Xəbər lenti
Reklam
Fazil Mustafa: “Küçə itlərinin həmin ölkələrə göndərilməsi təklifi real və doğru deyil”

“Bu, müqayisə üçün deyilən bir ifadədir. Bunun şişirdilməsinə ehtiyac yoxdur”.
Gender.Az-ın məlumatına görə, bunu Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa deputat həmkarı  Tahir Kərimlinin itlərlə bağlı parlamentdə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. “Milli Məclisin iclaslarında hər bir deputat müstəqil şəkildə öz fikirlərini ifadə edə bilər. Ona görə də mən konkret bu fikrə şərh verməyi doğru saymıram. Amma mənim fikrimi bilmək istəyirsinizsə, bunun hüquqi yolları var. Küçə itlərinin yığışdırılması üçün onların saxlanma yerləri olur, orada quduzluğun qarşısını almaq üçün müayinə edirlər”,-deyə Fazil Mustafa qeyd edib.
O əlavə edib ki, malyariyaya qarşı bizdə sanitar epidemioloji işlər dəqiq aparılmalıdır: “Hər hansı bir xəstəliyin yayılması ilə bağlı qurumlar öz işlərini doğru qurmalıdırlar. Qaldı ki, küçə itlərinin Çinə, Koreyaya göndərilməsinə, burada bir az dəqiqləşməyə ehtiyac var. Çünki həmin ölkələrdə küçə itlərinin kəsib yeyilməsi barədə informasiya yoxdur. Onlar xüsusi növ itlərin bəslənib, qida məhsulu kimi istifadə olunmasını gerçəkləşdirirlər. Amma hər iti kəsib yemək kimi anlayış yoxdur. Məncə, bu ölkələrlə bağlı belə bir fikir doğru səslənmir. Ümid edirəm ki, bu müqayisə üçün deyilən bir ifadədir. Bunun şişirdilməsinə ehtiyac yoxdur. Küçə itlərinin həmin ölkələrə göndərilməsi real və doğru deyil”.
 Qeyd edək ki, Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib ki, regionlarda baxçaya, məktəbə gedən uşaqlar küçə itlərinin hücumuna məruz qalır. Bu hallar uşaqların qorxmasına, ölümünə səbəb olur:
"Müvafiq qurumlar bununla ciddi məşğul olmalıdır. Yığın o itləri, Koreyaya, Çinə satın, amma bir çarə tapın”.
Millət vəkilinin parlamentdə bu çıxışı ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

Afaq Mirayiq

Tarix: 01 iyun 2023
Baxış: 168

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş