Xəbər lenti
Reklam
Real hadisələrdən bəhs eden hekayə - "KÖNÜLLÜ BARATOV"
 
Payız olsa da havalar hələ xoş keçirdi. Müharibənin 2-ci günü idi. Mənim ora getdiyim isə cəmi 3 saat olardı. Hələ nə olacağından xəbərim yox idi. Hava getdikcə qaralmağa başlayırdı. Bir qrup əsgərlə tank üçün qazılmış səngərlərin birinə toplaşıb şam edirdik. Bizdən biraz qabaqda düşmən tərəfə tuşlanmış toplar guruldamağa başladı. Əvvəl içimdə biraz qorxu oldu, amma, baxdım ki, hər kəs öz işindədi. Rahat yeməklərini yeyirdilər. Mənim loxmamsa boğazımda düyünlənib qalmışdı. Həyəcandan az qala əlim əsirdi. Səngərin yuxarısında torpaq topasının üstündə oturmuş zabit ayağa qalxıb, aşağı tullandı.
- Uşaqlar, mənə qulaq asın! Mən sizdən bir zabit kimi tələb, bir qardaş kimi xahiş edirəm. Mənim icazəm olmadan, komanda verilmədən hərəkət etməyin! Səngərdən çıxmayın! Ani bir ehtiyatsızlıq, bir səhv addım, nəyin ki özünüzü, hətta, hamımızı məhvə aparar. Müharibə səhvi bağışlamır, burada bilmədim, yadımdan çıxdı kimi şeylər bağışlanmazdı. Hər şeyə diqqətlə yanaşmaq lazımdı. Biri-binizi qorumağı bacarın! Aramıza yeni qoşulan dostlar var, onları da təlimatlandırın. Yeri gəlmişkən, elə təzə gələnləri də tanıyaq. Başlayaq bu balaca cəngavərdən...
- Əyilin!
Yanımıza düşən top mərmisinin qəlpələri qum kimi ətrafa səpələndi. Toz-torpaqdan göz açmaq mümkün olmadı. Qulaqlarım elə guyuldayırdı ki, ətrafdakı səsləri eşitmirdim. Kim hardadı, ölüdü, sağdı bilinmədi. Bu vəziyyət təxminən 5 dəqiqə çəkdi.
Özümüzə gələndə heç kimliyini, adını belə bilmədiyimiz balaca cəngavərin şəhadətə qovuşduğunu gördük. Qəlpə onu boğazından yaralamışdı. Üst-başı tamam qan idi. Dalğanın təsirindən kənara düşənlər də sürünə-sürünə gəlib səngərə girdilər. Bizə rəhbərlik edən zabit ovcunun içini alnına vura-vura səngərin ətrafında fırlanırdı.
- Gördüz?! Mənim demək istədiyim bax bu idi. Hər şey anidən olur.
Zabit şəhid olan hərbiçinin nəşinə baxıb biraz fikrə getdi.
- Heç adını da bilmədik. Aranızda tanıyan vardı bu uşağı?
Heç kimdən səs çıxmadı. Zabit aşağı əyilib şəhid olmuş yoldaşımızın alnından öpdü. Sonra gözlərini örtüb, ayağa qalxdı.
- Biriniz gəlib bunun qanını təmizləyin.
- Mən təmizləyərəm. Qəlpəsini də çıxarmaq lazımdı.
Mən irəli durdum. Zabit təəccüblə üzümə baxdı.
- Sən MAXE-sən, yoxsa çağırışcı?
- Könüllü.
- Afərin. Əsgərlikdə sanitar olubsan?
- Xeyir. Rabitəçi olmuşam. Amma, həkim ailəsində böyümüşəm.
- Lap yaxşı. Hansı kamisarlıqdan gəlmisən?
- Goranboy.
- Familiyan?
- Baratov.
- Baş leytenant Turxanov.
Əlimi başımdakı dəmir kaskaya yaxınlaşdırıb hərbi salam verdim. Turxanov da hərbi salam verib əsgərlərdən birinə səsləndi.
- Sarıyev, gəl qardaşa kömək elə!
- Ehtiyac yoxdur. Özüm rahatlıyacam.
Şəhid olmuş qardaşımızın yanında dizi üstə oturub yarasını təmizləməyə başladım. Qəlpələri çıxardıb, qanını sulu əski ilə sildim. Üst-başını səliqəyə salıb üzünü örtdüm. Cibindəki gilizin içərisinə yazib qoyduğu kağızdan adını oxuyub kamandirə məruzə etdim.
- Yoldaş baş leytenant, Mingəçevir kamisarlığı, Şükürov Ağa.
- Lap yaxşı, Baratov. Qoy elə cibində qalsın.
Kağızı əvvəlki qaydada büküb, gilizin içərisində döş cibinə qoydum.
Həmin gecə səhərə kimi atışma oldu. Düşmənin postlarını darmadağın edib xeyli irəlilədik. Uşaqlardan yaralananlar oldu. Bacardığım qədər onlara da tibbi yardım göstərdim. Hava işıqlananda sanitar maşını gəlib şəhidin nəşini və yaralıları götürüb getdi.
Döyüşdən çıxmış dəstə tamam heydən düşmüşdü. Elə vəziyyət yaranmışdı ki, yemək yeməyə belə vaxt yox idi. Döyüş səngimək bilmirdi. İşğalda olan kəndlərin və Murov zirvəsinin azad olunmasını eşidib daha da cuşa gəlmişdik. Bütün strateji əhəmiyyətli yerləri yarıb keçdik. Özümüzü toparlamaq üçün düşmən postlarının birində dayandıq. Ərzağı çıxardıb taxta yeşiklərin üstünə düzdük. Hərə bir çörək götürüb əlinə keçəndən yeməyə başladı. Önümüzdəki qayalıqdan düşmən bizə tərəf minaatandan atəşə başladı.
- Biraz cəld yeyin, burdan çıxaq. Bura təhlükəlidi!
Kamandir əsgərlərini itirməmək üçün bütün varlığıyla səfərbər olmuşdu. Yeməyimizi bitirən kimi postu tərk elədik. Biz çıxar çıxmaz posta mərmi düşdü. Biraz arxada qalan əsgərimizin biri bu mərmidən yayına bilmədi. Nə qədər çalışsam da, onun həyatını xisal edə bilmədim.
Dostumuzun nəşini çiynimə alıb aşağı düşməli oldum.
- Komandir, mən tək getsəm olar?
- Qətiyyən! Ramazanov, sən də Baratovla aşağı gedib qayıdın!
- Oldu, komandir.
Çətinliklə də olsa 8-10 km dağ yolunu aşağı düşüb, gətirdiyimiz şəhid nəşini təcili tibbi yardım maşınına təhvil verdik.
- Yuxarda vəziyyət necədi?
- Pis deyil, irəliləyirik.
Ramazanov həkimə cavab verdi.
- Tapda vəziyyət necədi? Şəhid olan var?
- Orada yaxşı deyil. Mülki əhaliyə raket atır, şərəfsizlər. O gün bir ailənin 5 üzvü şəhid oldu.
- Nə danışırsan? Tap Qaraqoyunluda?
- Yox, Qaşaltı kəndində. Oğlan da MAXE işləyir. Tanıyıram.
- Bunların zatına lənət. Yaxşı doctor, biz gedək. Cibinə baxarsız, adı, soyadı olmalıdı cibində.
- Oldu. Ehtiyatlı olun. Allah sizi qorusun.
Oktyabrın 5-i.
Qanlı döyüş oldu. Bir sutka silahlar susmadı. Cəbrayılın azad olunması düşmənə əməlli-başlı yer eləmişdi. Əhaliyə atılan top mərmiləri, ballistik raketlər cavabsız qalmırdı. Bu döyüşdə Ramazanovu da itirdik. Axşam saatlarında başından güllə yarası alan igidimiz Ağcakənd hospitalında şəhid oldu. Evin yeganə övladı idi, Ramazanov. Müharibə başlamasa, elə oktyarın 5-i təxris olacaqdı. Komandirimizin icazəsi ilə şəhidimizin dəfninə yollandıq. Rayonun her yerindən, bütün idarə heyəti, rayon icra nümayəndəsi, hətta, ərazi üzrə seçilmiş millət vəkili də dəfndə iştirak edirdi. Nə qədər ürək dağlayan mənzərə olsa da, qürur verici idi.
 Oktyabrın 12-si.
 Axşama yaxın bir tibbi yardım maşını gəlib xeyli aralıda dayandı. Yoldaşlar maşından su, yemək, siqarət və sair götürüb sığındığımız yerə daşıyırdılar. Sarıyev onlardan ayrılıb mənə tərəf gəldi.
- Baratov, xəbərin var? Həkim yerlindi. Goranboydandı.
Cəld qalxıb, maşına tərəf getdim. Sarıyev də arxamca gəldi.
- Həkim, bu canavar da Goranboyludu.
- Kim? Həə lap yaxşı.
Əl uzadıb həkimlə salamlaşdım.
- Allah qorusun. Goranboyun harasındansan?
- Harasını tanıyırsız?
- Mənmi? Hər yerini. 103-də həkiməm, hər yerə gedirik.
- Lap yaxşı. Allah köməyiniz olsun.
- Sağ ol. Özüm Safıkürd kəndindənəm.
-Səmədin kəndlisi.
- Səməd kimdi?
- Rzayev Səməd. Kəşfiyyatçı.
- Hə. Hə, sən gördün Səmədi?
- Yox. Haqqında eşitmişəm.
- Nə eşidibsən ki?
- Eşitmişəm ki, 15 gündü xəbər yoxdu. Murovda yoxa çıxıblar.
Həkim dillənmədi. Qolumdan tutub biraz kənara çəkdi.
- Kənddə müxtəlif şayələr gəzir. Deyirlər ki, ...
- Xeyir Allahdan!
- Amin. Nəyə ehtiyacın var? Paltar, siqaret, nə gətirim gələndə?
- Varsa, yod, spirt, ağrı kəsici ...
- Var ey var. Niyə yoxdu ki?!
Maşına yaxınlaşıb ciblərimi yodla, dərmanla doldurdu.
- Sən niyə demirsən ki, hardan olduğunu?
- Evdə bilmirlər. Mən Bakıda işləyirəm. Evdə elə bilirlər ki, Bakıdayam.
Həkimin qaşları düyünləndi. Susmağıyla sanki içində vulkan püskürdü. Məni bağrına basıb, bərk-bərk qucaqladı.
- Biz getdik. Bu uşaqlar sənə əmanət.
Əlimi yuxarı qaldırıb sağollaşdım. Posta gəlib, üzü üstə torpağa uzandım.
Oktyabrın 18-i.
Günorta Əsgərovla Orxanın sürdüyü Pikapla postda ərzaq aparırdıq. Əsgərov xahiş etdi ki, Orxan maşını saxlasın. Tualetə getmək istəyir.
-Elə dayansa, mən də düşərdim.
Orxan sürəti biraz azaltdı.
- Belə getsəm, tualetinizi edə bilərsiz?
- Eee, məzələnmə də! Dayan, adam kimi işimizi görək.
Orxan maşını saxladı.
- 30 saniyə vaxtınız var. Vaxt getdi!
İkimiz də maşından düşdük. Orxan ayağını əyləcdən götürdü. Maşın öz xoduna asta-asta getməyə başladı.
- Bu uşaq anormaldı  da. Hara gedir indi?
- Dəymə, qoy getsin, onsuz da çatacıyıq. O da belə xəstədir də.
Maşın bizdən təxminən 50-60 metr aralanmışdı  ki, mərmi düz kabinaya düşdü. Maşın darma-dağın oldu. Zərbənin təsirindən hərəmiz bir tərəfə düşdük. Başımı qaldıranda bir parça dəmirin alovlandığını gördüm. Orxan tamam kül olmuşdu. Əsgərov da şok vəziyyətdə idi. Qorxudan dili tutulmuşdu. Demək, bizi bu dəfə ölümdən Əsgərovun tualeti xilas etdi.
Sərhədin cənub tərəfindən xoş xəbərlər gəlirdi. Ordumuz düşməni iti qovan kimi qovurdu. Suqovuşandakı mövqemizdə oturub istirahət edirdik. Hamı danışsa da, Əsgərov çox fikirli idi. Yaxınlaşıb onu fikirdən ayıltdım.
- Nə olub qardaş? Nədi səni fikirə aparan?
- Kaş ki, bilsəm!
- Fikir eləmə. Gəl, sənə bir aniktod danışım, gül.
Sarıyev başını yellədi.
- Tam zamanıdı axı.
- Mən danışım, gör zamanıdı ya yox.
Deməli bir jurnalist bir yaşlı kişiyə sual verir ki, "Ay ağsaqqal, sən bu kəndin ən yaşlı sakinisən, müharibə veteranısan, 9 uşaq atasısan. Necə oldu bu böyük ailənin yaranması, çətin olmadı ki, bu uşaqları böyütmək?"
Qoca cavab verir ki, "ay qızım, qadoy alım, mənim çətinliyim tək birinci uşaqda olub. Qalanları mən müharibədə olanda doğulub."
Elə bunu demişdim ki, Sarıyəvdən bir gülmək çıxdı ki, səsi qulaq batırdı. Bayaqdan fikiri bizdə olan komandir Turxanovun da dodağı qaçdı. Ayağa qalxıb üst-başını çırpdı.
- Hə Baratov, sənin belə işlərin də var?
- Deyəsən lətifəm hamının əhvalını düzəltdi.
 Hər axşam oxuduğu muğamları ilə bizi feyziyyab edən Muradov gəlib yanımda oturdu.
- Baratov, biz hər şeyi gözə alıb gəlmişik bura və heç nədən sığortalı deyilik. Mənim səndən bir xahişim var, qardaş. Mən şəhid olanda, məni evimizə sən apararsan.
- O niyəymiş?
- Sən dilli-ağızlısan da... Anamı ovundurmağı təkcə sən bacararsan.
Deməyə söz tapmadım. Bir anlığına gözümün qabağına ananın fəryad qoparmağı, bayraq bükülü tabutu qucaqlıyıb ağlamağı, ağ saçlarını yola-yola tabutun ardınca dizin-dizin sürünməsi gəldi. Elə bil bədənimdən tok keçdi.
- Allah eləməsin ki, Rəbbim mənə o günü yaşatsın.
- Mən istəyimi dedim. Hə bir də morqa zada yox ha, bir baş evimizə. Gədəbəy rayonu Çobançılar kəndi. Yadında qalacaq?
Özümdən ixtiyarsız gözüm yaşardı. Silahın qayışını çiynimə atıb dərə aşağı yelləndim. Dediklərinin fərqində olmayan Muradov yenə əlini qulağının dibinə qoyub xoş avazla oxumağa başladı.
Vətən bağı al-əlvandı,
Yox içində Xarı bülbül.
Oktyabrın 25-i.
Günorta yeməyindən sonra gün altında oturub silahlarımızı təmizləyirdik. Muradov yenə gəlib yanımda oturdu.
- Sənin atan həkimdi, ya anan?
- Heç biri.
- Bəs deyirdin həkim ailəsində böyümüşəm?
- Əşşi sözdü də deyirdim.
- Baratov, evdə olsan, mamaya deyərdin nə bişir?
- Yarpaq dolması.
- Uy nənə. Neynədin ə? Düz doqquzduğa vurdun ey. Ona əlavə heçnə lazım deyil. Üstünə sarımsaq-qatığı tökürsən. Özü də, onu əllə yeyəsən ha. Sarıyev, eşidirsən? Çörəyi ki dolmanın üstdən basırsan, yağlı suyu çıxır. Bəh-bəh, ağzımız sulandı. İnşallah, dava bitən kimi, gedirəm sizə.
- Amin, İnşallah.
Oktyabrın 30-u.
Gecə yarısı gözlənilmədən əks hücum oldu.  Suqovuşanı ələ keçirmək üçün düşmən hücuma keçdi. Güclü atışmada xeyli itkilərimiz, yaralılarımız oldu. Amma, düşmən məğlub olub geri çəkildi. Həmin gecə qorxduğum başıma gəldi. Düşmənin atdığı minaatanın mərmisi düz Muradovun qucağına düşdü.
Anası ilə üz-üzə gəlməmək üçün, göz bəbəyim kimi qorumağa çalışdığım adam  gözümün qabağında parça-tikə oldu. O an onun yerində mən olmağı arzuladım. İlahi, bu nə dəhşət idi mənə yaşatdın? İndi mən onun vəsiyyətini necə yerinə yetirim və ya necə yerinə yetirməyim? Hönkürə-hönkürə əzalarını öz buşlatının arasına yığıb, komandirə yaxınlaşdım.
- Yoldaş baş leytenant, özünüz Muradovun məndən istəyini eşitdiniz. İndi mən nə edim?
Turxanov elə dolmuşdu ki, bəlkə, o da bu acılardan qutarmaq üçün özünə ölüm arzulayırdı. Gözümün içindəki yanğını görüb çiyinlərini çəkdi.
- Aparın morqa, orada imkan olarsa evlərinə gedərsən. Olmazsa, tez qayıt. Burda sən bizə çox lazımsan.
Sarıyevlə şəhidlərimizi maşına yığıb hospitala gəldim. Hospitalın qabağında valideyinlər maşını dövrəyə aldılar. Polislərin köməkliyi ilə cəsədləri morqa daşıdıq. Orada xahiş etdim ki, birinci Muradovun tabutunu hazırlayıb məni yola salsınlar.
2 saat sonar, təcili tibbi yardım maşını ilə Gədəbəyə yola düşdük. Sürücü yolda məndən niyə getmək istədiyimi soruşdu.
- Heç indiyədək şəhid aparmısan?
- Xeyir, birinci dəfədi. Heç bilmirəm neçə olacaq.
- Bəs niyə gedirsən?
- Yaxın dostum idi. Belə vəsiyyət etmişdi ki, məni evimizə sən apar.
- Biraz ehtiyatlı ol. Belə hallarda nəyin necə olacağı bəlli olmur. Buşlatını soyun, mənim kurtqamı geyin. Hərbiçi olduğun bilinməsin. Soruşana da de ki, hospitaldan gəlirik.
Dayının dedikləri ağlıma batdı. Onun paltarını geyinib biraz rahatlandım. Uzun yolçuluqdan sonra, axşama yaxın gəlib kəndə çatdıq. Maşını görən kimi, kənd camaatı üstümüzə qaçdı. Elə yolun ortasındaca, maşından düşürüb, Muradovu başları üstə mənzilinə apardılar. Hadisələr təsəvvür etdiyimdən 5 dəfə artıq oldu. Həyəcandan ayağım yer tutmurdu. Bu vəziyyətdə nəyin ki anasına, heç uzaq qonşusuna da cavab verməyə söz tapmadım.
Şəhidimizin dəfnindən sonra yenidən cəbhəyə qayıtdım.
 Noyabrın 5-i.
Ordumuz ard -arda zəfərlər çalır, rayonları işğaldan azad edirdi. Çox şükür, itkilərimiz də az idi.
Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş qonşumuzun dəfnində iştirak etmək üçün komandirdən icazə alıb bir günlük kəndə gəldim. Kənd camaatı cəbhədəki vəziyyəti maraqlanır, Allahdan bizə güc, qüvvət diləyirdilər. Havalar soyuduğuna görə isti paltar, papaq və əlcək alıb verdilər ki, bunu əsgər yoldaşlarına çatdır. Kəndimizdən keçən hərbi maşınların biri ilə olduğumuz yerə qayıtdım. Hamının üzündə bir təbəssüm vardı. Şuşada gedən əlbəyaxa döyüşlərdə bizim ordumuz zəfər qazanmışdı. Hələ rəsmi açıqmala olmasa da, Şuşanın azad olunması artıq məlum idi. Yuxarıdan gələn əmrdən sonra bizi maşına yığıb Şuşaya apardılar. Bu müqəddəs torpağa ayağım dəyəndə elə bildim ki, Kərbəlanı ziyarətə gəlmişəm. Özümdən ixtiyarsız - "bu cür torpaq üçün döyüşməyə və şəhid olmağa dəyər" -dedim.
Komandir əlini kürəyimə vurub dilləndi.
- Daha şəhid vermək qutardı, Baratov.
Noyabrın 8-i.
Əzəmətli Şuşa, necə heyran olmuşdumsa, adi daşı-torpağı da mənə qəribə görünürdü.
Təyin olunmuş yerdə mövqe seçib yerləşdik. İki gün burada xüsusi təyinatlılara kömək etdik. Hər tərəf minalı olduğundan burada təhlükə daha çox idi. Bacardığım qədər ehtiyatlı olmağa çalışırdım. Amma, bu gün - Şuşanın qələbə günü bu eytiyatı əldən verməli oldum. Minaya düşmüş XTD-nin əsgərini götürməyə gedəndə özüm minaya düşdüm. Hər iki ayağımdan, qarnımdan və sinəmdən yaralandım. Məni xərəyə qoyub maşına apardılar. Özümü nə qədər sıxıb saxlasam da, dözə bilmirdim. Sarıyev gözləri yaşlı əlimdən sıxdı.
- Baratov, bəs, bizi?
- Sizi nə?
- Bəs, bizi anamıza kim aparacaq?
- Siz zəfər çalıb, sağ-salamat gedərsiz.
- Yaxşı təsəllidi. Bizi burda qoyub, özün gedirsən dolma yeməyə. Amma, bu ədalətli olmadı.
Söz deməyə taqətim olmadı. Maşın hərəkətə gələn kimi, halım dəyişdi.
*
Baratov hərbi hospitala yetişmədən, aldığı ağır yaradan yoldaca həyatını itirdi. Bu döyüş müddəti ərzində heç kim bilmədi ki, Baratovun nə dolma bişirməyə anası, nə də, oğlunun qəbri üstündə saqqalını göz yaşıyla isladacaq atası yox idi. O Goranboy rayon İnternat evində böyümüşdü.


Ənvəroğlu VASİF

GENDER.AZ

































 
Tarix: 14 dekabr 2020
Baxış: 1 326

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş