Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Qadınların iş saatının azaldılması əmək bazarına necə təsir edər?

Bu gün Milli Məclisin keçirilən iclasında deputat Tahir Rzayev təklif edib ki, evli və uşaqlı qadınlar işə bir saat tez gəlib, elə bir saat tez getsin. Deputat bunu onunla əsaslanıdırıb ki, qadınlar ailə qayğılarından özlərinə ayırmağa zaman tapmırlar, buna görə də onlara iş saatında güzəşt tətbiq edilməlidir. 
Deputatın səsləndirdiyi təklif isə insanlar arasında müxtəlif fikir ayrılıqlarına səbəb olub. Bəziləri onu dəstəkləyirlərsə, bir çox şəxs isə belə bir qanunun olmasının insanların əmək hüququnun pozulması ilə nəticələnəcəyini, kişi və qadın arasında diskriminasiyaya səbəb olacağını düşünür. 
Azərbaycanda qadınların iş saatının azaldılması ilə bağlı qanun qəbul edilə bilər? 
Bununla bağlı Valyuta.az-a danışan iqtisadçı Eyyub Kərimli qeyd edib ki, hər bir təklifdə həm sosial, həm iqtisadi yanaşmalar əsas götürülməlidir:
"Sosial baxımdan bu təklif daha maraqlı görünür. Amma biz qadınların daha çox əmək bazarına inteqrasiya etməsini düşünürük, müxtəlif sahələrdə çalışmağını istəyirik. Qeyd edim ki, Azərbaycan qanunvericiliyə görə, hamilə və 3 yaşadək uşağı olan qadınlara iş saatları ilə bağlı müəyyən güzəştlər tətbiq olunur".
İqtisadçı düşünür ki, belə bir qaydanın tətbiqi xanımların işə cəlb edilməsinə mənfi təsir göstərə bilər:
"Çünki sahibkarlar bu halda qadınları işə götürməyə maraqlı olmayacaq. Digər tərəfdən hər hansı bir işdə işləyən şəxsin əmək funksiyaları olur. Onların isə iş saatı qısalanda, onun əmək funksiyalarını digər əməkdaş yerinə yetirməli olur. Hesab edirəm ki, bu da əmək bazarına mənfi təsir göstərə, kişilərin daha çox işə cəlb olunmasına səbəb ola bilər. Bu həm də gizlin diskriminasiyadır. Çünki bu gün ölkədə kişi və qadın hüquqlarının bərabərliyi uğrunda məsələlər qaldırılırsa, gender bərabərliyi deyilirsə, qadınlarla kişilərin əmək hüquqlarında bir fərq olmamalıdır". 
Eyyub Kərimli deyib ki, belə bir qanunun qəbul olunması həmin qadınların məvaciblərinin də aşağı düşməsinə səbəb ola bilər:
"Bu gün biz onsuz da bəzi sahələrdə qadınların daha az əməyə cəlb edilməsini müşahidə edirik. İş saatlarının azaldılması, həm əmək bazarına, həm də məşğulluğa mənfi təsir göstərə bilər".

Tarix: 24 may 2024
Baxış: 115

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş