"3 min manat qonarar verib deyirlər ki...",- Rasim Balayev kinomuzla bağlı sirləri açdı- MÜSAHİBƏ
Azərbaycan kinosunun ən parlaq simalarından biri, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevdir. Kinomuzun durğunluq dövrünü həzm edə bilməyən, bu səbəbdən də çox zaman şikayətlərlə gündəmə gələn Azərbaycan kinosunun Nəsimisi, Babəki, Beyrəyi Rasim Balayevlə söhbət kimə maraqlı olmaz ki... Musavat.com-un əməkdaşı Xalq artisti ilə həmsöhbət olub.
Həmin müsahibəni təqdim edirik:
-Rasim Balayevin əhvalı necədir?
Belə də, turşa şirin.
-Niyə elə?
Qocalırıq da... Adam yaşlandıqca problemlər çıxır, amma bu günümüzə də şükür.
-İşləriniz necə gedir?
İşdir gedir, amma ən böyük dərd odur ki, kino çəkilmir. Bu, ümumi dərddir, yəqin ki, filmi ərsəyə gətirən heyətin marağında deyil.
-Niyə Azərbaycan filmlərindən danışarkən keçmiş zamanda danışırıq. Niyə istər ssenari, istər aktyorluq cəhətdən indiki fimlər əvvəlki filmlərin yerini vermir?
Bilirsiz, bu kinonun başına nə oyunlar açıblar. Əvvəl “Госкино” var idi - Kinomatoqrafiya komitəsi, sonradan bu qurum Mədəniyyət Nazirliyində bir şöbəyə qədər gəldi. SSRİ zamanında pis-yaxşı bir sturuktur var idi. Həmin struktur dağılandan sonra 6 il Azərbaycan kinosuna maliyyə ayrılmadı, kinostudiyanın kollektivi dağıldı. Məncə kino sahəsi müstəqil olmalıdır. İndi Azərbaycan Respublikasının Kino Agentliyi yaradıldı, bu da təəssüf ki, Mədəniyyət Nazirliyinə baxır. Mənə elə gəlir ki, o, Nazirlər Kabinetinin nəzdində ayrıca bir qurum olmalı idi. Əgər bir agentlik Mədəniyyət Nazirliyinin kino şöbəsinə baxacaqsa, onun yaranmasının heç bir əhəmiyyəti olmayacaq. Rejssorlar yetişmir, ancaq serial çəkirlər. Deyəndə acıqlarına gəlir, indiki seriallar ancaq “xaltura”dır. Orda heç bir sənət əsərindən söz gedə bilməz, uzun-uzadı məişət mövzusu, başqa da heç nə...
-Sizə görə Azərbaycan kinosunun ən məhsuldar vaxtları hansı dövrləri əhatə edir?
Çox şükür ki, mən o dövrləri gördüm, 1970-ci illər, birdə 1990-95-ci illər kinostudiyanın ən aktiv dövrləri olub deyə bilərəm. Demirəm hər film mükəmməl idi, orta səviyyədə filmlər olurdu, hətta zəif filmlər də olurdu, amma nəsə ortaya qoyulurdu. Qısası, Azərbaycan filmində bir dinamika var idi. O vaxtlar kinostudiyada 1200-dən çox adam işləyirdi, kinostudiya dublyaj verirdi. Bu gün dublyaj görürsünüz nə gündədir? O illərdə ildə 60 film dublyaj edirdik. İndi televiziya pul vermək istəmir. İki nəfər diktor mətni ilə dublyaj edirlər, vəssalam. Belə iş olmaz axı.
-Sizcə bu inkişaf rəhbərliyin səriştəsinə bağlıdır? Məhsuldar dediyiniz dövrlərdə kinostudiyanın rəhbərliyində kimlər idi?
Düzdür, rəhbərlikdən çox şey asılıdır, amma hər şey təkcə bir adamdan da asılı ola bilməz. Çünki kino kollektiv əməyin məhsuludur. Filmə büdcədən ayrılan pulu mənimsəmək olmaz. Bir dəfə “Hüseyn Cavid” filminə çəkiləndə mənə 3000 manat qonarar verdilər, baş rola görə 3000 manat azdır. Dedilər, pul yoxdur, dedim ki, əlbəttə olmaz. 1 milyon pul buraxılıb, 200 000 manat əvvəlcədən mənimsənilib. Bir neçə il öncə də bir qurum yarandı, filmin keyfiyyəti heç veclərinə olmadı, ancaq “filmdən nə qədər mənimsəmək olar” deyə düşünüldü. Sizcə belə vəziyyət olan yerdə keyfiyyətli film ərsəyə gətirmək olar?
-Belə çıxır ki, Azərbaycan kinosunun yenidən oyanması üçün “elektroşok” lazımdır?
Təxminən deyə bilərik ki, Azərbaycan kinosu reanimasiyadadır. Bilirsiniz problem nədir? İndikilər az qala nəzəriyyə olmadan birbaşa kino çəkmək istəyirlər. Bədahətən Allah vergisi ilə Aşıq Ələsgər olmaq olar, Əliağa Vahid olmaq olar, kinonu isə fitri istedadla çəkmək mümkün deyil axı. Əvvəllər kinostudiyanın “papka”sında “zapas” filmlər olurdu. Bu gün ssenari yazan da yoxdur, rejissor da yoxdur, hələ operatorları demirəm. Toy çəkən adamlar kino da çəkirlər. Əvvəllər kino institutu var idi, gedib xaricdə oxuyub gəlirdilər. O vaxtlar əsl kinorejissor, kinooperator yetişdirirdilər.
-Teatra və kinoteatra olan maraq əvvəlki illərlə müqayisə sizi nə dərəcə qane edir?
Bir zamanlar “prokat” vardı, prokat ləğv oldu, hamı gedib filmlərə kinoteatrlarda baxırdı. 30-dan çox kinoteatr var idi. Bu gün bir neçə kinoteatr qalıb, qalanını satdılar, yerində evlər, kafelər, marketlər tikdilər. Olanlarda da iki-üç dənə xarici kino göstərirlər. Düzdür, indi texnika inkişaf edib, hər kəs istədiyi filmi istədiyi zaman, istədiyi şəkildə izləyə bilir. Yəni hər şey bir düyməyə baxır, kinoteatrda filmə baxmağın isə ayrı yeri var, işıq sönür və bütün fikir həmin filmə yönəlir. Amma evdə filmə baxanda hər dəqiqə dayandırıb, nəsə söhbət edirsən, gah da özünə çay-yemək gətirirsən. Bu, kinoteatrdakı effekti vermir.
-“Bu rolu mən daha yaxşı ifa edərdim” - deyəcəyiniz bir obraz varmı?
Bir çox xarici ölkələrdə aktyora spesifik olaraq rol yazırlar, bizdə isə elə bir şey olmayıb. Məsələn, Alpaçinonun imkanlarına uyğun rol yazılıb. Mənim yadımdadır ki, Cəfər Cabbarlının yaradıcılığını oxuyanda teatrdakı aktyorların potensial imkanlarına uyğun rollar yazıldığını görürdük. Bu, teatrda ola bilər, amma filmdə bir ssenarist yazır, ayrı bir rejissor rolları bölüşdürür. Kinoda əsas olan da rejissorun rolları düzgün bölməyidir. Bu tip peşəkarlıq da bu gün çatmır, xülasə, əskik tərəflərimiz çoxdur.
-Sizin kimi yaşınıza uyğun rolları ifa edəcək aktyorlar varkən, gənc aktyorun yaşlı obrazı canlandırması nə dərəcədə doğrudur?
Bir dəfə kinoya dəvət etdilər, bekar idim, dəvəti qəbul etdim. Çəkiləndən sonra özümə baxanda xəcalət çəkdim, sonra o filmin çəkilişlərinə getmədim. 40 serialı film olacaq dedilər. 1 seriyanın ssenarisini verdilər, 39-u qaldı. Dedilər ki, qalan ssenarini çəkə-çəkə yazacağıq. Bu nədir siz Allah, kollektiv oturur, hərə bir söz deyir, bunlar ssenari yazır. Xalturadır da... Yazıq aktyorlara da 30-50 manat verirlər. Gördüm işini bilən adam yoxdur, dedim mən gəlmirəm. Yazarsızsız ki, qəzaya düşdü öldü. O cür kinolardan tamaşaçı nə ibrət götürəcək? Filmin ali məqsədi, qayəsi yoxdur.
-Xarici filmlərdə necə?
Türkiyədə, Orta Asiyada çox filmlərdə çəkilmişəm. Elə filmlərim var ki, heç özüm görməmişəm o filmləri. SSRİ dağıldı, əlaqələr itdi.
-Hansı filmlər idi?
Məsələn “Oyanış” və “Təkbətək” filmləri var idi. O filmlərdən fotolar var, amma heç birinin filmlərini görməmişəm.
-Xaricdə yaşamaq şansınız varkən niyə getmədiniz?
1994-95-ci illərdə TGRT kanalının çəkdiyi filmlərdə oynadım. Məni Türkiyədə saxlayırdılar, qalsaydım bəlkə də çox məşhur aktyor ola bilərdim. Yaxşı qonarar, hətta ev də verirdilər. Müəyyən səbəblərə görə qala bilmədim. Sadəcə fərq odur ki, biri var 10 milyon tamaşaçının aktyoru olacaqdım, biri də var 80 milyondan çox tamaşaçının...
-Bəs peşmansınız bu qərarınıza görə?
Əslində, deyiləm, uşaqlarım burada oxuyurdular, onları yerbəyer etmək lazım idi. Bütün ailəmi apara bilməzdim, çünki onların da burada həyatları var.
-Son olaraq oxuculara nə demək istəyirsiniz?
Mən də istəyərdim ki, yaxşı rollar oynayım. 25 il o qədər filmə çəkildim, ilin necə keçdiyini bilmirdim. Bir də onda ayılırdım ki, Yeni il bayramıdır. Axır 25 ilim hədər getdi, çox təəssüflənirəm. Bu 25 ildə mən 25 filmə çəkilərdim, onun heç olmasa 5-i dillərdə dastan olardı, olmadı. Bu zamanda bu sənətə gəlmək istəməzdim, aktyor olmazdım, gedib Sədərəkdə alver edərdim. Çox istəyirəm ki, kinonun yenidən relsə düşməyni görüm. Mən çəkilsəm də, çəkilməsəm də bunu görmək istəyirəm.
Dürrə Həsənova