Redaktor seçimi
    Səmayə Həşimova Mahsun Kırmızıgüllə bir arada – Fotolar
Xəbər lenti
Reklam
Elman Nəsirov: "Qarabağdakı erməniləri öz vətəndaşlarımız hesab edirik"

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADA Universitetində təşkil olunan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”mövzusunda keçirilən beynəlxalq konfransda toxunduğu əsas məsələlərdən biri Ermənistan tərəfindən mədəni, tarixi abidələrin dağıdılması ilə bağlı idi. Cənab Prezident vurğuladı ki, bu məsələdə də ikili standartlar siyasəti  gedir. O qeyd etdi ki, Ermənistan Azərbaycana məxsus 67 məscidin 65-ni tamamilə dağıdıb, yerlə-yeksan edib, digər ikisini də yararsız hala salıblar”.
 
Gender.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat əlavə edib ki, prezidentimizin  əsas diqqət çəkdiyi məsələlərdən biri də vaxtilə bizim UNESCO-nun rəhbərliyini məlumatlandırmağımız və onları işğal olunmuş ərazilərə dəvət etməyimiz idi:
 
“Təbii ki, onlar heç bir halda bizim yanaşmamıza, çağırışlarımıza məhəl qoymadılar. Bunu da onunla əsaslandırırdılar ki, guya onlar siyasi məsələlərlə məşğul deyillər, bu, onlara aid olan məsələ deyil. Ancaq İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişib, sanki mədəni irsin qorunması məsələləri onlar üçün indiki halda prioritet məsələyə çevrilib. Vaxtilə isə bu məsələdə tam sükut, biganəlik nümayiş etdirirdilər, indi daha çox qondarma tarixi erməni abidələrindən bəhs edirlər. Onların dağıdılması ilə bağlı erməni yalanlarını tirajlayırlar. Amma, əslində isə onlar Azərbaycanın çağırışına səs verib, işğaldan azad olunmuş ərazilərə gəlməkdən imtina edirlər. Çünki gələrkən hesabat hazırlamalı olacaqlar. Təbii ki, hesabatlarında yazmalı olacaqlar ki, Cənab Prezidentin də qeyd etdiyi kimi, ermənilər Azərbaycanın 65 məscidini yerlə-yeksan edib. Bundan başqa, onlar hesabatlarında Ermənistanın Ağdamdakı məsciddə donuz və inək saxladığını, habelə, erməni, xristian, alban dini abidələrinin toxunulmaz vəziyyətdə saxlanıldığını, eyni zamanda Bakı şəhərinin mərkəzində erməni kilsəsinin dövlət hesabına təmir edildiyini qeyd etməlidirlər. Qeyd edim ki, orada 5 mindən çox erməni kitabı da toxunulmaz vəziyyətdə saxlanılır”.
 
“Ancaq bu da bir həqiqətdir ki, İrəvanda məscidlərin adı dəyişdirilib və onlara fars məscidi adını qoyulub, Şuşada da eyni addımı atıblar. Qeyd edim ki, Şuşada da məscidlərin mənşəyini dəyişmək üçün İrandan mütəxəssislər cəlb ediblər. Bu məsələ ilə bağlı Azərbaycanın xarici işlər naziri İranın Azərbaycandakı səfirini dəvət edib və onlara dövlətimiz öz diplomatik notası təqdim edib ki, bu addımlar qəbuledilməzdir. Eyni zamanda, Cənab Prezident Qarabağdakı erməni əhalisinin bizim vətəndaşlarımız olduğunu da vurğuladı. Biz onları öz vətəndaşlarımız hesab edirik və Azərbaycan çox millətli dövlətdir. Erməni əhalisi də ölkəmizin digər xalqları olaraq eyni hüquqlara, eyni səlahiyyətlərə malik olacaqlar. Bunu nə qədər ermənilər çox dərk etsələr, bir o qədər onlar üçün yaxşıdır,”-deyə millət vəkili vurğulayıb.

Tarix: 03 may 2022
Baxış: 146

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş