Redaktor seçimi
    Xankəndidə ermənilər Azərbaycan vətəndaşlığı tələb edir: Araik-Ruben cütlüyü kütləvi prosesin qarşısında aciz qalıb
Xəbər lenti
Reklam
Ərdoğan Menderesin etdiyini etmək istəyir- Turan Rzayev

Türkiyədə seçkilərin tarixi bəlli olub. Prezident Rəcəb Tayyib Ərdoğan Bursada gənclərlə görüşündə seçkilərdə ilk dəfə iştirak edən gəncləri 14 mayda səsvermə zamanı düzgün seçim etməyə çağırıb. 
Beləliklə, 14 mayda Türkiyədə prezident və parlament seçkiləri eyni gündə keçiriləcək.
Ərdoğan Menderesin etdiyini etmək istəyir
Bundan öncə də R.T.Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyinə işarə etmişdi. Hər iki seçkinin məhz bu tarixə təyin edilməsi heç də təsadüfi deyil.
Məsələ ondadır ki, 73 il öncə 1950-ci il 14 may tarixində Türkiyənin keçmiş Baş Naziri Adnan Menderes “Bəsdir! Söz növbəsi millətindir” deyərək 27 il hakimiyyətdə olan İsmət İnönünün Cümhuriyyət Xalq Partiyasını (CHP) məğlub etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Adnan Menderesin edamının 55-ci ildönümündə mərhumu yad edərək, ona Allahdan rəhmət dilədi. Ərdoğan Adnan Menderesin ölkəsinə və millətinə göstərdiyi xidmətlərinə görə hər zaman hörmətlə xatırlanacağını bildirdi.
Bu çox ciddi detaldır və onu deməyə əsas verir ki, Ərdoğan mayın 14-də həm parlament, həm də prezident seçkilərində qələbə qazanaraq tarixi təkrarlamaq və CHP başda olmaqla  “Millət İttifaqı” üzərində qələbə qazanmaq istəyir.
CHP-dən Ərdoğana dəstək
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilməsi bizim üçün problem deyil. 
“Seçkilərin keçirilmə tarixini mayın 14-nə təyin etmək istəyirlər. Bizim tərəfimizdən heç bir problem yoxdur. Yetər ki, söz millətin olsun. Millət İttifaqı da bunu istəyir”, - partiya sədri bildirib.
Kılıçdaroğlunun seçki tarixinin 14 maya təyin olunmasına reaksiyası diqqət çəkir. Adətən bu tip məsələlərdə Ərdoğanı tənqid edən Kılıçdaroğlu bu dəfə bunu etmədi. Hesab edirəm bu da səbəbsiz deyil.
14 may tarixi çox qısa bir zamandır və bu zaman seçkiyə hazırlıq üçün kifayət deyil. Bunu Kılıçdaroğlu da yaxşı bilir və bu zaman aralığından öz namizədliyini “Millət İttifaqı” adınadan irəli sürmək üçün istifadə edə bilər. 
Məsələ ondadır ki, “Millət İttifaqı”nın namizədi hələlik bəlli deyil. Hər nə qədər namizədin bəlli olduğu, adının açıqlanmadığı deyilsə də müxalifət daxilində namizəd böhranı davam edir. CHP sədri Kamal Kılıçdaroğlu namizəd olmaq istəsə də  İYİ Partiya sədri Meral Akşener bununla razılaşmır.
Əslində “Millət İttifaqı” Rəcəb Tayyib Ərdoğanın qarşısına qazanacaq namizəd çıxarmaq istəyir. Kılıçdaroğlu isə Ərdoğan qarşısında bir dəfə məğlub olub. Bu mənada “Millət İttifaqı” eyni nəticənin təkrar olmasını istəmir. 
Kılıçdaroğlu bunu bildiyi üçün seçkilərin 14 maya təyin edilməsindən öz namizədliyi üçün istifadə edə bilər.   
Kılıçdaroğlu “Millət İttifaqı”nın namizədi kimi seçkilərdə məğlub olarsa, seçkiyə hazırlıq müddətinin kifayət qədər olmamasını əsas gətirə bilər. Bunu onun “Bizim tərəfimizdən heç bir problem yoxdur. Yetər ki, söz millətin olsun” sözləri təsdiqləyir. Yəni Kılıçdaroğlu seçkilərdə məğlub olarsa “söz millətin olmadı” deyəcək.
Seçkilərin nəticəsi?
Xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, TL-dollar balansının kəskin pozulması, miqrant böhranı və s. səbəblər Ərdoğanın prestijinə zərbə vursa da onun qələbə qazanma şansları hələ də çox böyükdür. 
Məsələ ondadır ki, “Millət İttifaqı”nda hər ağızdan bir səsin çıxması və vahid namizədin hələ də açıqlanmaması seçicilərin müxalifətə inamını azaldır. Onsuz da seçki öncəsi keçirilən sorğularda müxalifət namizədlərinə münasibət heç də isti deyil. 
Bu mənada 14 mayda keçiriləcək prezident və parlament seçkilərində Rəcəb Tayyib Ərdoğan və Cumhur İttifaqının qələbə qazanacağı mümkün görünür. Düzdür, bu qələbə böyük fərqlə olmasa da kiçik nisbətlə qələbə qazanması mümkündür.
Azərbaycan seçkilərə müdaxilə edə bilər?
Türkiyə Azərbaycanın strateji tərəfdaşı, hərbi müttəfiqidir. Ölkələr arasındakı münasibətlər tarixinin zirvə nöqtəsinə çatıb. Xüsusilə qeyd etmək lazımdır ki, bu münasibətlər Rəcəb Tayyib Ərdoğanın iqtidarı dövründə hazırkı mərhələyə çatıb və Bakı bunları nəzərə alaraq onun qələbəsini daha çox arzulayır. 
Ancaq bütün hallarda Azərbaycan Türkiyənin daxili işlərinə hörmət edir və seçkilərin nəticəsindən asılı olmayaraq münasibətlərə xələl gəlməyəcək. 
Türkiyə üçün də bu belədir. HDP xaric, istənilən partiya Türkiyədə iqtidara gəlsə belə bu, iki ölkə münasibətlərinə zərər vurmayacaq. 

Turan Rzayev
Gender.Az
Tarix: 23 yanvar 2023
Baxış: 9040

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}