Xəbər lenti
Reklam
Elm üzrə Nobel mükafatı alan ilk müsəlman alim - Əbdus Salam

Əbdus Salam dost və qardaş ölkə Pakistanda, həmçinin, müsəlman dünyasında elm üzrə Nobel mükafatı alan ilk müsəlman alimdir. O, 1926-cı ildə Pakistan və Hindistanın hələ ayrılmadığı dövrdə müsəlman bir ailənin övladı olaraq Pəncab bölgəsindəki kiçik bir qəsəbədə dünyaya gəlmişdir.
Hələ dörd yaşında ikən yazıb-oxumağı öyrənən Əbdus Salam məktəb illərinə dair bir xatirəsində belə deyir: "Fən müəllimimiz bizə yerin cazibə qüvvəsindən bəhs etmişdi. Maqnetik təzyiqi də bir maqnit vasitəsilə öyrənmişdik. Müəllimimiz bizə elektrik qüvvəsinin də olduğunu söylədi. Ancaq onun bizim məktəbimizə gəlib çatmadığını, bölgəmizin ən inkişaf etmiş şəhəri Lahorda olduğunu deyəndə kədərləndik. Müəllimimiz bizə nüvə qüvvəsinin də olduğunu bildirdi və əlavə etdi ki, o heç Lahorda da mövcud deyil, o yalnız Avropada mövcuddur. Bu qüvvə bizdən çox uzaqda olduğu üçün diqqətimizi cəlb etmədi". Sanki Əbdus Salamın bu xatirəsi həm də onun həyatındakı əsas dönüş nöqtələrini əhatə edir.
Əbdus Salam orta məktəbi bitirdikdən sonra çətin imtahanlardan keçərək Lahor Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil oldu. O dövrdə Əbdus Salamın bu uğuru hindlilərlə birgə yaşayan müsəlman əhalisi üçün nadir bir hadisə idi.

Dövlət təqaüdü ilə Kembric Universitetində oxuması...
Pakistan qanlı bir mübarizədən sonra 1947-ci ildə ingilis koloniyası olan Hindistandan ayrılaraq müstəqil bir dövlət olmuşdu. Gənc Pakistan dövlətinin Avropada təhsil almış insanlara ehtiyacı var idi. Əbdus Salam bu proqramlar çərçivəsində açılan dövlət təqaüd imtahanında qalib gəlmiş və Kembric Universitetində təhsil almaq hüququ qazanmışdı. O ilk dəfə Kembric Universitetinə gələndə əslən ingilis olan tələbə yoldaşları ilə bağlı təəssüratlarını belə qeyd edir: "İngilis tələbələrlə mənim fərqim ondadır ki, onlar məndən bir-iki yaş kiçik və onlar Nyutonun ölkəsindən idilər".
Əbdus Salamın o günlərdə xüsusilə nəzəri fizika üzrə bu cür əhəmiyyətli elm mərkəzinin cazibəsindən təsirlənməməsi qeyri-mümkün idi. Beləcə, o, nəzəri fizik olmağa qərar verdi (1949). Əbdus Salam həm tələbəlik illərində əldə etdiyi nailiyyətlərlə, həm də nəzəri fizikanın aktual problemləri üzərində apardığı araşdırmalarla özünü qısa müddətdə fizika aləminə tanıtdı.

Pakistana dönüş və yaşanan çətinliklər
Əbdus Salam doktorantura təhsilini tamamladıqdan, həmçinin, təqaüd müddəti bitdikdən sonra 1951-ci ildə Pakistana qayıtdı. O, təhsil aldığı Lahordakı dövlət universitetinin riyaziyyat fakültəsində işləməyə başladı. Ancaq o özünü Lahorda xoşbəxt hiss etmirdi. O dövrdə universitetdə nə nəzəri fizika üçün lazım olan bir kitabxana, nə də nəzəri fizikanın inkişafını müzakirə edəcək bir şəxs var idi. Bir sözlə, universitetdə sürətlə inkişaf edən nəzəri fizika sahəsindəki yenilikləri izləyə biləcək heç bir şərait yox idi. Ən pisi isə universitetə "yararsız" olduğu üçün bir qrup "alim" Əbdus Salamı təhsil ocağında istəmirdi. Hətta, o işi ilə əlaqəsiz bir sahəyə təyin edilmiş, fakültənin futbol üzrə məsul şəxsi seçilmişdi. Eyni zamanda Əhmədiyyə Müsəlman Camaatına (digər adı ilə Qadiyanilik) üzv olduğu üçün onun Lahorda qalması müxtəlif çevrələr tərəfindən xoş qarşılanmır, hətta qulağına öldürülməsi barədə söz-söhbətlər belə gəlib çatırdı.

Ölkəsində qərib qalan alim...
1974-cü ildə Pakistan Parlamentinin etdiyi konstitusiya dəyişikliyi ilə Əhmədiyyə Müsəlman Camaatının (digər adı ilə Qadiyanilik) üzvləri qeyri-müsəlman qəbul edildilər. Bununla yanaşı, Əbdus Salamın da üzvü olduğu bu qrupun mənsubları müsəlman olduqlarını müdafiə edirdilər. Onların ibadət yerlərinə məscid demələri və əzan oxumaları qadağan edilmişdi. Bu cərəyana üzv olmağın cəzası hətta ölüm hökmünə qədər gedib çıxırdı. Yaşanan bu hadisələrdən sonra Əbdus Salam ölkəsində artıq milli qəhrəman deyil, bir "dinsiz" elan edilmiş, adı məktəb kitablarından çıxarılmış, mətbuat ondan bəhs etməməyə və yavaş-yavaş unudulmağa başlamışdı.
Yeri gəldiyinə görə hadisələri qabaqlayaraq onu da qeyd edək ki, bu məsələ o həddə gəlib çatdı ki, Əbdus Salam illər sonra vəfat edəndə məzarı üzərində yazılan "first müslim nobel laurate" (ilk müsəlman Nobel mükafatı laureatı) ifadəsindəki müsəlman hissəsi məhkəmə qərarı ilə silindi.

Yenidən İngiltərəyə dönüş...
Əbdus Salam ölkəsində yaşadığı hadisələr, həmçinin müsəlman ölkələrindəki elmin vəziyyəti ilə bağlı bir çıxışında belə demişdir: "Torpaqlarımızda qurulmuş heç bir beynəlxalq elmi araşdırma mərkəzi yoxdur. Çox nadir hallarda beynəlxalq elmi konfranslar təşkil edilir, ölkəmizdə yaşayan və elmi araşdırmalar aparan insanların çox az hissəsi xaricdəki elmi konfranslarda iştirak edir. Hətta bu cür səyahətlər lazımsız bir səyahət hesab edilir. Ölkəmdə (Pakistanda) uzun müddət müəllimlik etsəm də, 25 il əvvəl belə bir təcridlə əlaqədar ölkəmdən ayrılmaq məcburiyyətində qaldım. Bu, çox çətin bir seçim idi. Ölkəmdə qalmaqla, ölkəmi tərk edərək fizika sahəsində araşdırmalarımı davam etdirmək arasında seçim etməli idim. Qəlbimdə dərin bir acı hiss edərək, ikincisini seçdim". O bu qərarı ilə yenidən İngiltərəyə qayıtmış və oradakı fiziklər ona qucaq açmışdılar. Beləcə, Kembric Universitetində elmi araşdırmalarına davam etmişdir.

Nobel çıxışı...
Əbdus Salamın ortaya qoyduğu elektrozəif qüvvət nəzəriyyəsi 1979-cu ildə fizika sahəsindəki ən prestijli mükafat olan fizika üzrə Nobel mükafatını qazanmasına səbəb olmuşdur. Əbdus Salam 1980-ci ildə İsveçin Stokholm şəhərində Nobel mükafatını alarkən etdiyi çıxışda Qurandan ayələr oxumuşdur. O, həmin çıxışında qeyd edirdi ki, oxuduğu ayədə buyurulan həqiqətlər, əslində, bütün fiziklərin inancıdır. Elmdə nə qədər dərinə getsək, marağımız, heyrətimiz bir o qədər artır. Nə qədər araşdırma aparsaq, qüsursuz bir kainatla qarşılaşırıq. Bu mənzərə baxışlarımızı, gözlərimizi qamaşdırır. Əbdus Salam Allahın (c.c.) yaratdığı bu kainatı bilmək marağının onu bu araşdırmalara sövq etdiyini bildirmişdir. Fizika üzrə Nobel mükafatı alan Əbdus Salam həmin çıxışında Mülk surəsinin 3-4-cü ayələrini oxumuşdur: "Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi? Sonra gözünü çevirib təkrar bax! Göz (görmək istədiyi nöqsanı tapa bilməyib) aciz və yorğun bir halda sənə dönəcək" (Mülk, 67/3-4).

İslam aləminin xiffətini çəkməsi
Əbdus Salam qeyd edir ki, Quranın yeddi yüz əlli ayəsi (təxminən səkkizdə biri) inananları təbiəti araşdırmağa, ağıllarını həqiqət axtarışında ən yaxşı şəkildə istifadə etməyə, bilik əldə etməyi ictimai həyatın bir parçası halına gətirməyə sövq edir. Ancaq o, müşahidələrində müsəlman aləminin elmə biganə yanaşdığını görür, bunun xiffət və iztirabını çəkirdi. Bu haqda çıxışlarının birində belə demişdi: "Nə vaxt hansısa bir xəstəxanaya daxil olsam, pensilindən tutmuş haradasa bütün həyat qurtaran dərman və maddələrin üçüncü dünya ölkələrinin və ya İslam ölkələrinin heç bir əməyi olmadan istehsal edildiyini görür, bu mənzərə qarşısında qəlbimdə acı duyur və iztirab çəkirəm".
Nobel mükafatçısı Əbdus Salamın elmin inkişafı və uğurlu tətbiqi ilə bağlı fikirlərini öyrənəndə "Fraza" jurnalının əvvəlki sayında haqqında danışdığımız azərbaycanlı alim Xudu Məmmədovun bu haqdakı fikirləri ilə üst-üstə düşən məqamların olduğunu görürük. Əbdus Salam qeyd edir ki, bir sıra ölkələr elmi inkişafın, texnologiyanın güc mənbəyi olduğunu anlamış olsalar da, bunu əldə etmək üçün (səhvə yol verərək) kəsə yollar axtarışına düşürlər. Halbuki elmi inkişafı əldə etmək üçün kəsə yollar yoxdur. Elmin uğurlu tətbiqi üçün təkcə texnologiyanı transfer etmək kifayət deyil, elm və biliyi məhz həmin ölkədə istehsal etmək lazımdır.

Həqiqi inkişafın açarı...
Əbdus Salam elmin, texnoloji inkişafın nəticəsi olan məhsullardan istifadə etməyin həqiqi inkişaf olmadığını qeyd edir. Bunun adı olsa-olsa texnoloji məhsulların bazarı mövqeyindən çıxış etmək, son istifadəçi olmaq mənasına gələ bilər. Əbdus Salam müsəlmanların biliyi öz ölkələrində istehsal etmələrinin vacibliyini qətiyyətlə müdafiə edərkən bunun səbəbini təkcə Allahın (c.c.) biz insanlara bəxş etdiyi araşdırma duyğusu, ya da elmi inkişafın həm də maddi inkişafı gətirməsi ilə əlaqələndirmir. O həm də beynəlxalq aləmdə elm istehsal edənlərin bu karvandan kənarda qalanların heysiyyətini alçaltması, mənliyinə toxunması kimi alçaldıcı rəftarlarına tuş gəlməmək üçün elmə sarılmağı, elmi inkişafı əldə etməyi müstəsna bir iş və vəzifə olaraq görür.
Haşiyə çıxaraq eyni bu məsələ haqqında Xudu Məmmədov və tələbəsi Səlahəddin Xəlilov arasında keçən dialoqu burada vermək istəyirəm. Səlahəddin Xəlilov deyir: "Bir dəfə mən isbat etməyə çalışdım ki, biz Qərbin neçə yüz illər ərzində qalxdığı səviyyəni qısa bir müddətdə mənimsəyib onlarla yarışa bilmərik; ona görə də, optimal bir yol seçmək lazımdır. Bu yol isə Qərbdən hazır elmi nəticələri götürərək onların daha tez tətbiqinə nail olmaqdır. Görünür, mən həm də Yaponiya təcrübəsinə istinad edirdim. Lakin gözlədiyimin əksinə olaraq Xudu müəllim bu fikrə etiraz etdi və dedi ki, hər bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə, ancaq o qədər də götürə bilər. O vaxtdan neçə illər keçmişdir və bizim ümumi məhsuldan, dünya sivilizasiyasından daha çox pay götürmək iddialarımızın həmişə tərsinə çevrildiyinin şahidi olmuşam. Nəyi isə əvəzsiz almaq ancaq illüziya imiş. Elmi-texniki sahədə aldıqlarımızın bədəlini sən demə mənəviyyatımızla ödəyirmişik".

Pakistan üçün gördüyü işlər...
Əbdus Salam illər əvvəl ölkəsini acı bir şəkildə tərk etmək məcburiyyətində qalsa da, onun köməyi ilə 500-ə yaxın pakistanlı fizik, riyaziyyatçı və digər elm adamları doktorluq dərəcəsini almaq üçün Birləşmiş Krallığın və ABŞ-in ən nüfuzlu institutlarında işləmək və təhsillərini artırmaq imkanı əldə etmişdir.
1960-cı illərin əvvəllərindən Əbdus Salam Pakistanın Atom Tədqiqatları Agentliyinin - Atom Enerji Komissiyasının (PAEC) yaradılması uğrunda böyük işlər görmüşdür. O, həmçinin, Pakistanın prezidenti Əyyub Xanı inandıra bilmişdir ki, ölkədə milli aerokosmik agentlik yaratmaq lazımdır və 16 sentyabr 1961-ci il tarixli sərəncamla Kosmik və Yuxarı Atmosfer Tədqiqatlar Komissiyası (SUPARCO) yaradılmışdır. O, bu komissiyanın ilk sədri təyin edilmişdir. Əbdus Salam Pakistanda 1961-1974-cü illər ərzində prezidentin elm üzrə baş məsləhətçisi olmuşdur.
Əbdus Salam 1979-cu ildə aldığı Nobel Mükafatının öz payına düşən hissəsindən bir penni (İngiltərədə istifadə edilən ən kiçik bürünc sikkə) belə özünə və ya ailəsinə xərcləməmiş, bütün pulları inkişaf edən ölkələrdən olan fiziklərin ehtiyaclarının qarşılanmasına sərf etmişdir. Məlumdur ki, Əbdus Salam İslama sadiq olan adam olmuş və din onun həyatında yalnız bir guşədə yer tutmamışdır; onun işi də, ailə həyatı da dini inamla bir vəhdət təşkil etmişdir.
Bir çox ölkələrin elmlər akademiyalarının, o cümlədən SSRİ Elmlər Akademiyasının fəxri üzvü olmuşdur. Cenevrədə, SERN-də Əbdus Salam adına küçə var. Əbdus Salamın yaxın dostu, 1972-1991-ci illərdə Pakistan AEC-in (Atom Enerji Komissiyasının) sədri olmuş məşhur nüvə mühəndisi Münir Əhməd Xanın aşağıdakı sözləri çox ibrətamizdir: "Hətta biz pakistanlılar Əbdus Salama qarşı laqeyd olsaq da, bütövlükdə dünya onu daim yad edəcək".
Əbdus Salamın həyatı insanlara fürsət verildikdə elmə töhfə vermək işinin, əslində, hər bir xalqın nümayəndəsinin əlindən gələ biləcəyinin bir göstəricisidir. Onun həyatı, həmçinin, elmi cəhətdən geridə qalan ölkələrin elmi geriliyinin orada yaşayan insanların zehni geriliyindən deyil, oradakı təhsilin qeyri-kafi olmasından qaynaqlandığının onlarla, yüzlərlə sübutundan biridir.
Əbdus Salam 1996-cı ilin 21 noyabrında 70 yaşında İngiltərənin Oksford şəhərində vəfat etmiş, vəsiyyəti üzrə Pakistanda ailə məzarlığında dəfn edilmişdir. 1998-ci ildə Pakistanın nüvə testlərindən sonra Pakistan hökuməti Əbdus Salamın xidmətlərini qiymətləndirmək üçün onun xatirəsinə bir xatirə pulu çap etmişdir.

Fraza jurnalı,
Nazim Mustafayev
Tarix: 02 avqust 2023
Baxış: 245

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş