“Bu gün küçələrə çıxan insanlar əsassız olaraq dövlətimizi zəiflədir, əhalinin dincliyini pozurlar”.
Bunu Ermənistanın xalq artisti, rejissor Nikolay Tsaturyan deyib.
Onun sözlərinə görə, bu gün İrəvanda baş verənlər çox acınacaqlı sonluqla bitə bilər: “Nikolu dəyişəcəklər, yerinə başqasını gətirəcəklər, sonra da ona qarşı döyüşəcəklər”.
Tsaturyan bildirib ki, müxalifətin bugünkü mübarizəsinin yeganə əsas məqsədi hakimiyyəti ələ keçirməkdir:
“Onlar başqaları deyil, iyrəndiyimiz, bezdiyimiz köhnə qüvvələrdir, bunlar oğru və quldurdur, planları yoxdur. Heç bir yüksək hədəflərinin olduğunu düşünmürəm. Özləri də korrupsiyalaşdığı üçün Rusiyaya həsəd aparırlar. Onlar həmin ölkə (Rusiya) ilə dost olacaqlar və yenidən bizi ələ keçirməyə başlayacaqlar”.
Tsaturyanın sözlərinə görə, müxalifət uzun müddətdir danışır, amma konkret proqram təqdim etməyib ki, xalq ona arxalansın, yoxsa etiraz etsin.
Onun fikrincə, insanlar əvvəlki üç liderə (Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan) qarşı nə üçün mübarizə apardıqlarını bilirdilər, bunun səbəbləri var idi, indi bunun mənası yoxdur.
Tsaturyan müxalifətin Qarabağ məsələsindən siyasi hədəfləri üçün istifadə etdiyini deyib və bununla bağlı hədəflərinin olduğuna inanmadığını vurğulayıb:
“Çox şey deyə bilərlər. Mən də deyirəm ki, onlar dəvədirlər, əksini sübut etsinlər. Başımıza gələnlərdən dərs almalıydıq, amma biz bunun əksini edirik. Onlar yanlış siyasətlə məşğuldur. Türkiyə və ya Azərbaycan bayrağını yandırmaq qürur deyil, kiçik düşüncəli adamın ideologiyasıdır. Müharibədə uduzmaqdan danışırlar, amma bizim kiminlə vuruşduğumuza baxmırlar. Azərbaycan qüdrətli ölkədir, daim silahlanır, hazırlaşır. Bizim isə nə silahımız, nə də pulumuz var. Amma güclü diasporumuz var. İndi diaspora da kömək etmir, çünki bilir ki, göndərdikləri pulları indi etiraz edən müxalifətin liderləri vətənin xeyrinə istifadə etmək əvəzinə öz ciblərinə doldururlar”.
Tsaturyan insanları Baş nazir Nikol Paşinyanın ətrafında birləşməyə çağırıb:
“Nikol bizim atamızdır, əgər hər bir kişi öz ailəsini qorumaq məcburiyyətindədirsə, baş nazir də bunu etməyə, Ermənistanı qorumağa borcludur. Müxalifət də hakimiyyət davasını unudub Nikolun ətrafında birləşməlidir. Amma bunu etməyəcəklər, əvəzində boş, axmaq kampaniyalar, təhqirlər edəcəklər. Bilmirlər ki, axırları hara olacaq.
Yaxşı, Vanetsyan, nə etdiyinizi bilmirik? Cənab Köçəryan, biz bilirik ki, siz nə etmisiniz, neçə milyardlar yığmısınız. Serj Sərkisyan, sənin yaratdığın mafiyanı da tanıyırıq”.
Xalq artisti qeyd edib ki, Ermənistanın liderləri həmişə ölümcül səhvlərə yol veriblər, lakin heç vaxt öz günahlarını boyunlarına almayıblar.
Bu mitinqlərin vətəndaş toqquşmalarına çevrilə biləcəyi ilə bağlı erməni cəmiyyətinin qorxusuna toxunan Tsaturyan vurğulayıb:
“Qorxuram ki, sərxoş insanlara görə səhvə yol verək. Bu, Ermənistan üçün ölümcül olardı. Ermənistanı itirmək təhlükəsi ilə üz-üzəyik. Mən bundan qorxuram. Nikola və ya başqasına qarşı necə vuruşmaq haqda yox, vətəni necə xilas etmək barədə düşünməliyik”. \\Teleqraf.com