Redaktor seçimi
    Səmayə Həşimova Mahsun Kırmızıgüllə bir arada – Fotolar
Xəbər lenti
Reklam
H. Z. Tağıyev xeyriyyəçi idi, bəs Mübariz Mənsimov?

Türkiyədə yaşayan və məhkəmənin qərarına əsasən, İstanbuldan kənara çıxa bilməyən iş adamı Mübariz Mənsimovun son video müsahibəsi günlərdir müzakirə edilir. Sosial şəbəkələrdə onun barəsində mənfi və müsbət bir çox rəylərə və fikirlərə rast gəlmək olar. Ümumi müşahidəmdən belə bir nəticəyə gəldim ki, ölkəmizdə Mənsimova yanaşmada ciddi bir qütbləşmə mövcuddur. Etiraf etmək lazımdır ki, onun ölkədə kifayət qədər tərəfdarı var. Bununla yanaşı, Mənsimovun saxtakar, insanların həssas hisləri ilə oynayan bir fırıldaqçı olduğunu düşünənlər də az deyil.
Mənsimov barəsində səslənən mübahisəli məsələlər bir yana, onun formalaşdırdığı xeyriyyəçi imici diqqətimi çəkdi. Aydın görünür ki, bu şəxs açıqca sıradan insanlara deyil, daha çox reytinqini və elektoratlarının sayını artıracaq cəmiyyətin həssas təbəqəsi dediyimiz kəsiminə yardım edir. Daha fərqli desək, Mənsimov özü barəsində “müasir Hacı Zeynalabdin Tağıyev” imici yaratmağa çalışır.



Şəxsən Mübariz Mənsimovun xeyriyyəçilik fəaliyyəti mənə səmimi və inandırıcı gəlmir. Çünki özünə “müasir Hacı Zeynalabdin Tağıyev” imici yaratmaq istəyən Mənsimov xeyriyyəçiliyin dini və fəlsəfi iki əsasını kobudca pozur: 
Birincisi, Mübariz Mənsimov köməklik göstərdiyi şəxslərin görüntülərini sosial şəbəkə üzərindən daha çox insana çatdırır. O bununla faktiki olaraq cəmiyyətin aztəminatlı kəsimi üzərindən ətrafındakı elektoratları artımağa çalışır. 
Mənsimov yaxşı bilir ki, xeyriyyəçilik adı altında yumşaq gücdən istifadə insanları təsir dairəsinə salmaq, onları həssas hissləri üzəeindən manipulyasiya etmək üçün ən yaxşı yoldur. Məsələyə dini aspektdən yanaşdıqda da Mənsimovun etdiklərini xeyriyyəçilik saymaq olmaz. Belə ki, islam dininə görə, "sağ əlin verdiyini, sol əl bilməməlidir", yəni xeyriyyəçilik əməlləri hərkəsdən gizli edilməlidir. Bu fikir birmənalı qarşılanmaya bilər, ancaq təkcə islam əxlaqına görə deyil, bütünpanteist dinlərə görə edilən yaxşılıq xeyriyyə əməli qarşı tərəfin qürurunu alçaltmadan, ona mənəvi zərbə vurmadan, özünü zəif hiss etdirmədən, yəni bir sözlə qarşı tərəf bilmədən edilməlidir.
İkincisi, diqqət etmisinizsə Mənsimov sıradan insanlara yardım etmir. O tərəfdarlarını artıracaq, piarına daha çox xidmət edəcək, ona reytinq gətirəcək həssas təbəqələrdən olan insanları seçir.  Misal üçün şəhid ailələri, qazilər və ya tələbələr. Bu fakt belə Mübariz Mənsimovun ağıllı, cəmiyyətin psixologiyasını yaxşı bilən şəxs olduğunu göstərir. Etiraf edim ki, cəmiyyəti onun həssas təbəqəsi üzərindən manipulyasiya etmək xüsusi istedad tələb edir. Mənsimov isə bunu sərrast şəkildə bacarır. 
Qeyd etdiyim kimi, xeyriyyəçilikdə qızıl qayda “sağ əlin verdiyini sol əl bilməməlidir”. Misal üçün əsl xeyriyyəçi olan Hacı Zeynalabdin Tağıyev heç vaxt etdiklərini Mübariz Mənsimov kimi cəmiyyətə bu qədər yansıtmazdı. Arada bir əsirdən çox vaxt olsa da əslində Tağıyev də bu gün Mənsimovun etdiklərini edə, qəzet, jurnallar üzərindən piar kampaniyası apara bilərdi.
Prinsip etibarilə dövrün əksər qəzet və jurnalları Hacının maliyyəsi hesabına ayaqda qalırdı. 
Hacı Zeynalabdin Tağıyev də öz dövrünün, cəmiyyətinin həssas təbəqəsinə yaxşılıq edərək özünü sevdirə bilərdi. Ancaq biz görürük ki, Tağıyev daha çox cəmiyyəti ona qarşı çıxaracaq xeyriyyəçiliklə məşğul idi. Misal üçün Tağlyevin Qızlar üçün məktəb açması öz dövrünün bəlkədə ən cəsarətli addımı idi. 
Göründüyü kimi H. Z. Tağıyev xeyriyyəçi idi, bəs Mübariz Mənsimov?

Turan Rzayev
Gender.az
Tarix: 07 may 2022
Baxış: 192

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş