Redaktor seçimi
    Rusiyada 100 milyon dollara 3 sanatoriya tikmək istəyən azərbaycanlı kimdir?
Xəbər lenti
Reklam
Gömrük Komitəsinin bu məlumatı müzakirələrə səbəb oldu – “Siqareti oğurlayan generallarınızı da paylaşın” - FOTO

Gömrük Komitəsinin gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkar olunması ilə bağlı yaydığı məlumat müzakirələrə səbəb olub.
Məlumatda bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının “CİP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən xeyli miqdarda müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Bu addıma görə sosial şəbəkə istifadəçiləri Gömrük Komitəsini sərt tənqid ediblər.
Tənqidi və ironik şərhlərin bəzilərini təqdim edirik: “Burada nə var ki? Şəxsi əşyalardır. Sadəcə, brend məhsullara oxşayır, bahalı görünür, vergi tutmaq istəyirler, amma belə sərgiləmək doğru deyil”, “Yaxşı, deyək ki, bəyan olmalıdır. Bu adam milyardları gizlətmir ki, orada uzağı 400-500 manatın söhbəti gedir. Onu müsadirə edib, şəklini çəkib paylaşırsınız. Elə bil böyük qəhrəmanlıq etmisiniz”, “Hörmətli Gömrük Komitəsi, DİN-in hər gün müsadirə etdiyi narkotik vasitələr gömrüyün nəzarətindən kənar necə keçir? Onları görmürsüz,bunu necə görürsüz?”, “Təbriklər, DGK! Tarix yazmısınız...”, “Müharibə vaxtı əsgərə göndəriləcək siqareti oğurlayan generallarınızı da paylaşın. Baxaq görək hansı daha böyük qəbahət işlədib? Bu etdiyiniz biabırçılıqdır”, “Ölkəyə gətirilən “şəpit”ləri aşkar edən gömrükçülər Azərbaycan iqtisadiyyatına vurulacaq külli miqdarda ziyanın qarşısın alıblar ki...”, “Burada qeyri qanuni nə var ki? Narkotik yox, silah yox”, “Bəlkə hər ay istifadə etmirəm 800 dollarlıq balansımı. İl ərzində bir dəfə istifadə etmək istəyirəm. İl ərzində 9600 dollarlıq icazəm yoxdur? Olmazmı bir dəfəyə istifadə edim?”, “Bu paylaşıma görə utanmalı və həmin vətəndaşdan qurum olaraq üzr istəməlisiniz!”, “Deməli, xaricə gedəndə özümüzə nəsə alıb gətirməyək? Bunu demək istəyirsiz? Biabrçılıqdır!”, “O qərarda yazılıb ki məhsullar gömrük orqanına bəyan olunmayanda camaatın şəxsi əşyalarının şəkilin çəkib internetdə paylaşmaq lazımdır?”, “Oturdunuz hesabladınız ki, 800 dollardır? 800 dollara o qədər şey olur? Bu vətəndaş gedib sizi məhkəməyə versə, Avropa məhkəməsinə qədər getsə, udacaq axı. Camaatın şəxsi əşyasını sərgiləyirsiz! Ar olsun sizə! Dərhal üzr istəyin!”, “Sayənizdə evimizdə rahat yatırıq”, “Ölkədən kənara hara gedirsən get, belə mənzərə yalnız burda ola bilər. Naxçıvanda baqajımı necə açdılarsa bütün geyimlərim (köhnə, yəni özümə məxsus) töküldü millətin ortasına. Ordakı utancımı anlatmağa kəlimələr yetməz”, “Çox böyük iş görmüsünüz”, “Utanmırlar, çəkib qoyurlar, nə güclü əməliyyat olub...”, “İmkan vermək olmaz vətəndaş rahat yaşasın. Halal olsun gömrük xidmətinə, bu milyonluq malı aşkar etdi”, “Çox operativsiniz, “qürurlandım””, “Sizə də bu yaraşır, belə də davam edin”, “Bu gün də Gömrük Komitəsinin yerinə utandıq”, “DGK, yaxşı etmisiniz, həmin vətəndaş gətirdiyi malları bəyan etməmiş satıb varlanacaqdı, sonra da, yəqin ki, bahalı maşın alardı özünə, varlı məmurlardan seçilməzdi. Axı sən sadə vətəndaşsan, niyə bəyan etmirsən?”, “Bu, o deməkdir ki, xaricə gediriksə, "shopping"dən uzaq qalaq. Əks halda aldıqlarımız bizə qismət olmayacaq”, “Məncə, bu paylaşımı silsəniz yaxşıdır, camaat sizə gülür”, “İnana bilmirəm ki, bu, Gömrük Komitəsinin paylaşımıdır. Yəqin, səhifə “hack” olunub”, “Gömrük köhnə rekordları yeniləyir”, “Mütləq içində alt paltarı da olub, sadəcə, paylaşmağa üzünüz gəlməyib, afərin!”, “Utanmaq yoxdur, dövlət qurumunun məşğul olduğu işə baxın”, “Halal olsun gömrüyümüzün keşiyində duran əməkdaşlara, siz olmasaydınız, inanın ki, bu ölkə ağ günə çıxardı...”, “Dövlət Gömrük Komitəsi, NK-nın 305 saylı qərarı çox absurddur. Daxildə istehsalı olmayan məhsulun idxalından rüsum götürmək, hər hansı ekvivalent müəyyənləşdirmək ondan da absurddur. NK-nın qurum olaraq fəaliyyəti dubl absurddur”, “Bəyan olunmayanda şəxsi əşyaların şəklin çəkib nümayiş edirlər? Hansı əsasla? Üzr videosu da çəkdirin, siz Allah”, “Ekvivalent çoxdu, məncə, 800 yox, 150 edin, dincələk”
Komitənin cavabı isə belə olub: “Nazirlər kabinetinin 305 saylı qərarına əsasən şəxsi istehlak üçün hər bir şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğində mal gətirə bilər. Həmin məbləğdən artıq olduqda isə məhsullar mütləq şəkildə gömrük orqanına bəyan olunmalıdır”.
Qeyd olunub ki, mövcud qanunvericiliyə görə hər bir şəxs bir təqvim ayı ərzində 20 qram qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazı güzəştli qaydada, yəni gömrük ödənişləri ödəmədən gömrük ərazisinə gətirə bilər.
Fotoları təqdim edirik:





Pravda.az

Tarix: 23 mart 2023
Baxış: 175

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş