Xəbər lenti
Reklam
"Natavan xanım ölməmişdən öncə məni görmək istəyib, ancaq..." - Tanınmışlar diktorun yas mərasimində/REPORTAJ
 Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist, Azərbaycan Televiziyasının ilk qadın diktoru Natavan Hacıyevanın üç mərasimi baş tutub. 
Gender.az bildirir ki, Sonxeber.az-ın əməkdaşı mərasimdə iştirak edərək, mərhumun başsağlığına gələn həmkarları ilə söhbət edib.
İlk olaraq, Xalq artisti, diktor və aparıcı Şərqiyyə Hüseynova ilə rastlaşırıq və söhbət etməyə başladıq.
 
Şərqiyyə Hüseynova mərhum diktorla bağlı xoş xatirələrindən danışdı: 
"1967-ci ildə Azərbaycan Televiziyasında fəaliyyətə başladığım gündən Natavan xanım səmimiyyət, mehribanlıqla məni qarşılamışdı. Həmin vaxt məndə elə təəssürat yaranmışdı ki, sanki onu illərdir tanıyıram. Çox səliqəli, eləcə də istedadlı xanım idi. Üstəlik, ailəcanlı idi. Övladını, nəvələrini hədsiz çox istəyirdi. Ümumiyyətlə, Azərbaycan xanımına xas olan bütün xüsusiyyətlər Natavan xanımda öz əksini tapmışdı. Onun gözəl əl qabiliyyəti vardı - anasından keçmişdi. Dadlı yeməklər bişirər, gözəl süfrə açardı. O vaxtlar da maaşımız o qədər də yüksək deyildi. Buna baxmayaraq, o, evinə hər cür azuqələrdən alardı. Evininin təmizliyinə qarşı da çox diqqətcil idi. Heyf onu vaxtsız itirdik. Seyrəlirik (kövrəlir- red.)... Amma nə etmək olar. Mən onun xəstə olduğunu əvvəlcədən bilirdim. Ondan qabaq hər gün telefonla danışırdıq. Bir də gördüm ki, telefon zəngləri kəsildi, daha aramır məni. Narahat olub özüm yığdım. Onda qızı Cəmilə anasının xəstə olduğunu mənə bildirdi. Dəfələrlə yanına getmək istədik. Amma icazə vermirdi. Cəmilə deyirdi ki, anası istəmir kimsə gəlib onu xoş olmayan vəziyyətdə görsün. Biz də onun fikrinə hörmətlə yanaşmaq məcburiyyətində qalmışdıq. Mən Natavanı yaxşı başa düşürdüm. Axı biz onu həmişə baxımlı, gözəl görmüşdük. Amma sonuncu dəfə Cəmilə zəng vurdu ki, anam səni görmək istəyir. Mən ona bildirdim ki, nə vaxt desə, gəlim. Ancaq gec oldu, bir gündən sonra dünyasını dəyişdi. Natəvan xanım son günə qədər xəstəliyindən bixəbər idi. O, elə bilirdi ki, sətəlcəmə yoluxub".
Söhbətimizi diktor və aparıcı Nərgiz Cəlilova ilə davam etdik: 
"1983-cü ildə AzTV-yə işə qəbul olunana qədər Natavan xanımı televizordan izləyir və ona heyranlıq duyurdum. İşə başlayanda isə, onunla diktorlar otağında tanış olduq və ilk gündən bir-birimizi çox sevdik. O qədər gözəl, baxımlı və kübar idi ki, adam ona heyran olurdu. Hər zaman formada idi. Natavan xanım rus dilini çox gözəl bilirdi. O, özünəməxsusluğu ilə seçilirdi. Natavan xanımın xəstə olduğunu eşidəndə çox təəccübləndim. Fevralın 14-ü peşə bayramımız münasibətilə Filarmoniyada keçirilən tədbirdə qarşılaşmışdıq. İnanın, o qədər gümrah və formada görünürdü ki, onun xəstə olacağı ağlıma da gəlmirdi. O tədbirdən sonra xəstəliyə yoluxduğunu eşidəndə təkcə mən yox, digər həmkarlarımız da təəccüblənmişdi. Bu gözlənilməz idi. Onun ölüm xəbərini eşitdiyim gün Milli Televiziyamızın sədr əvəzləyicisi Rövşən Məmmədov bizimlə görüş keçirdi. Orda söhbət edərkən Natavan xanımın səhhətini də müzakirə etdik. Axşam üstü isə, artıq ölüm xəbərini eşitdik. Hələ də dünyadan köçməsinə inana bilmirəm. Gülən gözəl üzü hər zaman gözlərimin önündədir".
Daha sonra Kəmalə Əzizqızının ağladığını görüb, ona yaxınlaşdıq və söhbət etdik: 
"Natavan xanımla çox gözəl münasibətimiz olub. Mən fəaliyyətə başladığım gündən ondan dəstək görmüşəm. O vaxt Natavan xanım axşamçağı uşaq verilişi aparırdı. Eləcə də Azərbaycan və Rus dillərində xəbərləri təqdim edirdi. O, özünə baxan xanım idi. Bu xüsusiyyətinə görə xüsusi simpatiyam olub. Digər diktorlarımız kimi, Natavan xanım da peşə baxımından dəstəyini məndən əsirgəməyib. Mən onun xəstəliyindən son günlərdə xəbər tutdum. Yanına getmək istəyəndə bildim ki, kiminsə gəlib onu xəstə vəziyyətdə görməsini istəmir. Ölüm xəbərini çox ağır qarşıladım. Həmin gün AzTV-də sədr əvəzi ilə görüşümüz oldu. Orda heyfslənərək Natavan xanımın xəstə olduğunu qeyd etdik. Kaş ki, bizimlə görüşdə iştirak edərdi. Amma mənim ürəyimə sanki danmışdı ki, məhz həmin gün rəhmətə gedəcək. Görüşdən sonra Tamilla Ələkbərovanın evinə getdik. Orda Tamilla xanım dedi ki, "Natavan xanıma zəng edib əhvalını soruşdum". Amma zəng edərkən bəlli olub ki, artıq dünyasını dəyişib. İnanın, çox pərişan olduq!".
Sonda aparıcı Lalə Azərtaşla söhbətimizi yekunlaşdırdıq: 
"Natavan xanımla tanışlığımız mükafatlandırma mərasimlərinin birində baş tutmuşdu. Məni orda "Ən yaxşı xəbər aparıcısı" nominasiyası üzrə mükafatlandırmışdılar. Xoşbəxtlikdən mənim mükafatımı Natavan xanım təqdim edirdi. Onu canlı olaraq, ilk dəfə orda gördüm. Həmin vaxt ünsiyyətimiz zamanı ondan aşırı dərəcədə doğmalıq hiss etdim. O vaxtdan Natəvan xanımla mütəmadi olaraq ünsiyyətdə olurduq. Daim bayramlarda, özəl günlərdə onunla əlaqə saxlayar, xoş arzularımı çatdırırdım. Mənə hər zaman peşəmlə bağlı gərəkli nəsihətlər, bilgilər verirdi. Hətta bu gün çox üzülürəm ki, zamanında onun bildiklərindən, bacarığından yetərincə yararlana bilmədim. Amma Natavan xanımdan gülməyi, həyata təbəssümlə baxmağı, ən əsası həyatda hər nə olursa olsun, insanın duruşunu itirməməsini öyrəndim! Xəstəliyini qızı Cəmilə xanım mənə məlumat vermişdi. Eşidən kimi bildirdim ki, əlimdən gələn bütün yardımı etməyə hazıram. Ancaq gec idi, xəstəlik öz işini görmüşdü. Natavan xanım və onun timsalında bütün korifey diktorlarımız bizim üçün əzizdirlər. Bu səbəbdən onları itirmək mənə ağır gəlir. Əlacımda olsa, onların dünyalarını dəyişmələrinə imkan vermərəm".
Azər NƏSİBOV
Fotolar: Leyla Mustafazadə
 
Tarix: 03 may 2019
Baxış: 615

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş