Xəbər lenti
Reklam
Hər gün içdiyimiz suyun tərkibində görün nələr var... - Ölüm saçır

“Təəssüf ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda, PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır...” 
Bu sözləri Yenisabah.az-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq  Elçin Bayramlı deyib.
Onun sözlərinə görə, hazırda Bakı və Abşeronda təbii su qəbul etmək qeyri-mümkündür:
“Müxtəlif ölçmələr apardıqda da bunu aydın şəkildə görmək olur. Üstəlik, keçən il Amerikanın məşhur “Yale” Universitetinin dünyanın 170 ölkəsi arasında apardığı hesabatda Azərbaycan 140-cı yerlərdə qərar tutmuşdu. Bizim ölkə ən çirkli və yarasız suyu olan ölkələrdən sayılır. Belə vəziyyətdə əhalinin təmiz su içmək imkanı demək olar ki, yoxdur. Çünki alternativ variantlar heç də sağlam, təbii su qəbul etməyə imkan vermir. Filterdən keçən su kimyəvi birləşmələri, xloru təmizləyir, bəli, amma faydalı mineralları da sudan götürür. Bu su tamamilə boş, “ölü” su sayılır. Yəni filterlənmiş su da faydalı su deyil. 
Digər üsullarla - pambıqdan süzməklə suyun kimyəvi tərkibi heç cür təmizlənə  bilməz, effektsizdir. Qaynadılmış su da “ölü su”  sayılır, onun heç bir müsbət təsiri yoxdur. Mağazalarda satılan qablaşdırılmış sular da filtirlənmiş, “ölü su”dur. Qısası, Bakı, Abşeron zonasında faktiki olaraq təbii içməli su qəbul etmək imkanı yoxdur”. 
Ekspert bildirib ki, sudan faydalanmağımız mümkünsüz olsa da, bəzi üsullarla onun zərərlərindən qorunmaq olar:
“Əgər çıxış yolunu soruşsanız, heç bir məsləhət verə bilmərəm. Bu məsələdə bizə suyun faydası lazım deyil, çalışıb onun zərərindən qorunmalıyıq. Sular filter aparatından keçiriləndə fayda verməsə də, ən azından zərərsiz olur. Faydalı minerallar itsə də, ən azından bu suda olan təhlükəli maddələr, xlor uzaqlaşdırılır. Təəssüf ki, bu istiqamətdə ciddi bir iş görmürük. Düzdür, son dövrlərdə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, bu su digərlərinə nisbətən yaxşıdır, amma nəzərdə tutulan normadan iki dəfə az su götürülür və Bakı əhalisinin üçdə birini təmin edir. Üstəlik bu su əksər hallarda digər sularla qarışdırılır. Beləliklə, o da öz keyfiyyətini itirmiş olur.
Sumqayıtda dünya standartlarına uyğun su təmizləyici zavod tikilir, amma bu zavod da Bakı-Abşeron əhalisinin tələbatının maksimum 30 faizini ödəmək iqtidarındadır. Orada təmizlənən su dünya standartlarına cavab verir, amma çox az əhalini təmin edə bilər.
Bütün Bakını təmin etmək üçün belə zavodların sayı və gücü artırılmalıdır. Hazırda təəssüf ki, biz bu barədə danışa bilmərik. Saf suyun içilməsi Bakı-Abşeron zonasında faktiki olaraq mümkün deyil”. 

Tarix: 17 aprel 2024
Baxış: 92

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş