Bu gün Azərbaycanda ibtidai sinifdə təhsil alanlardan tutumuş ali təhsil müəssələrinə hazırlaşan yuxarı sinif şagirdlərinə qədər demək olar ki, hər kəs repetitor yanına gedir. Məktəbdəki təhsil səviyyəsinin aşağı olduğunu düşünən validenlər əlavə pul vermək məcburiyyətində qalırlar. Bu da heç sübhəsiz ki, ailə büdcəsinə ciddi təsir göstərir.Günün bir hissəsini məktəbdə, bir hissəsini isə repetitor yanında keçirən şagirdlər isə xeyli problemlərlə qarşılaşırlar. Bəzi ailələrin isə maddiyyat səbəbi ilə övladlarını hazırlığa qoya bilməməsi, onların qəbul nəticələrinə təsirsiz ötüşmür.
Bəs cəmiyyət və dövlət olaraq biz nə etməliyik ki, məktəblərdə təhsilin səviyyəsi yüksəlsin və şagirdlərin repetitor yanına getməyinə ehtiyac qalmasın?
Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən təhsil eksperti Şahlar Əsgərov bildirib ki, məktəbdə təhsilin səviyyəsini yüksəltmək üçün kompleks tədbirlər görülməlidir: “İlk növbədə istər özəl, istər dövlət məktəblərində təhsilin səviyyəsi yüksək olmalıdır. Dövlət təhsil müəssisələrində təhsil yüksək səviyyədə olsa, təbii ki, heç bir valideyin öz övladını repetitor yanına hazırlığa qoymaz. Repetitor özü təhsil sisteminə arxadan vurulan bıçaqdır. Məktəbdə uşaqlar sosiallaşır, repetitor yanına gedən şagird isə əksinə fərdiləşir. Sosiallaşmış uşaqlar sosial və ictimai aktiv olur. Repetitor yanına gedən uşaqlar isə fərdiliyə üstünlük verir. Bu cür şagirdlər gələcəkdə hansı sahədə işləsələr, orada dövlətin, ictimaiyyətin, cəmiyyətin mənafeyini deyil, şəxsi mənfəətlərini güdürlər. Repetitor eyni zamanda pedoqoji prosesi pozur, hətta ən mükəmməl müəllimlər belə bəzən repetitorluq dalğasına tabe olur və məktəbdəki dərsləri yaxşı keçmir. Şagirdlərinə fərdi hazırlıqları aşılayırlar. Repetitorluq dövlətin təhsil siyasəti aparmasını əngəlliyir, orta məktəblərin yuxarı siniflərini iflic edir, eləcə də tərbiyyə və vətənpərvərliyə imkan vermir. Repetitorluq biliyin mənimsənilməsinə deyil, əzbərçiliyə xidmət edir. Bu imkandan istifadə edə bilməyən valideynlər dövlətdən narazı qalır”.
Ekspert əlavə edib ki, repetitorluq təhsil sistemini böyük bir rüşvət-korrupsiya şəbəkəsinə çevirir və kölgə iqtisadiyyatının alovlanmasına xidmət göstərir: “Biz bu problemlərin hər birini aradan qaldırmaq üçün fundemental konfrans çağırmalıyıq. Eləcə də təhsil işçilərini və digər maraqlı insanları bir araya toplayaraq bu məsələnin həll yollarını tapmalıyıq. On illərdir ki, bu problem var və artıq bəzi dövlət adamları, Milli Məclisin üzvləri də repetitorluğu müdafiə edir. Bu cür yanaşma dövlətin mənafeyi baxımından düzgün deyil. Çünki məktəblərdə ayrıca olaraq vətənpərvərlik aşılanır, müxtəlif tədbirlər keçirilir, himnimiz tez-tez səslənir. Repetitorluqda isə bu kimi məsələlərə heç toxunulmur. Mən repetitorluğu Azərbaycan təhsil sisteminə ən böyük zərbə hesab edirəm”.
Şahlar Əsgərovun sözlərinə görə, problemi həll etmək üçün artıq müəyyən addımlar atılır: “Məsələn bir neçə gün əvvəl Prezidentin sərəncamına əsasən məktəb direktorlarına, direktor müavinlərinə xüsusi maaş təyin edildi. Repetitorluğun yaranmasının əsas səbəblərindən biri də məhz məktəb rəhbərliyinin məsuliyyətsizliyidir. Çünki məktəblərdə nizam-intizam yoxdur. Bu sərancamla təbii ki, məktəb direktoru böyük məsuliyyət altına girir. Prezidentin son sərancamı bu baxımdan çox böyük əhəmiyyətə malikdir. Repetitorluğun yaranmasının bir çox nəzəri səbəbləri var. Məsələn müəllimlər tərəfindən şagirdlərin biliyinin düzgün qiymətləndirlməməsi, məktəbdə müəllimlərin şagirdlərə münasibətinin eyni cür olmaması və sairə. Bunlar hamısı repetitorun xeyrinə işləyir. Bu kimi halları isə drektor nəzarətə götürməlidir. Mən hər zaman qeyd etmişəm ki, müharibə vaxtı cəbhə komandirləri cəmiyyətdə hansı önəm daşıyırsa, sülh və əmin-amanlıq dövründə də məktəb direktorları bu önəmi daşımalıdır”.
Arifə Kərimzadə