Xəbər lenti
Reklam
Vado “Amaci”ni “Namus”la əvəzlədi — 100 dollarlıq serial…
"Parni iz Baku”da məşhur bir səhnə var: məhəllənin sərxoşu rolunu canlandıran Vado Korovin hər qarşısına çıxana bir sual verir: “Məni bağışlayın, sizdə bir şirvan olmaz”. Allah tərəfi Vado rolunu yaxşı oynayırdı və yaddaşımızda da elə səhnələrin Vadosu olaraq qaldı. Amma bu qədər…
Bu gün Vado Korovinin rəhbərlik etdiyi “Space TV”-nin vəziyyətinə baxanda niyə belə düşündüyümüzü anlamaq mümkündür və Vadoya elə özünün məşhur sualını ünvanlamaq yerinə düşər:
- Bizi bağışlayın, siz neynəmək istəyirsiniz?
“Space TV”-nin Azərbaycan teleməkanının ən bərbad və gülünc vəziyyətində olan kanalı olduğunu desək, yanılmarıq. Telekanalın belə vəziyyətə düşməsinə səbəb ona rəhbərlik edənlərin efir siyasəti olub. Bütün efir “palatka toyu”, ailə-məişət davası və Hindistan filmləri ilə doldurulmuşdu. Mikayılın qışqıra-qışqıra apardığı “palatka toyu”, yaxud İlham Mirzəyevin falçılıq etməsi, “Amaci”nin efirdən tamaşaçıya zillənən gözləri... 
“Space TV”-nin mahiyyəti bundan ibarət olub. Telekanal haqqında “Space” bağlansa, Hindistanın film sənayesi məhv olacaq”, “Şahrux Xan ancaq “Space TV”yə baxır” kimi satirik ifadələrin yayılması da təsadüfi deyil.
Vado Korovin telekanala rəhbər təyin ediləndə bütün bunlara son qoyulacağına ümid var idi, hərçənd ki, “kvnşik”in  buna nə qədər nail olacağına şübhələr olsa da. Hər-halda rəhbərlikdə yeniliklər müəyyən gözləntilər yaratmışdı. Amma...
Vado Korovin “Space TV”-ni daha da bayağı vəziyyətə gətirməkdən başqa bir şey etmədi. Falçı İlham Mirzəyev həbsdən çıxdıqdan sonra yenə kanalda “həmişəki yerini alıb” və yenə adəti üzrə bilmədiyi hər şeydən danışır, cəmiyyətə “ağıl” öyrədir. “Space TV” yenə falçıların kanalına çevrilib. Kanalda səviyyəsiz verilişlərin sayı hər keçən gün daha da artır.
Vado Korovinin “Space TV”-də həyata keçirdiyi ən böyük “islahat” hind seriallarını özbək serialları ilə əvəzləməsidir. Əvvəl Hindistanın ən ucuz filmlərinin, seriallarının nümayiş etdirildiyi kanalda indi Özbəkistanın ən ucuz, səviyyəsiz serialları nümayiş etdirilir. Misal üçün, “Namus” serialının Özbəkistanın özündə belə normal tamaşaçısı yoxdur, amma “Space TV” bu serialı Azərbaycan tamaşaçısına “qürurla təqdim etməkdən” utanmır. Səbəbi isə sadədir, çünki bu serialların alınması çox ucuz başa gəlir. 
Apardığımız araşdırmalara görə, “Space TV” Özbəkistan istehsalı olan bu serialların hər bölümü üçün cəmi 100 dollar ödəyir. Yüz dollarlıq serialın hansı səviyyədə olduğunu anlamaq üçün bir epizoduna baxmaq kifayət edir. Vado Korovinin etdiklərinin bir adı efiri doldurmaqdan başqa bir şey deyil.
Vado Korovin təkcə efiri doldurmur, həm də öz qohumlarını, yaxınlarını “Space TV”-yə doldurub. 
Məlumatlara görə, V.Korovin kanala gələn kimi işçilərin əksəriyyətini ixtisar edərək, öz yaxınlarını gətirib. Bunu kanalın aparıcısı olmuş Zamirə Dadaşova da deyir. 
Onun sözlərindən belə anlaşılır ki, Vado Korovinin qohumları, yaxın ətrafı kanalı şəxsi mülklərinə çevirib. 
“Space” sizə etibar edilməyib ki, ətrafınıza qohumlarınızı, dostlarınızı yığıb özbaşınalıq edib, işçiləri incidəsiniz. Ancaq öz cibini, mənafeyini güdüb, gülünc, əxlaqı pozan verilişləri efirdə yayımlayıb insanların əsəbi ilə oynayırsınız. Əməkhaqları yenə gecikdirilir”, - teleaparıcı bildirir.
Göründüyü kimi, Vado Korovin ona həvalə edilən “Space TV”-ni bərbad vəziyyətə salıb. \\Demokrat.az  
Tarix: 19 mart 2024
Baxış: 88

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş