Ağır xəstəliyə tutuldu, həkimlər ana olmağı qadağan elədi, övladını dünyaya gətirəndə öldü
Bu gün mərhum müğənni Xeyransa Məmmədovanın doğum günüdür.
Gender.az kulis.az-a istinadən bu münasibətlə müğənninin həyatına dair 10 maraqlı faktı təqdim edir.
Xeyransa Məmmədova 1966-cı ilin 26 noyabrında kasıb bir ailənin 9-cu övladı olaraq dünyaya gəlib.
***
Uşaq vaxtı həyətlərində oynayanda qəfil üstünə it cumur. Xeyransa keçirtdiyi qorxunun təsirindən şəkər xəstəliyinə tutulur.
İlk dəfə böyük səhnəyə 1980-ci ildə, 14 yaşında çıxıb. Lenin sarayında (indiki Heydər Əliyev Sarayı – red.) rəsmi tədbirdə Cahangir Cahangirovun “Ana Kür” mahnısını ifa edir. Tədbirdən sonra Heydər Əliyev səhnə arxasına keçərək balaca qızcığazın kimliyi ilə maraqlanır, xəstəliyini biləndən sonra müalicəsinə göstəriş verir. Bu hadisə Xeyransaya daha da məşhurluq gətirir.
***
Xeyransa Məmmədova dörd il dalbadal “Oxu tar...” müsabiqəsinin, məktəblilərin Zaqafqaziya festivalının laureatı olub.
O, “Ana Kür” mahnısını ifa edəndən sonra hər dəfə o qədər alqışlanırdı ki, hətta Xalq artistləri onu qısqanırdı.
***
Maestro Niyazi onu övladlığa götürmək istəyib. Xeyransa Məmmədova maestronun təklifinə bu cür cavab verib: “Mən sizi çox sevirəm, amma evimiz üçün darıxaram axı”.
Boş vaxtlarında pianoda, qarmonda, nağarada müxtəlif mahnıların oynaq ritmlərini çalmağı xoşlayırdı.
***
O, “Azkonsert”də sürücü işləyən gənclə ailə həyatı qurmuşdu. Onların övladları olmamışdı. Həkimlər Xeyransa Məmmədovaya övlad dünyaya gətirməsinə qətiyyən icazə vermirdilər.
Son müsahibəsində Xeyransa xanım deyir:
“Görəsən, qorxulu yuxularıma nə vaxt son qoyulacaq. Elə hey şirin yuxu görmək istəyirəm. Ancaq qorxulu, dəhşətli yuxular görürəm... Çox yox, kaş 50 il yaşayaydım, planlarımı həyata keçirə biləydim. İstəyirəm ki, əvvəli xoşbəxtlik, uğur olan sənət addımım bədbəxt sonluqla bitməsin”.
***
Həkimlərin qadağalarına rəğmən beş dəfə hamilə qalan müğənni hamiləliyini sonlandıra bilmir. Uşaqlar tələf olur. 1995-ci ildə 5-ci dəfə övlad dünyaya gətirən Xeyransa Məmmədova doğuş zamanı dünyasını dəyişir.