Xəbər lenti
Reklam
Xaçatryanın cəzası azaldıla bilər?

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
İş üzrə məhkəmə baxışı 2024-cü ilin yanvarın 7-nə təyin edilib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vaqif Xaçatryan 15 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Qeyd edək ki, 1991-ci ildə baş verən Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
 
Mövzu ilə bağlı “Sherg.az”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Vaqif Xaçatryanın etdiyi cinayətlərə görə cəzası daha ağır olmalı idi: 


“Azərbaycan hüquqi, demokratik dövlətdir və hərkəsin konsitutusiya ilə verilən hüquqları var. Burada söhbət yalnız Azərbaycan vətəndaşlarından getmir. Azərbaycan ərazisində cinayət törədən şəxslər də  məhkəmələrin bir neçə pilləli olmasını nəzərə alaraq şikayət etmək hüququna malikdirlər. Xaçataryan nə qədər böyük cinayət törətsə və çox ağır maddələrlə ittiham olunsa da, ona qarşı birinci instansiya məhkəməsi tərəfindən verilən qərardan şikayət etmək hüququ var. O, sözügedən hüququndan istifadə edərək cəzasının azaldılması üçün apelasiya məhkəməsinə müraciət edib. Azərbaycan cəmiyyətində ona ömürlük cəza veriləcəyi ilə bağlı xəbər yayılırdı. Onun ən ağır cəzalarla üzləşməsini istəmək barədə haqlıdırlar. Amma Azərbaycan Məhkəməsində yaşın 65 dən yuxarı olması, eyni zamanda cinayətin törədildiyi dövrdə qüvvədə olan qanunlar nəzərə alınır. Vaqif  Xaçataryanın törətdiyi cinayət əməlləri həmin zamanda qanunvericilikdə hansı sanksiyaları nəzərdə tuturdusa, ondan artığını vermək olmur. Bu baxımdan Azərbaycan Məhkəmələri tərəfindən Vaqif Xaçataryana verilən cəza tam qanuna uyğunlaşdırılan qərardır. Amma cəzanın Apelasiya Məhkəməsində azaldılması ehtimalı sıfıra bərabərdi”.

Tarix: 25 dekabr 2023
Baxış: 113

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş