Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir. Bu mərhələdə ən yaxşı nəticə göstərən müəllimlər ictimaiyyətə təqdim olunur və onların təcrübələri, tövsiyələri həmkarlarına çatdırılır.
Sertifikasiyanın müsahibə mərhələsi ilə bağlı fikirlər bəzi hallarda birmənalı olmasa da, işin gedişi və nəticələr göstərir ki, bu proses də həddindən artıq vacibdir. Hətta bu istiqamətdə müəyyən boşluqlar olsa da...
Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərar 2020-ci il 30 aprel tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Bu qayda dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.
Qaydalara əsasən təhsilverənlərin sertifikatlaşdırılması prosesi 2 mərhələdən ibarətdir: test (60 sual və 60 bal) və müsahibə (40 bal). Sertifikatlaşdırmadan keçmiş müəllimlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər.
2021-ci ildən təşkil olunan müəllimlərin sertifikatlaşdırılması prosesində indiyədək 64 min 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçən 17 min 426 müəllimin vəzifə maaşına 35 faiz, 38 min 84 müəllimin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub.
Təkcə bu il müəllimlərin sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən 21 minə yaxın müəllim, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib. Test imtahanı mərhələsində 6600 müəllim 51 bal və daha yuxarı, 11 min 318 müəllim isə 30 bal və daha yuxarı nəticə göstərib.
Sertifikatlaşdırma prosesinin ikinci vacib tərəfi olan müsahibə mərhələsi isə avqustun sonlarından etibarən başlayıb. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunub. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.
Müsahibə mərhələsi - qaydalar və əsas meyarlar
“Sertifikasiya”nın müsahibə mərhələsi 20 dəqiqə davam edir və 4 ballıq şkala üzrə 40 balla qiymətləndirilir. Qiymətləndirmə proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarıqları əsasında aparılır.
Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür. Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal da bu meyarların cəmi üzrə hesablanır.
Məsələn, proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların isə 2 misli hesablanmaqla müsahibə mərhələsinin ümumi nəticəsini müəyyən edir. Sözsüz ki, burada ünsiyyət bacarığı üzrə toplanan balları da unutmaq olmaz.
Aşağıdakı cədvəldə müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi üzrə meyarlar təqdim olunub:
Meyar | Ballar | Əmsal | Maksimal bal |
Proqram üzrə mövzunu təqdimetmə bacarığı | 4 | 3 misli | 12 |
Təhsilalanları qiymətləndirmə bacarığı | 4 | 2 misli | 8 |
Özünü təqdimetmə bacarığı | 4 | 2 misli | 8 |
Pedaqoji prosesi təşkiletmə bacarığı | 4 | 2 misli |
|
|
| ||
Ünsiyyət bacarığı | 4 | 1 misli | 4 |
Müsahibədə azı 20 bal toplayan müəllimlər bu mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.
FORMALLIQ, YOXSA ZƏRURƏT?
Müsahibə mərhələsi yuxarıda sadalanan, müəllim üçün həddindən artıq vacib meyarları əhatə etsə də, bir neçə ildir ki, sanki test mərhələsinin kölgəsində qalıb. Sözsüz ki, müsahibə mərhələsində iştirak edən və orada yüksək nəticə göstərən müəllimlər təqdir edilməli və onların göstəricisi təhsil adına uğur sayılmalıdır. Lakin xüsusən iki səbəbə görə müsahibə mərhələsi sertifikasiya prosesində az qala, formal səciyyə daşımaqdadır:
Müsahibə nəticələrinin əmək haqqına təsir etməməsi
Bilirik ki, prosesin qaydalarına əsasən müəllim maaşına olan əlavələr onun test mərhələsində sərgilədiyi bilik və bacarıqlara əsaslanır. Müsahibədə isə hətta maksimal 40 bal toplansa da belə bu, müəllimə heç bir maddi-sosial divident qazandırmır. Nəticədə çox yüksək meyarları olan müsahibə mərhələsinin funksionallığı azalır və təhsilalanlar arasında narazılıq yaradır.
Yalnız nəzəri meyarlarla ölçülməsi
Dünya təcrübəsində müəllimlərin sertifikatlaşdırılması prosesində müsahibə mərhələsini həyata keçirən ölkələr də var. Lakin onların təcrübəsində müsahibə təkcə nəzəri əsaslandırmalarla tamamlanmır. Müəllimlər bu zaman innovativ və daha praktiki metodları nümayiş etdirərək müvafiq nəticələr əldə edirlər.
Bir sözlə, qısaca desək, müsahibə mərhələsi birbaşa psixoloji və metodiki bacarıqları ölçsə də, hazırda müəllim üçün praktik faydalılıq yaratmır.
Məsələn, müsahibədə iştirak edən minlərlə müəllimdən yalnız 30-50 sayda olanının qeyri-məqbul qiymətləndirilməsi bu mərhələnin bir o qədər də çətin keçmədiyinə işarədir. Lakin təəssüf ki, bəzi məqamlarda məsələnin sadəliyi də pərdə arxasında qalır.
Test imtahan mərhələsində sadələşdirilmiş tapşırıqların öhdəsindən çətinliklə gələn bəzi müəllimlərin müsahibə mərhələsinin daha sərt və ciddi meyarlarına tam şəkildə, yüksək səviyyədə cavab verə biləcəkləri çox da inandırıcı görünmür. Lakin test mərhələsində yüzlərlə müəllim minimal bal məhdudiyyətini (30 bal) keçə bilmədiyi halda müsahibə mərhələsində bu rəqəm həddindən artıq azdır. Biz təbii ki, istər test, istərsə də müsahibə mərhələsində bir nəfər də olsun müəllimin “kəsilməsini” qətiyyən istəməzdik. Lakin bu mərhələlər arasında kəmiyyət uyğunsuzluğu da diqqət çəkməlidir.
Deməli, ya burada müsahibə mərhələsinin özünün təşkili prinsipi, ya da qiymətləndirilməsi meyarı formaldır. Odur ki, istər sertifikasiyanın müsahibə mərhələsi ilə bağlı prinsiplər xeyli praktiki və faydalı olsa da, biz onların müsabiqənin ümumi gedişatına təsirini az görürük. Bu isə aradan qaldırılmalıdır. Çünki müsahibə mərhələsinin meyarları həqiqətən də nəzəri aspektdən mükəmməl hazırlanıb. Bunu mütləq etiraf etməliyik. Amma çox təəssüf ki, müsahibə mərhələsi sertifikasiya prosesinin test imtahanı mərhələsinin az qala, tamamilə kölgəsində qalır. Bu, yolverilməzdir. Biz ya müsahibə mərhələsindən imtina etməliyik, ya da onun təsir gücünü yenidən artırmalıyıq. Qısası, müsahibə mərhələsini praktiki yöndən daha da inkişaf etdirməli və onu formallıqdan xilas etməliyik.
Burada bir vacib detala da diqqət edək: müsahibə mərhələsinin nəzəri modulları, meyarlar və onların təhsilalanların dəyərləndirilməsindəki istifadəsi yüksək dəyərləndirilməlidir. 5 meyar üzrə təqdim olunan nəzəri modullar bir müəllimin uğurlu yönlərini aşkarlamağa kifayət edir. Aydındır ki, müsahibə mərhələsində iştirak edən namizədlər test imtahanında ən azı minimal bal öhdəliyini aşan şəxslərdirlər. Məhz onlara müsahibə mərhələsində bəzi mövzular üzrə suallar ünvanlanır, dünyagörüşü, ictimai-siyasi proseslərlə bağlı məlumatlılıq göstəriciləri yoxlanılır.
Üstəlik, konkret olaraq pedaqoji proses və onun təşkili, pedaqoji metodikalar, tədrisin uğurlu formada aparılması, kurrikulum sistemi üzərindən əlaqələndirmələr və s. soruşulur.
Həmçinin, məktəbdə dərsin təşkili ilə bağlı məqamlara diqqət ayrılır. Dərs qrafikinin yazılması, icmalların tutulması, dərsi pozan situasiyaların qarşısının alınması ilə bağlı namizədin fikri öyrənilir. Məsələn, dərsdə bir şagird davranış qaydalarına əməl etməyə, qışqıra bilər və ya qəfildən sinfə bir heyvan və ya quş daxil ola bilər – bu kimi fors-major hallarda müəllim nə etməlidir, necə davranmalıdır – namizəd bu tipli sualları cavablandırmağa çalışır. Təbii ki, təqdim olunan detallar sadəcə nümunə xarakterlidir və müsahibə mərhələsinin proqramını əhatə edə bilməz. Lakin bütün bu faktorların yalnız nəzərə aspektdən tələbi isə müsahibə mərhələsinin gücünü, ciddiliyini xeyli azaltmış olur.
Beynəlxalq təcrübədən nümunələr
Bildiyimiz kimi, müəllimlərin sertifikatlaşdırılması prosesi bir çox ölkələrdə tətbiq olunur. Bəzilərinin tətbiq etdiyi modellə bizdəki qaydalar arasında müəyyən oxşarlıqlar da az deyil. Lakin müsahibə mərhələsindəki bəzi incəliklər beynəlxalq təcrübədə çoxdan uğurla sınaqdan keçirilsə də, bizdə buna cəhdlər edilməyib.
Məsələn, Yaponiyada sertifikasiya prosesində “üç səviyyəli sınaq” tətbiq olunur: pedaqoji nəzəriyyə üzrə test; konkret fənn materialını dərindən bilmək, metodik bacarıq və səriştələr; namizədlə müsahibə, o cümlədən müəllimin kommunikativ səriştələrinin, komandada işləmək bacarığının, peşəkar keyfiyyətinin , dəyərli mövqelərinin qiymətləndirilməsi. Bu model məktəblərdə işləmək üçün müəllimlərin seçilməsini nəzərdə tutur və prefekturaların (inzibatı ərazi vahidləri) rəhbərləri tərəfindən aparılır.
Almaniyada müəllimlik statusu almaq hətta magistrantlara belə mümkün deyil. Ali məktəbin məzunu müəllim hazırlığının iki mərhələsindən keçməlidir:
nəzəri - universitetdə təhsil almaq və birinci dövlət imtahanından keçmək;
praktiki reenerdariat - təhsil müəssisəsində təcrübə və ikinci dövlət imtahanından keçmək.
Məzunların pedaqoji hazırlığını gənc müəllimlərlə işləməkdə mühüm rol oynayan pedaqoji təhsil mərkəzi həyata keçirir. Burada məzunlar dövlət imtahanlarını verir, təcrübə dövründə tam dəstək alır, nəticədə iki prosedurdan ibarət imtahan verirlər: tədris olunan iki fəndən hər biri üzrə bir açıq dərs, tədqiqat və kollokvium mövzusu üzrə müstəqil yazılı iş (şifahi imtahan).
Əgər iddiaçı iki dərs üçün kifayət qədər bal toplaya bilməsə, onda yazılı sınaq işinə və kollokviuma icazə verilmir. Kollokvium müəllim tərəfindən seçilən mövzuda müzakirə, fikir mübadiləsi formatında keçirilir. Bu imtahandan uğurla keçmək üçün namizədlər pedaqoji təhsil mərkəzində hazırlıq kursuna cəlb olunurlar. Müəllimin sonrakı peşəkar inkişafı xidməti qiymətləndirmə ilə müəyyən edilir.
Avstraliya müəllimlərin sertifikatlaşdırılması prosesini ilk həyata keçirən və bunu getdikcə daha da mütəşəkkil hala gətirən ölkələrdəndir. Burada pedaqoji təhsil aldıqdan sonra yeni işə başlayan mütəxəssislər müəllim vəzifəsinə qeydiyyata götürülür. Bu müddət ərzində müəllim adına iddiaçılar tədris və təhsilin təhlili, mentorla iş haqqında məlumatlar, inkişaf proqramları və onun həyata keçirilməsi ilə bağlı nəticələr olan portfolionun toplanması ilə illik uyğunlaşma dövründən keçirlər.
Ukraynada sertifikasiya könüllüdür, pedaqoq prosesin istənilən mərhələsində iştirakdan imtina edə bilər. Sertifikat üç il müddətindədir. Güman edilir ki, gələcəkdə “Yeni Ukrayna məktəbi” islahatının inkişafı ilə əlaqədar sertifikatlaşdırma müəllimlərin attestasiyasını əvəz edəcək.
Həll yolları və təkliflər
Beynəlxalq təcrübədə bəzi ölkələr sertifikatlaşdırılma prosesi zamanı müsahibə mərhələsindən ya ümumiyyətlə istifadə etməyib, ya da onu sonradan ləğv edib. Lakin bizim yerli təhsil caməsində sertifikatlaşdırılma təcrübəmiz çox azdır-Cəmi bir beşillik tsikl (2021-2026) hələ gələn il başa çatacaq. Odur ki, bu mərhələ bizim üçün hələlik zəruridir. Amma qeyd olunan problematik detalları, xarici təcrübədən təqdim olunan nümunələri göstərməklə bir-iki məqamın üzərində xüsusi dayanmaq lazımdı:
Birincisi, müsahibə mərhələsində qazanılan balın prosesin ümumi nəticəsinə təsirliliyi və əmək haqqı artımına “müdaxiləsi” təmin edilməlidir. Təkcə bu yenilik tətbiq edildikdən sonra müəllim namizədlər tərəfindən müsahibə mərhələsinə olan formal yanaşma tamamilə aradan qalxacaqdır. Müsahibədə hətta maksimum 40 bal toplayan namizədlərin bəziləri belə bu mərhələ üçün demək olar, hazırlaşmadıqlarını, birbaşa yollandıqlarını qeyd edirlər. (AzEdu təhsil portalında bu qəbildən olan müsahibələrin hamısı ilə tanış ola bilərsiniz.-red.) Müsahibə nəticəsinin maaşa müsbət və mənfi təsiri həyata keçdikdən sonra bu yanaşma təbii ki, aradan qalxacaq və nəticədə mərhələ daha üst səviyyəyə qalxmış olacaqdır.
İkincisi, xarici təcrübədən də göründüyü kimi, müsahibə mərhələsinin nəzəri aspektləri azaldılmalı və onu praktiki modullar əvəz etməlidir. Burada müəllim tərəfindən təşkil olunan qiymətləndirmə dərsləri, xüsusi təqdimatlar, praktiki oyunlar onun səriştəsini daha çox üzə çıxaracaqdır.
Üçüncüsü, bu mərhələ üçün nəzərdə tutulan vaxt -20 dəqiqə artırılmalı və müəllimə özünü daha sərbəst şəkildə ifadə etməsi üçün sərbəstlik verilməlidir.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: