"Böyük Britaniya kimi nəhəng dövlət belə ucuz ssenarilər üzərindən strateji sərmayəyə yatırım etməz".
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Böyük Britaniyanın Əfqanıstan və Afrikadan ölkəsinə gələn miqrantları Ermənistan kimi ölkələrə köçürmək planını şərh edərkən deyib.
Ekspert bildirib ki, qeyri-qanuni miqrantlar inkişaf etmiş ölkələrin sosial-siyasi həyatında ciddi problemlərdən biri olaraq qalmaqdadır:
"Üçüncü dünya ölkələrindən gəlmiş belə insanlar arasında kriminal ünsürlərin, zərərli vərdişlərə yoluxmuş insanların həddən ziyadə olması istər-istəməz inkişaf etmiş ölkə cəmiyyətlərini narahat edir. Həmin narahatlığın bədəlini də hökumətlər seçkilər zamanı ödəməli olurlar. Ona görə də Böyük Britaniya kimi ölkələr bu kimi problemlərin həlli istiqamətində daha yeni üsullara əl atırlar. Belə həll yolundan istifadə etməklə üçüncü dünya ölkələrindən gələn miqrantları elə digər üçüncü dünya ölkəsinə yönləndirməklə həmin insanların öz ölkələrində yaşadıqları ağır sosial, iqtisadi, siyasi-hüquqi problemlərdən qurtulmalarına kömək edirlər.
Həmsöhbətimizə görə, London həmin miqrantları verdikləri maliyyə yardımı müqabilində Ermənistan kimi ölkələrə göndərməklə bir növ balanslaşdırılmış siyasi xətt yürüdür:
"Hesab etmirəm ki, üçüncü dünya ölkələrindən gələn miqrantları Ermənistan kimi dövlətlərə yönləndirməklə Böyük Britaniyanın hansısa dərin strateji məqsədi olsun. Bunun üçün Londonun başqa siyasi alətləri, resursları mövcuddur. Britaniya kimi nəhəng dövlət belə ucuz ssenarilər üzərindən strateji sərmayəyə yatırım etməz. Bu daha çox cari problemlərin həlli istiqamətində atılan addımdır və Londonun bu yanaşmasını ölkəsinə gələn bir qrup miqrantı başqa üçüncü dünya ölkəsində yerləşdirməklə əslində hər ikisinin cari gözləntilərini qarşılamaq baxımından həyata keçirilən siyasət kimi qiymətləndirmək lazımdır".
Qeyd edək ki, "Times" nəşrinin yazdığına görə, London yaşam tərzi pis olan ölkə sakinlərinin hər hansı bir vasitə ilə Böyük Britaniyaya köçməkdən çəkindirməyin yolunu tapıb. Onlar Afrika qitəsindən, Albaniya, Əfqanıstan, İraq, İran və Suriyadan qeyri-qanuni yollarla gələn mühacirləri öz yaşadıqları ölkələrə deyil, vəziyyəti daha acınacaqlı olan ölkələrə deportasiya etmək qərarına gəliblar. Mənbə yazır ki, Böyük Britaniya krallıqdan qovulmuş qeyri-qanuni miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb. Bu ölkələr siyahısına Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta Rika daxil edilib. Qəzet qeyd edir ki, London İrəvanla texniki danışıqlara ötən ilin sentyabrında krallığın xarici işlər nazirinin müavini Leo Dokertinin Ermənistana səfər zamanı başlayıb.
Rüfət Sultan