Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Türkiyənin Mərmərə Universitetinin professoru seçilib. Bu barədə qərar Mərmərə Universitetinin Senatı (Elmi Şurası) tərəfindən verilib.
Gender.Az xəbər verir ki, eyni zamanda Kamal Abdullanın təşəbbüsü ilə bu universitetdə Dədə Qorqud Mərkəzinin açılması planlaşdırılır. Mərkəzin açılışı ilə bağlı ilkin işlərə başlanılıb. Yaxın vaxtlarda mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulub.
Kamal Abdulla bildirib ki, Mərmərə Universitetinin Dədə Qorqud Mərkəzində vaxtaşırı olaraq müxtəlif beynəlxalq konfranslar keçiriləcək:
“Bu mərkəzin açılmasında əsas məqsəd odur ki, “Kitabi-Dədə Qorqud”la maraqlanan dünya alimləri bu ideyanın, Dədə Qorqud işığının ətrafında birləşsinlər. Vaxtaşırı beynəlxalq konfranslar, dəyirmi masalar, simpoziumlar təşkil olunacaq. Bu mövzu haqqında yazan görkəmli alimlərin dəvət olunmasını Mərmərə Universiteti öz üzərinə götürüb. Ümid edirəm ki, yeni yaradılmış bu elmi qurum dünyada “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı aparılan tədqiqatların mərkəzinə çevriləcək. Bu mənada bizim əsas işimiz dastanla bağlı tədqiqat aparan Avropa və Amerika alimlərində türk tarixinə, mədəniyyətinə və ədəbiyyatına olan marağı sevgiyə çevirməkdir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığından bəhs edən “Psikanalitik, Arketipsel ve Postmodern Göstergeler Çerçevesinde Kamal Abdulla'nın Romanları” adlı yeni kitab da işıq üzü görüb.
Kitab Türkiyənin Hacı Bayram Vəli Universitetinin Çağdaş Türk Dialektləri və Ədəbiyyatı Bölməsinin professoru Figen Güner Dilekin rəhbərliyi ilə Fatih Kəskin tərəfindən yazılmış “Kamal Abdullanın romanlarında struktur, mövzu və təhkiyə” adlı doktorluq dissertasiyasının çapı ilə ərsəyə gəlib.
Həmçinin martın 11-də Kamal Abdullanın professor Rafiq Əliyevlə həmmüəllif olduğu “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Almaniyada çap olunub.
Kitab "Amazon", “Booklooker”, “Epubli” kimi böyük kitab satış saytlarında yayımlanıb.