu barədə məlumat vermirlər. İnsanların belə məsələlərdən məlumatsız olması, tibbi informasiyaların o qədər də olmaması bizdə ümumi yaşayış səviyyəsinin az olmasının əsas səbəblərindən biridir”. 

Tarix: 15 aprel 2024
Baxış: 70

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş