Xəbər lenti
Reklam
“Qarabağ Universiteti təhsilin brendi olacaq” - RƏY

“Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaq”.
Bunu Report-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması çox böyük hadisədir: “Təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var: dövlətçiliyə dəstək; azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək; tədrisin keyfiyyəti. Qarabağ Universiteti bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq”, - ekspert deyib.
K.Əsədov bildirib ki, orada tibb təhsili ilə yanaşı, dövrün əsas ixtisaslarından olan İT istiqaməti, mühəndislik, digər kriteriyalar da tədris olunacaq.
“İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşmasına, eyni zamanda həmin ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarını təhsil almaq şəraitinin yaxşılaşdırılması üçün bu, vacib amildir”, - K.Əsədov bildirib.
Ekspert xatırladıb ki, ölkə başçısı İlham Əliyevin hazırda qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır: “Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir. İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatanlığının təmin edilməsi zəruridir. Buna görə işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir”.
Onun fikrincə, indiki halda işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhaliyə təhsil xidmətlərinin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyətləri stimullaşdırılmalıdır. Çünki ora gedəcək müəllimlər ilkin olaraq sözügedən ərazilərdə yaşamaq üçün təlimlərə cəlb olunmalı, onların əməkhaqlarına xüsusi əlavələr edilməlidir. İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun aradan qaldırılması baxımından, eyni zamanda prioritet mövcud təhsil müəssisələrində mütəxəssislərin hazırlanması üçün Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müvafiq balı toplayan, amma vakansiya yoxluğu səbəbindən işə qəbul olunmayan müəllimləri prosesə cəlb edə bilər”.
K.Əsədov hesab edir ki, qısa müddətdə bölgələrin ənənəvi, coğrafi və s. xüsusiyyətlərinə uyğun xüsusi profilli təhsil müəssisələri (məktəbdənkənar, peşə, orta ixtisas, ali) və əlavə kurslar yaradılmalıdır ki, həm yaxın zamanlarda tarixi torpaqlarına köçəcək insanların, eyni zamanda orada xidmət edən şəxslərin ailə üzvlərinin təhsilalma imkanı əlçatan olsun.
“Azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Birdən-birə bu infrastrukturun bərpası mümkün deyil. Bunun üçün azı 3-5 il vaxt lazımdır. Lakin ilkin mərhələdə məskunlaşmanın həyata keçirilidiyi və xidmətli şəxslərin olduğu ərazilərdə təhsil xidmətlərinin göstərilməsi təmin edilməlidir”, - o qeyd edib.
Təhsil eksperti işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafı, tədrisin təşkili qaydaları ilə bağlı təkliflər paketini hazırladığını və bununla bağlı bir sıra layihələri olduğunu deyib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin təşkilinin 3 mərhələdə keçirilməsini təklif ediblər: “Birinci mərhələdə ora köçürüləcək, dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta ümumi təhsil məktəblərinin tikilməsi lazımdır. Çünki birdən-birə böyük orta təhsil müəssisələrinin tikilməsi uzun vaxt aparacaq. İkincisi, biz Qarabağın inzibati ərazisində və işğaldan azad edilmiş ərazilərimizdə bir neçə ali təhsil müəssisəsini mütləq şəkildə açmalıyıq”.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə məzunlar olacaq, yəni 10-11-ci siniflərdə təhsil alan abituriyentlər olacaq ki, ali təhsil müəssisələrinə daxil olmaq istəyəcəklər: “Onlar paytaxt Bakıya və digər şəhərlərə getmək əvəzinə Qarabağda təşkil olunacaq universitetlərə daxil olsunlar. Məsələn, Şuşa Dövlət Universiteti yaradılmalı, Laçında, Qubadlıda Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq. Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaq”.
K.Əsədov vurğulayıb ki, bu universitetdə, ilk növbədə, Qarabağ regionunun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir: “Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin, düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Üçüncüsü isə buradakı universitetlərdə hüquq fakültələri açılmalıdır. Çünki şahidi olduq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı Sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

Tarix: 28 noyabr 2023
Baxış: 170

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş