Xəbər lenti
Reklam
Hakim: "Mülki Məcəllənin 551-ci maddəsindəki tələblər üçün müəyyən edilmiş müddətlərin mahiyyəti aydın deyil"

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Sayyad Qafari Konstitusiya Məhkəməsinə müraciət edib.
Hakim müraciətində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin Mülki Məcəllənin 372.1, 373.1, 373.3, 551.2.1 və 553.1.1-ci maddələri baxımından şərh edilməsini istəyib.
Həmin müraciəti təqdim edirik:
"İddiaçı "Azərsu" ASC-nin cavabdeh XXXX oğluna qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş vardır. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh XXXX oğlundan su va kanalizasiya xidmətlərinə görə yaranmış 362 manat manat borc va ödənilmiş 15 manat dövlət rüsumu məbləğində pulun iddiaçı "Azərsu" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı "Azərsu" ASC qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, məhkəmə hazırki mülki iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etməmiş, tətbiq edilməli olan maddi hüquq normasının əvəzinə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmiş, öhdəliklərin xitamı üçün müddət axımının kəsilməsi və kəsilmiş müddətin yenidən hesablanması qaydasını tənzimləyən Mülki Məcəllənin 5531.1-ci maddəsinin tələblərinə əhəmiyyət verməmiş, nəticədə iddiaçı müxtəlif tarixlərdə ödəmələr etdiyindən müddətin axımı kəsilmiş, lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmiş, vaxtaşırı ödəmələr üzrə tələblərin tələbetmə müddətindən 5 ilin keçdiyini əsas gətirərək iddiaçının yalnız hazırki dövrdən 5 Il geriyə olan dövr üçün ödəməli olduğu borcun cavabdehdən tələb edə bilməsi qənaətinə gəlmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüquqi ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur.
Konstitusiya müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikde her bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunmalıdır ki, mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxt müddət adlanır. Mülki-hüquqi münasibətlərində çoxsaylı müxtəlif müddətlər mövcuddur. Hüquq ədəbiyyatında bu müddətlər ayrı-ayrı göstəricilər üzrə qruplaşdırılırlar.
Öhdəlik hüquq münasibətlərində yaranan tələblərin əsası ya müqavilə üzrə nəzərdə tutulmuş vəzifənin icrası ilə, ya da pozulmuş hüquqların bərpa edilməsi ilə əlaqədar olur. Mülki Məcələnin 367.1-Ci maddəsində göstərildiyi kimi, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Müqavilədən əmələ gələn öhdəliklərdə, bəzən də digər mülki hüquq xarakterli öhdəlik münasibətlərində kreditorun borcluya qarşı tələblərini irəli sürməsi üçün müddət müəyyənləşdirilir. Müəyyən edilmiş müddətin keçməsi tələb hüququna malik olan şəxsin, yani kreditorun tələbi irəli sürmək hüququna xitam verir.
Mülki Məcəllənin 551.1, 551.2.1, 553.1.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Kiraya haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə- hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə müddətin axımı kəsilir. Qanunvericilikdə bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Maddədə belə bir ümumi xarakterli norma nəzərdə tutulmuşdur ki, Mülki Məcellede ayrı qayda müəyyənleşdirilmədikdə bütün tələblər və şübhəsiz ki, bu tələblərin esasında dayanan öhdəlikler on il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericilikdə bu müddət adi müddət adlandırılmışdır. Bu ümumi qaydadan istisna olaraq bir sıra tələblər üçün fərqli müddətlər müəyyən edilmişdir.
Göründüyü kimi, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında və xüsusi olaraq 551-ci maddəsində nəzərdə tutulan müddətlərin keçməsinin öhdəliyin xitamının bir əsası olduğu qeyd olunmuşdur. Belə ki, bu maddədə nəzərdə tutulmuşdur ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verile bilər. Tələb hüququnun xitamı ise onun daşıyıcısı olan kreditorun mövcudluğuna son qoyur ve öhdəlik xitam edilir. Məlumdur ki, Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyin məzmununu kreditorun xeyrinə borclunun müəyyən hərəkəti etmək və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsi, kreditorun həmin vəzifənin icrasını tələb etmək hüququ təşkil edir. Əgər borclunun vəzifəsi və ya kreditorun tələb hüququ yoxdursa, öhdəlik mövcud ola bilməz. Mülki hüquqda müddətlərin keçməsi müxtəlif hüquqi nəticələrə səbəb ola bilər. Müddətin keçməsinin səbəb olduğu bu hüquqi nəticələrdən biri də iddia müddətləridir. İddia müddətləri yalnız öhdəlik münasibətlərindən əmələ gələn iddialara aiddir.
Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş tələblər üçün müəyyən edilmiş müddətlərin mahiyyəti bu baxımdan aydın olmur. Belə ki, əgər iddia müddəti hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müəyyən edilmiş müddətdirsə, sözügedən maddədə tələb üçün müəyyən edilmiş müddət, öhdəlik üzrə tələb hüququnun qüvvədə olduğu müddət kimi ifadə edilmişdir ki, bu da öhdəliyin özünün mövcud olduğu müddət mənasına gelir. Halbuki, Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulan müddətlərin keçməsinin hüquqi nəticələri və bu müddətlərin axımının dayanması və kəsilməsinə dair olan sonrakı maddələrdəki müddəalar sözügedən 551-ci maddədə nəzərdə tutulan müddətlərin bu mahiyyətdə deyil, iddia müddətləri mahiyyətində olduğunu deməyə əsas verir.
Belə ki, iddia müddətinin keçməsi nə tələbin, nə də ki öhdəliyin aradan qalxmasına səbəb olmur. İddia müddətinin keçməsi, sadəcə olaraq borcluya öhdəliyi icra etməkdən imtina etmək imkanı verir. Buna görə də, iddia müddəti keçdikdən sonra borclunun kreditor qarşısında etdiyi icra hərəkətləri əsassız varlanma təşkil etmir. Bu səbəblə də borclu iddia müddətinin keçdiyini bilmədən öhdəliyini icra etmiş olsa belə, etmiş olduğu ödənişi kreditordan geri istəyə bilməz. Hətta kreditor öhdəliyə əsasən məhkəmədə iddia irəli sürdüyü halda belə cavabdeh borclu iddia müddətinin keçdiyinə dair məhkəməyə yazılı müraciət etməsə, məhkəmə iddia tələbi ilə bağlı müddətin keçdiyini özü nəzərə ala bilməz. Yəni borclu iddia müddətinin keçdiyini irəli sürməsə, məhkəmə iddia müddəti keçmiş olan tələblə bağlı iddianı təmin etməlidir.
Yuxarıda qeyd olunanları nəzərə aldıqda Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulan müddətlərin iddia müddəti olduğunu asanlıqla və tərəddütsüz olaraq qəbul etmək lazım gəlir. Çünki Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulan müddətlərin axımı da iddia müddətlərindəki kimi icra vaxtının çatması ilə işləməyə başlayır və bu müddətlərin də iddia müddətlərində olduğu kimi və üstəlik tamamilə eyni mahiyyətdə olan hallar səbəbilə həm dayanmasının, həm də kəsilməsinin mümkünlüyü qeyd olunmuşdur. Ən əsası isə, Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulan müddətlərin keçməsinə baxmayaraq borclunun öhdəliyin icrasından imtina etmək hüququnun yarandığı, borclu bu hüququndan istifadə etmədikdə və hətta müddətin keçdiyini bilmədiyi üçün borclu tərəfindən öhdəlik icra edildiyi təqdirdə belə icra olunmuşların geri istənilməsinin hüquqi baxımdan yolverilməz olduğu bildirilmişdir.
Həmçinin o da vurğulanmalıdır ki, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üçün Mülki Məcəllənin 551.2.1-ci maddəsində 5 illik müddət nəzərdə tutulduğu halda, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətləri Mülki Məcəllənin 373.3-cü maddəsində 3 illik müddət müəyyən edilmişdir. Yuxarıda qeyd olunan bu hallar məhkəmə təcrübəsində qanunvericiliyin tətbiqi baxımdan qeyri-müəyyənlik və tərəddüd yaradır. Bu mənada məhkəmələrdə mübahisələrin həllində yaranmış fərqli yanaşma baxımından mübahisəli məqamlara aydınlıq gətirilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır". \\E-huquq.az

Tarix: 13 dekabr 2022
Baxış: 218

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş