Birləşmiş Millətlər Təşkilatı (BMT) 100 yaşdan yuxarı insanların sayında əhəmiyyətli artım müşahidə edir.
1990-cı ildə 100 yaşdan yuxarı cəmi 92 min nəfər var idisə, 2021-ci ildə bu rəqəm 621 minə çatıb.
Gender.az “medicina”ya istinadən xəbər verir ki, sağlam yaşlanmaqda genetik faktorlar və həyat tərzi böyük əhəmiyyət kəsb edir, lakin mütəxəssislər bəzi psixoloji amillərin də uzunömürlülüyə təsir etdiyini düşünürlər.
İspaniyanın Madrid Universitetindən akademiki Maria Dolores Merino illərdir yaşı 100-dən yuxarı olan insanları müşahidə edir. O, son araşdırmalarından birində uzunömürlü insanların bəzi ümumi xüsusiyyətlərini səkkiz kateqoriyada qruplaşdırıb.
1. Həyat enerjisi
100 yaşdan yuxarı olanların ən xarakterik xüsusiyyətlərindən biri həyat enerjisidir. Özünü həyat dolu hiss etmək mühüm psixoloji amildir.
Maria Dolores Merino deyir: “Müsahibimiz olan 100 yaşlı qocalar həyata davam etmək arzusunda idilər. Onlarla danışanda 100 yaşdan yuxarı olduqlarını heç vaxt təxmin etməzsən. Onlar çox daha gənc şəxsiyyət nümayiş etdirirlər. Bu insanların əksəriyyəti yaşamaqdan həzz aldıqlarını deyirlər. Bu, heyrətamizdir”.
2. Sosiallaşmaq həvəsi
Araşdırmalar göstərir ki, 100 yaşdan yuxarı insanlar sosiallaşmağa həvəslidirlər.
“Onların ailəsi və ya dostları ilə yaxın münasibətləri var. Onlar başqalarına bacardıqları qədər kömək edirlər və sevildiklərini hiss edirlər, bu, çox vacibdir” – Maria Dolores Merino deyir.
ABŞ-ın Boston şəhərində yaşı 100-dən yuxarı olan insanları araşdıran layihəni həyata keçirən Steysi Andersen də eyni fikirdədir.
O, 100 yaşını keçənlərin yeni insanlarla tanış olmağa açıq olduqlarını müşahidə edib:
“Təəssüf ki, 100 yaşın bir mənfi tərəfi odur ki, tanıdığınız insanların çoxu artıq dünyada olmur. Ona görə də yeni insanlarla tanış olmaq çox vacibdir.”
3. Məsuliyyət və məqsəd
100 yaşdan yuxarı insanların başqa bir ümumi xüsusiyyəti məqsəd sahibi olmalarıdır.
“Onlar məsuliyyətli və çalışqan insanlardır. Məqsədlərinə çatmaqda qərarlıdırlar”, – Merino deyir.
Andersen isə 100 yaşdan yuxarı insanların uşaqlarının da öz ailələrinin yolu ilə getdiklərini bildirir:
“Uzun ömür ilə həyatda məqsəd qoymaq arasında əlaqə var”.
4. Dözümlülük
Uzun ömrün “sirləri” arasında dözümlülük və çətinliklərin öhdəsindən gəlmək gücü önə çıxır.
Çətinliklər qarşısında dözümlü olmaq və onlardan təcrübə qazanmaq uzunömürlülüklə birbaşa əlaqəli ola bilər.
“Bu, çox vacibdir, çünki çətinliklərlə üz-üzə qaldıqda davam etməyə imkan verir. Bu, onların psixoloji zədələnməsinin qarşısını alır”, – Merino deyir.
5. Öz həyatına nəzarət
Digər psixoloji ortaq cəhət isə 100 yaşdan yuxarı insanların öz qərarlarını vermələri və həyatlarına nəzarət etmələridir.
“Onlar müstəqildirlər və həyatlarını istədikləri istiqamətə yönəldə bilirlər”, – deyə Merino bildirir.
6. İntellektual motivasiya
Aktiv beyin, maraq, öyrənmək istəyi və özünü inkişaf – bunlar tədqiqatçıların 100 yaşdan yuxarı insanlarda müşahidə etdiyi xüsusiyyətlərdir.
“Onların əksəriyyəti, sosial təbəqəsindən asılı olmayaraq, həvəsli oxuculardır və öz kitabxanaları var”, – deyə Merino qeyd edir.
7. Pozitiv olmaq
Andersenin fikrincə, 100 yaşı tamam olanların dünyagörüşü əhəmiyyətli dərəcədə müsbətdir:
“Yaşı 100-dən yuxarı olan adamların “kaş yaşamayaydım” dediyini demək olar ki, heç eşitmirsiniz. Amma 40 yaşlılardan “özünüzü 100 yaşda görmək istəyirsinizmi?” deyə soruşsanız, çoxu “yox” deyəcək”.
Merinonun araşdırmasına görə, daha uzun yaşayanlar “xoşbəxtlik” mənasında deyil, “xırda şeylərlə əylənməyi bacarmaq” mənasında pozitivdirlər.
8. İdrak və qavrayış
Nəhayət, daha uzun ömür sürənlərdə müşahidə edilən başqa bir ümumi xüsusiyyət də qavrayış gücüdür.
Merinosa görə, bu insanlarda düşünmə, əsaslandırma və problem həll etmə kimi idrak qabiliyyətləri önə çıxır:
“Onların davranışlarının çoxu bizi zəkaya və dərrakəyə aparır. Məsələn, onlar öz-özünə öyrənən insanlardır, xüsusi təlim almadıqları məsələlərdən qorxmurlar, öyrənməyi sevirlər”.