Nə qədər fitrə zəkatı verməliyik? - QMİ 15 manat deyir, din xadimi isə...
Müqəddəs Ramazan bayramına sayılı günlər qalır. Bayram günü vacib buyurulan əməllərdən biri də fitrə zəkatının ayrılmasıdır. Bizə bəlli olan, bayramdan əvvəlki gecə 3 kiloqram buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalının pulunun ayrılması, bayram namazına qədər ehtiyacı olanlara verilməsidir. Bu il isə Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının məbləğini adambaşına 15 manat müəyyən edib. QMİ-nin nümayəndəsi, imam Bəxtiyar Nəcəfov bildirib ki, fitrə zəkatının məbləği yaşanılan dövrün xərclərinə, tələbatına əsasən müəyyənləşdirilir.
İmamın sözlərinə görə, dinimizin gözəlliyi bundadır ki, biz zamanla, məkanla ayaqlaşırıq:
“Bu gün yeməkxanaya gedəndə bir stulun qiyməti 10-15 manat arasında dəyişir. Fitrə çıxarılan zaman da əsas yediyimizin zəkatını verməliyik. Biz təkcə un, çörək yemirik, çörəyin yanında düyü, xurma istehlak olunur. Buna görə də imkanlı şəxslər ailə daxilində adam başına 10-15 manat dəyərində Ramazan ayının son günü fitrə zəkatı çıxarmalıdır”.
Bunlarla bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlisi, din xadimi Hacı Şahin Həsənli bildirib ki, hər bir müsəlmana fitrə zəkat vermək vacibdir:
“Hədislərdə buyurulur ki, kim fitrə zəkatı verməsə, onun orucu qəbul olunmur. Artıq bayram axşamından fitrə zəkatı ayrılmalıdır. Fitrə zəkatının bayram namazına qədər ödənməsi lazımdır. Fitrə zəkatı 3 kq arpa, buğda, un, düyü, kişmiş, xurma və sair ərzaq növlərinin dəyəri qədər hesablanır. Hər bir ailə üzvü adından ailə başçısı tərəfindən ayrılır. Yəni biz burada miqdarı bayaq sadaladığım ərzaq növlərinin bazardakı qiymətləri ilə tənzimləməliyik”.
Hacı Şahin fitrə zəkatı üçün konkret məbləğ müəyyənləşməsini belə izah edib:
“Qafqaz Müsəlmanları İdarəsinə insanlardan tez-tez müraciətlər olunur və miqdar soruşulur. Buna görə də, 10-15 manat deyilib. Amma bazarda qiymətlər ucuz olarsa, az miqdar ayrıla bilər. Ümumiyyətlə, imkanı çatan şəxslər fitrə zəkatını daha çox ayırsalar, yaxşıdır. Çünki o fitrə zəkatından yoxsul insanların bayram süfrəsi hazırlaması üçün istifadə olunur. Ona görə də yetərli qədər olsa yaxşıdır. Amma şəriətimizdə məbləğ bazar qiymətləri ilə tənzimlənir. Qafqaz Müsəlmanları İdarəsi yəqin ki, bu rəqəmi orta bir qiymət kimi insanlara çatdırıb”.
Tarix: 30 aprel 2022
Baxış: 190
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş