Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Xalq artisti: "Mənə baxmayan yeganə kişi ilə evləndim"

Sabah tanınmış aktrisa, Xalq artisti Həmidə Ömərovanın doğum günüdür. Gözəlliyi və peşəkarlığı ilə diqqət çəkməyi bacaran aktrisa neçə-neçə Azərbaycan filmində yaddaqalan obrazlar yaradıb. "Yol əhvalatı", "Üzeyir ömrü", Şirbalanın məhəbbəti", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm" kimi Azərbaycan filmlərində, "Ata ocağı" serialında məşhur rolları canlandırıb. O, 1988-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 2005-ci ildə isə "Xalq artisti" fəxri adına layiq görülüb. Aktrisa 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsüdür. 2010-cu ildə isə "Cəfər Cabbarlı" mükafatı ilə təltif olunub.
Gender.Az bildirir ki, "Report" doğum günü ərəfəsində aktrisa ilə həmsöhbət olub.
- Həmidə xanım, özünüzü necə hiss edirsiniz, əhvalınız necədir?
- Baş götürüb harasa qaçmaq istəyirəm. (gülür). Birincisi ona görə ki, sakitlik istəyirəm, amma sakitlik olmayan, gurultulu bir yerə - rayona toya gedirəm. Doğum günümdə Bakıda olmayacağam. Söhbətimizə zarafatla başladım ki, qaçmaq istəyirəm. Təbii ki, hara qaçsam da yenidən öz sevdiklərimin, doğmalarımın əhatəsinə qayıdacağam. Açığı, doğum günlərimi qeyd etmək mənim üçün daha çətin olur. Qadın üçün yaşını demək çətinləşir. Amma mən yaşımdan heç vaxt utanmamışam. Bir dəfə Litva aktrisası Eqle Qabrenayte ilə "Burulğan" filminə çəkilirdim. O gənc idi, cəmi 35 yaşı vardı. Qəfildən operatorumuz Rafiq Qənbərov ona dedi ki, saçının ağ teli görünür, onu düzəltsin. Qız bir anlıq dayandı və dedi ki, mən öz ağ saçlarımla fəxr edirəm. O ağ saçları illərimin əziyyətinin hesabına qazanmışam. O söhbət mənə gələcəkdə bu cür düşünməyimə sanki stimul verdi.
- Amma, mənə elə gəlir ki, illər keçsə də heç dəyişmirsiniz, əvvəllər necə gözəl idinizsə indi də eləsiniz...
- Təşəkkür edirəm, amma təbii ki, yaş artır. Mən bir aktrisa kimi məcburam obrazdan-obraza girim, rola uyğun olaraq qrim edirəm, saçımı gah ağardır, gah da qaraldıram. Amma, həqiqətən də insan yaşa dolduqca, o illərin əziyyətini çəkdikcə illərin əzabı və zəhməti onun üzünə çıxır. Ona görə də, mənim yaşlı insanlara böyük məhəbbətim var. Əlbəttə, qadın özünə fikir verməlidir, xüsusən də bizim sənətin adamları. Çünki tamaşaçılar bizi ekrandan görməyə alışıblar. Əsas odur ki, insan istənilən yaşda yaraşıqlı görünməyi bacarmalıdır.
- Zahirən çox sakit, təmkinli görünürsünüz, bəs daxilən necə, orada burulğanlar qopmur ki?
- Mən emosiyalarımı, əsəblərimi cilovlayıb daxilimdə yaşamağı bacaran adamam. Gənclik illərimdə daha çılğın, daha həssas idim. Amma yaş artdıqca insan müdrikləşir. Başa düşür ki, qışqırmağın, hay-küy salmağın heç bir mənası yoxdur. Bir də ki, insan ömrünün sonlarına yaxın onsuz da başa düşür ki, heç nə bilmir, heç nə öyrənməyib. Amma təbiət etibarı ilə indi nisbətən sakitləşmişəm. Yəqin ki, bu danışığımdan da bəlli olur. Çılğın obrazları oynamağı bacarıram. Çünki hər bir insanın daxilində emosiyaları var. Alman filosofu Nitşe demişkən, hər bir insanın daxilində köpəklər var, vay o günə ki, köpəklər hayqırıb zahirə çıxsınlar. Yaş artdıqca insan ona görə müdrikləşir ki, başı daşdan-daşa dəyir və o hər dövrdə həyatdan dərs alır.
- Çılğın obrazları oynamağı bacardığınızı qeyd etdiniz, bəs olub ki, hansısa roldan imtina etmisiniz?
- Belə hal çox olub, o vaxtı bəxtim elə gətirdi ki, institutu qurtarandan sonra ardıcıl olaraq ildə 3-4 filmə çəkilirdim. O vaxtı qadın kinorejissorumuz Gülbəniz Əzimzadə "Həmidə bəsdir, dayan. Sən artıq elə bir səviyyəyə çatmısan ki, rolları özün seçməlisən, hər rola, razılıq vermə" dedi. Mən onda azı 5-6 filmdə çəkilməkdən imtina etdim. Amma bilsəydim ki, ondan bir neçə il sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası bağlanacaq, rollardan imtina etməzdim. Buna görə o vaxtı çox peşman oldum.
- Beş-altı filmdə çəkilməkdən imtina etdiniz, onlar hansı filmlər idi?
- Adını çəkmək istəmirəm, çünki orada dost olduğum sənət dostlarım çəkildi. Yaradıcılıqlarına da, özlərinə də böyük hörmətim var. O filmlər çəkilsə də, ekran nöqteyi-nəzərdən uğurlu olmadılar. Yəni populyarlaşmadılar.
- Bəlkə, çəkilmədiyiniz o filmlərdən birinin adını çəkəsiniz?
- O vaxtı Moskva Kinematoqrafiya İnstitutu yeni bir Azərbaycan qrupu, aktyorluq kursu təşkil etdi. Məşhur sovet rejissoru Aleksey Batalovun kursu idi. Mən də bir gənc aktrisa kimi doqquz nəfərdən ibarət münsiflər heyətinin tərkibinə daxil oldum. Moskvada oxumaq istəyən abituriyentlərə aktyorluq sənətindən dərs keçirdik. Onların arasında Mehriban Xanlarova da var idi. Bu zaman rejissor Ənvər Əbluc mənə yaxınlaşdı və dedi ki, gözəl bir ssenari var. Söhbət "Sarıköynəklə Valehin nağılı"ndan gedir. Dedi Sarıköynək obrazını oynayacaqsan. Dedim, yox oynamayacağam. Səbəbini soruşanda dedim ki, Sarıköynəyin kinoda 18 yaşı var, mənim isə 28. Ənvər müəllim dedi ki, sən elə 16-18 yaşlı qıza bənzəyirsən. Axı elə deyildi. Nə isə bu roldan imtina etdim. O dedi ki, onda get mənə 18 yaşlı istedadlı bir qız tap gətir. Mehribanla birlikdə başqa bir qız da vardı. İkisini də Ənvər Əblucun yanına gətirdim. Soruşdu ki, sən hansını daha çox bəyənirsən. Mehriban Xanlarovanı dedim. Beləliklə, filmə də o çəkildi.
- Həmidə xanım, yaşdan söz düşmüşkən, gec ailə həyatı qurmusunuz, eşitdiyimə görə, həyat yoldaşınızla tanışlığınızın maraqlı tarixçəsi var.
- Mənim gec ailə qurmağımın əsas səbəbi o idi ki, filmlərə çox çəkilirdim. Ailə həyatı qurmağa vaxtım yox idi. Həm də anam məni ərə verməyə tələsmirdi. Anam öz şəxsi həyatından çıxış edərək deyirdi ki, mən getdim nə oldu ki, sən də gedəsən nə ola?! 1992-ci ildə kinostudiyada böhran baş verdi, aktyor şöbəsi bağlandı və işsiz qaldıq. Bizə dedilər ki, ərizənizi yazın, iş olanda sizi çağıracağıq. Bir ilə yaxın gözlədim. Həmin məqamda da gələcək həyat yoldaşımla rastlaşdım. Amma o sanki məni görmürdü, yanımdan düz keçirdi. İctimai təşkilatlardan birində sədr müavini idi, hərdən Kinematoqrafçılar İttifaqındakı idarəyə sənədlərə imza atmağa gəlirdi. Mən də Yaradıcılıq şöbələrinin müdiri işləyirdim. Nə vaxt sənəd aparırdım heç başını qaldırıb üzümə baxmırdı, elə deyirdi filan yerə imza çəkin. O mənə baxmayan yeganə kişi idi. Çalışırdım ki, mənə baxsın, görsün. Onda qarşıma məqsəd qoydum ki, onun diqqətini cəlb edəcəyəm. Amma bu diqqəti cəlb etmək mənə çox baha başa gəldi.
- Niyə baha başa gəldi ki?
- Çünki ona ərə getdim. (gülür)
- "Anlamaq istəyirəm" filmində gürcü aktyoru Rezo Çxikvişvili ilə (Rüstəm) tərəf müqabili olmusunuz. O bizim agentliyə müsahibəsində bildirib ki, sevdiyim qız vardı, Həmidə Ömərova ilə sevgili cütlük oynamaqda çətinlik çəkirdim. Bir az o filmdən və həmin kadrlardan danışmağınızı istərdim. R.Çxikvişvilinin səhnədə çətinlik yaşadığını yəqin siz də hiss etmişdiniz.
- Bu sirr mənim üçün indi açılır. Mən həmişə deyirdim ki, Rezo, sən çox istedadlı aktyorsan, amma səndə bir gürcü soyuqluğu var. O da deyirdi ki, gürcülər hamısı elə deyil, sadəcə mən soyuğam. Filmdən çox gözəl xatirələrimiz, fotolarımız qalıb. Gürcü aktyordan söz düşmüşkən, bu yaxınlarda mənim yaradıcılıq gecəm idi. Orada birdən mənə sürpriz etdilər. Anidən ekranda göstərdilər ki, "Yol əhvalatı" filmindəki mənim tərəf müqabilim Vaxtanq Pançulidze (Mustafa) mənə təbrik göndərib. Mən də ona cavab göndərdim. Bir müddət əvvəl eşitmişdim ki, o Tbilisidə uşaq yelləncəklərinə baxır, çox məyus olmuşdum. Onda demişdi ki, Həmidə xanım məni Bakıda filmə çəkilməyə çağırsa, böyük məmnuniyyətlə gələr. Dedim ki, kaş elə bir fürsət yaranardı və özüm bir film çəkərdim. Amma o fürsət məndə yoxdur.
- Söhbətinizdən başa düşürəm ki, film çəkmək arzunuz da olub?
- Bəli, var idi. Mən qadınlar haqqında bir ssenari yazmışdım. Heyf ki, onun qəhrəmanlarının bəziləri indi aramızda yoxdur. Orada Almaz Mustafayeva, Nuriyyə Əhmədova üçün rollar müəyyən etmişdim. Çox gözəl rollar idi. Əvvəl özüm çəkmək istəyirdim, sonra qərar verdim ki, Kənan Musayevlə birgə çəkək, hətta gedib yer də danışmışdıq. Təəssüf ki, alınmadı. Hər istədiyimiz, arzumuz həyata keçsə idi, onda nə var idi ki?!
- Əgər, tapmaq istəsən məni, küskün Həmidənin gözlərindəyəm. Səhv etmirəmsə, atanızın sizə yazdığı şeirdəndir. Teatr və kino camiyəsində küsülü olduğunuz, yaxud hansısa bir hadisə varmı?
- Yox, elə bir məqam olmayıb. Amma məzəli bir əhvalat danışım. Dublyaj etdiyim filmlə bağlı yaşanıb. Aktyor Ədalət Məmmədov, Eldəniz Rəsulov və mən, üçümüz birlikdə baş rolları səsləndirirdik. Qəfil Eldəniz səsləndirməyə başlayanda dedim ki, nə isə düzgün deyil, çünki mən dünən bu filmə baxmışam. O isə cavabında kobud bir söz dedi, belə desək, ağzımdan vurdu. Bu mənə çox pis təsir etdi. Dublyajın sonuna qədər onunla danışmadım və çıxıb evə getdim. Səhər dublyaja gələndə hamı düşdü üstümə ki, sənə nə olub? Dedim nə olub axı? Cavabında dedilər ki, bəs səhərdən Eldəniz ağlayır. Sən demə gedib bərbərə, orada söhbət olub ki, Həmidə Ömərovanı avtomobil vurub. Bax belə bir məzəli, maraqlı bir hadisə baş vermişdi. Amma ümumiyyətlə, yadıma gəlmir ki, tərəf müqabilimlə teatrda ya kinoda küsülü olum.
- Həmidə xanım, necə düşünürsünüz, sizcə, bu gün kinoaktyorlar üçün parlamaq, uğur qazanmaq nə qədər əlçatandır?
- Əvvəla, dövr dəyişib. O vaxt valideynlər istəmirdilər ki, övladları aktyor olsun. Aktrisa olmaq isə xüsusən çətin idi. Məsələn, mənim anam aktrisa olmağımı istəmirdi. İndi isə fərqlidir. Bir dəfə metroda polis mənə yaxınlaşıb dedi ki, üç yaşında qızı var və xahiş etdi ki, bizim serialda çəkilsin. İndi fərqli vəziyyətdir, hamı bu sahəyə can atır. Elə bilirlər ki, bu bir şoudur. Onsuz da indi aktyorluqdan daha çox şou-biznes inkişaf etməyə başlayıb. İndi hər kəs çalışır ki, nəyin bahasına olsa da, lap ucuz variantlarla şöhrət qazansın. İndi çöldə-bayırda hamı şəkil çəkdirməklə məşğuldur. İnanın mən heç öz oğlumun toyunu görmədim, toy boyu içəridə olan 500 qonağın hər biri ilə şəkil çəkdirməklə məşğul idim.
- Gənc aktyor və rejissorlarla necə, münasibətiniz varmı?
- Əlbəttə, var. Rüfət Şahbazov - mənim sevimli serial rejissorum. Biri Emil Quliyev, çox istedadlı rejissordur. "Pərdə" filmi, "Əqrəb mövsümü" serialı çox yaxşı işlərindəndir. Ümumiyyətlə bir şeyi deyim ki, gənc aktyorların yetişməsində serialın böyük əhəmiyyəti var. Gənc aktyorlar seriala çəkilməklə, hər gün kamera qarşısında olmaqla, böyük təcrübə toplayırlar.
- Gənclər arasında Əlixan, Taleh Yüzbəyov daha çox tanınanlardandır. Onlarla ünsiyyətiniz varmı?
- Hər ikisini tanıyıram. Bir dəfə Əlixan mənə müraciət etmişdi. "Sonuncu şam yeməyi" filmini çəkirdi. Ssenarini oxudum, sual verdim ki, hansı rolu mənə verəcək. Məlum oldu ki, filan roldur. Açığı, çox təəccübləndim. Dedim, yox. Rolun ekran yükünə görə, özümü o rolda görmədim. Hansısa köməkçi, öz yükü olmayan bir obraz idi. Sadəcə, belə bir şey var ki, deyirlər hansısa məşhur aktrisa filan filmdə oynayıb. Mən bildim ki, Əlixana bu mənada lazımam. O rolda özümü görmədim və imtina etdim. Ancaq bütün hallarda gənclərə kömək etməyə həmişə hazıram.
- Çəkiliş prosesində yadınızda ən çox qalan hansı məqamlardır?
- Deməli İranda "Zendane Div" filmində çəkilirdik. Rasim Balayev baş rolda çəkilirdi, mən onun qardaşı qızını. Azərbaycandan ora 13 nəfər getmişdik. Deməli bizi qonaq aparıblar. Məclisdir, qadınlar ayrı, kişilər ayrı oturub. Birdən qadınlar yaxınlaşıb soruşdular ki, sizin o Balayev kimdir? Soruşdum ki, necə yəni kimdir? Dedilər surəti çox gözəldir. Dedim bilirsiniz o kimdir, o Azərbaycanda ən böyük "bazargəndir" (tacir). Qadınlar təəccüblə dedilər ki, siz nə danışırsınız. Dedim, bəli, o "bazargənlərin bazargənidir". O küçədə gedəndə hamı dönüb ona baxır. Yəni o dərəcədə məşhurdur. Qadınlar məəttəl qaldılar. Dedi ona baxanda heç deməzsən ki, o "bazargəndir". Sən demə "bazargən" sözünü "bazigar"la (aktyor) səhv salmışam. "Bazargən" onlarda alverçi demək imiş. Sonra bunu Rasim Balayevə də danışdım, dedi məni lap biabır etmisən ki.
- Son olaraq doğum gününüzdə ən böyük diləyiniz nədir?
- Bəlkə də, deyəcəksiniz ki, ümumi sözlər dedi. Amma mənim ən böyük istəyim hər zaman sülh içərisində və rahat yaşamağımızdır. Mənim arzum o dediyim sülh və əmin-amanlığın qarşısında nədir ki?! Allah bütün bəşəriyyəti qorusun.

Tarix: 25 aprel 2024
Baxış: 115

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş