Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
36 gün cəhənnəm yaşayan ukraynalı qadın: “Kadırovçular” dedilər ki, gecə yanıma gələcəklər” - MÜSAHİBƏ

Dünya Kiyev vilayətinin qısa zaman öncə azad edilmiş yaşayış məntəqələrində Rusiya qoşunları tərəfindən bəşəriyyətə qarşı törədilmiş çoxsaylı cinayətlərdən dəhşətə gəlib. Buça, İrpen və Qostomel – bu şəhərlər azad edildikdən sonra post-apokaliptik qorxu filmindən görüntüləri xatırladırdı.
 
Qostomel sakini, 35 yaşlı iki uşaq anası Darya Xavronenko müharibənin başlanmasının ikinci günündə əlaqəyə çıxmamağa başlayıb. Könüllülər çiyinlərini çəkərək onunla bağlı heç bir xəbər olmadığını bildirdilər. Onun axtarışda olması ilə bağlı elanlar 36 gün ərzində sosial şəbəkələrin Ukrayna seqmentində yayıldı.
 
Qız Rusiya qoşunları Kiyev vilayətini tərk etdiyi zaman tapıldı. “Tapıldı, zəif, ancaq sağdır”, - deyə aktivistlər yazdılar.
 
Media.Az Darya ilə işğal altındakı Qostomeldə necə sağ qalmağı bacarması barədə danışıb.
 
Bu müsahibə onun üçün asan olmadı. Darya bəzən danışa bilmədi, tez-tez göz yaşlarını saxlaya bilmədi ... Onunla bir neçə dəfə əlaqə saxlamalı olduq. Bu yaxınlarda xəstəxanada müalicəsini başa vurub, lakin psixoterapiya seanslarından keçməyə davam edir, sakitləşdirici və yuxu dərmanları qəbul edir ...
 
- Daşa, 24 fevral səhərini necə açdın?
 
- Fevralın 23-də heç nə müharibənin başlanmasına işarə etmirdi. Oğlum axşamdan məktəb çantasını hazırladı. Saat 03:48-də güclü partlayışdan oyandım. Qostomel hava limanını bombalamağa başladılar. Pəncərəyə necə yaxınlaşdığımı və parlaq qırmızı bir parıltı gördüyümü xatırlayıram. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Müharibənin başlanması barədə düşünmədim belə, sadəcə nəyinsə partladığını düşündüm. 15 dəqiqədən sonra bir-birinin ardınca partlayış səsləri eşidilməyə başladı. Evin üzərindən hava limanı istiqamətində təyyarələr uçurdu.
 
Vəziyyət məni qəfil yaxaladı. Belə hallarda necə davranacağımı, necə reaksiya verəcəyimi bilmirdim, özümü itirdim... Uşaqların əşyalarını, həm qış, həm də yay paltarlarını yığmağa başladım... Yoldaşımdan uşaqları mümkün qədər tez təhlükəsiz yerə aparmasını istədim.
 
 - Niyə onlarla getmədin?
 
- Hər kəs məndən bu barədə soruşur, hətta bu sualdan yorulmuşam. Məsələ burasındadır ki, mən valideynlərimlə danışmalı, onları da getməyə razı salmalı idim. Onlar astagəldilər, bilirdim ki, öz evlərini tərk etməkdən imtina edəcəklər. Onların mənzilləri də bizim yaşadığımız yaşayış kompleksində yerləşirdi. Əvvəlcədən yaxın olmaq üçün belə almışdılar.
 
Uşaqları ataları ilə yola saldıqdan sonra valideynlərimin yanına qaçdım. Məlum oldu ki, atam artıq Kiyevdəki işinə yollanıb, hərçənd artıq müharibənin başlandığı aydın idi. Atam bu cür məsuliyyətli insandır.
 
Aviasiya hər yeri bombalayırdı. Onda hələ də Kiyevə ictimai nəqliyyat çalışırdı. Atam heç öz maşınından da istifadə etmirdi. O, artıq Qostomelə qayıda bilmədi. Körpü partladılmışdı... Bəs nə etdi? Piyada getdi! Xəritəyə baxın, 30 km-dən çoxdur. Artilleriya işləyirdi, həyat yoldaşının və qızının onu gözlədiyini bildiyi üçün gedirdi. Yalnız gecə yarısı gəlib çatdı. Mən təkid etdim ki, təcili getməliyik. Atam imtina etdi ki, evi qoyub getmək olmaz. Biz də qulaq asdıq. Axı o zaman müharibənin uzanacağını və bu qədər genişmiqyaslı olacağını təsəvvür edə də bilməzdik. Necə böyük səhv etmişik...
 
- Siz artıq müharibənin ikinci sutkasında Rusiya hərbçilərinin yerləşdikləri ərazidə girova çevrildiniz.
 
- Gəlin, evimizin coğrafi cəhətdən harada yerləşdiyini izah edim ki, aydın olsun. Üç şəhər - Buça, İrpen və Qostomel üçün nəqliyyat qovşağı var. Bizim yaşayış kompleksimiz də bu çevrədə yerləşir. Bu yer strateji əhəmiyyətli olduğu üçün Rusiya hərbçiləri blokpost məntəqəsi qurdular. Beləliklə, çıxmağa vaxt tapmayan sakinlər vəziyyətin girovuna çevrildilər. Təsəvvür edin, pəncərələrimizin altında tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları (PDM) və s. dayanmışdı. Bütün bunlar bir addımlığımızda baş verirdi. Onlar oradan bombalayırdılar, hərbçilər özləri bizdən 20 metr məsafədə yerləşən yarımçıq tikili evdə yerləşmişdilər.
 
- Sizinlə birlikdə neçə mülki şəxs qaldı?
 
- 65 nəfər idik, çoxlu uşaq vardı. Bombardman adətən gecələr olduğu üçün hamı gecəni zirzəmidə keçirirdi. Beşinci gün bir çox kişi dözə bilmədi, ailələrini çıxarmaq qərarına gəldi.
 
- Elə atəş altında?
 
- Bəli. Dəqiq bilirəm ki, onların əksəriyyəti güllələndi, yalnız bir neçəsi təhlükəsiz şəkildə təxliyyə oluna bildi. Bizdən cəmi 18 nəfər qaldı.
 
- Rusiya hərbçiləri sizə yaxınlaşırdı?
 
- İlk vaxtlar “Kadırovçular” burada yerləşdi. Hamısı saqqallı, bədən quruluşlu, yaxşı geyinmiş, tam sursatlı. Aramızda silahlı insanların olub-olmadığını, nə qədər təhlükəsiz olduğumuzu öyrənmək istəyirdilər.
 
- Mülki şəxsləri necə yoxlayırdılar?
 
- (Ağlamağa başlayır). Qapıda dayandığımı xatırlayıram. Gördüm ki, bizim kişilərimizi gətirirlər. Onlar qabaqda, o birilər isə arxadan tüfəngləri tuşlayaraq. Zirzəminin girişinə yaxınlaşdılar. Tez getmək istədim, amma yolumu kəsdilər. Bir-iki söz atdılar – nə bilim, qəşəng, cavan... Suallar verməyə başladılar - neçə nəfərik, silah varmı... Sonra onlardan biri “limonka” (əl qumbarası – red. qeyd) çıxarıb, sancağı tam dartıb çıxarmadan ovucuma basdı və “möhkəm tut, buraxma, bizi zirzəmiyə apar” dedi. Belə fikirləşirdilər ki, əgər pusqu olarsa, mən qumbaranı yerə salacağam. Zirzəmidə hər şeyi yoxladılar, axtardılar... Yeməyin bir hissəsini, siqaretləri apardılar.
 
Yadımdadır, çıxışda onlardan biri siqaret yandıraraq dedi ki, bura gözəldir: şam ağacları, təzə evlər... Sonra əlavə etdi ki, bu çox davam etməyəcək. Ayrılarkən onlardan biri, kürən saçlısı mənə dedi ki, hazırlaşım və axşam onları gözləyim. Yeri gəlmişkən, mən yeganə gənc qız idim. Atam ona cavab verdi ki, mən onun qızıyam, o, avtomatını göstərdi. Gözlərimlə atama göstərdim ki, sussun...
 
- Gəldilər?
 
- Onlar gedəndən sonra adamlarımız yığışıb məni necə xilas edəcəklərini müzakirə etməyə başladılar. Xoruzlanmağa başladım ki, bəs heç vaxt özümü heç kimə təslim etmərəm, narahat olmasınlar. Onlar qulaq asmadılar. Vəziyyəti başa düşmədiyimi, onların məni sadəcə parçalayacaqlarını dedilər. Mənim gizlədilməmə qərar verildi. İki gün soyuqda bir transformator qutusunda gizləndim, nə yemək qırıntısı, nə də bir damcı su. Niyə orda? Məni transformator qutusunda axtarmağı kimin ağlına gələrdi?
 
- Sizi tapmağa çalışdılar?
 
- Çox axtarmadılar, Qostomelin dərinliyinə getdilər... Sadəcə bəxtim gətirdi. Bilirəm ki, çoxları mənim üçün dua edirdi. İnanıram ki, Allah qorudu.
 
- Dediniz ki, “Kadırovçular”ın ancaq başlanğıcda idi...
 
- Bəli, sonra görünür, rotasiya olublar. “Əsgərciklər” gəldi. Gənc, səliqəsiz, pis geyinmiş, söyüş söyən. Onlar hərbçiləri yox, daha çox küçə dələduzlarını xatırladırdılar. Məhz onlar mənzilləri külli miqdarda qarət etməyə başladılar. Onlar nəinki qarət edirdilər, hətta ziyanvericiliklə də məşğul idilər. Nədənsə tərk edilmiş ev heyvanları öldürülür, ətrafdakı hər şeyi qəsdən məhv edirdilər.
 
Bir gün əsəblərim tab gətirmədi, isterika başladı. Balkona çıxdım və var gücümlə qışqırmağa başladım ki, hərbçilər rədd olsunlar. Axı niyə bura gəliblər? Öz-özümə sual verirdim: onlar özləri də burada olmaqdan iyrənmirlərmi? Onlardan biri qışqırdı ki, mən içəri girim və başımı çölə çıxarmayım. Daha sonra balkon ardıcıl olaraq pulemyot atəşinə tutuldu. Bundan sonra mən bir daha emosiyalarımı bu şəkildə göstərmədim, anladım ki, uşaqlarıma hələ lazımam.
 
Paylaşmaq istədiyim başqa bir hadisə də var. Müharibənin ikinci günü biz tərəfə 200-ə yaxın hərbçidən ibarət olan desant dəstəsi gəldi.  Onlar gözümüzün qabağında mülki geyimə keçib sadəcə olaraq yoxa çıxdılar. Hara getdikləri isə bilinmir. Bəlkə də bütün bu təxribatçılar hələ də aşkar olunmayıb...
 
- Yeməksiz, susuz, işıqsız və qazsız necə sağ qala bildiniz?
 
- Müharibənin ilk günlərindən olduğum məkanda heç bir kommunikasiya yox idi. Yeni həyat şərtlərinə uyğunlaşmaq lazım idi. Bir dəfə olduğumuz binanın damına raket düşdü. Ən sonuncu mərtəbədə – yeddinci mərtəbədə yerləşən mənzilin tavanında böyük bir çuxur əmələ gəldi və biz orada soba düzəltdik. Küçədən diqqəti çox üzərimizə çəkməmək üçün həmin sobada yemək hazırlayırdıq.
 
Ərzaq ehtiyatımız var idi: müxtəlif yarmalar, makaronlar... Ancaq nəsə bişirmək üçün su yox idi. Qar yağanda onu yığıb əridirdik. Hər zaman susuzluqdan əziyyət çəkirdik. Evdə bir neçə meyvə şirəsi qutusu və şirin qazlı içki butulkaları vardı, amma adi su istəyirdik. Sakinlərdən biri mənə litr yarım mineral su şüşəsi gətirdi və mən onu hardasa 3 həftəyə qədər çatdırdım. Elə günlər olurdu ki, heç ümumiyyətlə maye içmirdim. İşğalın ilk günlərində ət və dondurulmuş tərəvəzlər bişirirdik. Sonra soyuducu işləmədiyi üçün bu məhsullar xarab oldu. Ehtiyatı kifayət qədər olan sala ilə sağ qaldıq. Son üç-dörd gün heç nə yemədim, daim qusurdum, halbuki yediyim bir şey yox idi. Mən o zaman dərk etdim ki, insan həyatda sağ qala bilmək üçün necə möhkəm ola bilərmiş.
 
- Rusiya hərbçiləri öz bazalarını necə tərk etdilər?
 
- Onlar tez toplandılar, çaşqınlıq içində idilər, ora-bura qaçırdılar. Daha sonra yüksək rütbəlilərdən kimsə maşınla gəldi və bütün həyətə söyüşlə qışqırmağa başladı ki, hərbçilər hazırlaşsınlar və ərazini tərk etsinlər. Evin pəncərələrində şüşə olmadığına görə biz hər şeyi eşidirdik.
 
- Aprelin 3-də Ukrayna hərbçiləri sizin arxanızca gəldi...
 
- Hamının onları qucaqlamağa necə tələsdiyini xatırlayıram. Bizi maşınla Kiyevə apardılar. Buçadan keçdik... Mən güclü emosiyalar yaşadım... Müharibənin bütün dəhşətlərini dərk etdim. Axı biz hər şeydən xəbərsiz idik, əlaqə vasitələrimiz yox idi... Mən öz gözlərimlə dağıdılmış yaşayış binalarını, içərisində və yaxınlığında meyitlər olan güllələnmiş maşınları, yol boyu meyitləri gördüm... Həkimlərin sonradan mənə dediyi kimi, mən panik atak və hipertonik kriz keçirdim. Kiyevə çatmamış huşumu itirdim. Hərbi həkimlər mənə bir neçə həb verib xəstəxanaya apardılar. Bunları artıq xatırlamıram. Mənə dedilər ki, məni xərəkdə aparıblar. Sonra özümə gəlib danışmağa başladım. Məni xəstəxanaya yerləşdirmək istədilər, lakin mən hər gün tibbi prosedurlar üçün gələcəyimə dair öhdəlik götürdüyüm sənədi imzaladım və xəstəxanada qalmaqdan imtina etdim.
 
- Niyə xəstəxanda qalmaq istəmədiniz?
 
- Mən sadəcə təmiz çarpayıda uzanmaq, duş almaq, ev rahatlığını hiss etmək istəyirdim. Kiyevdə dostlarımın evində məskunlaşmışam. Onlar hər gün məni müalicə üçün xəstəxanaya aparırdılar. Yadımdadır, azad edildikdən sonra ilk dəfə isti duş altında dayandım və hönkürtü ilə ağlamağa başladım.  Mən utanırdım ki, mən duş alıram, amma kimlərsə bunu edə bilmir.
 
Bir neçə gün daha yeyə bilmədim, bədənim yemək qəbul etmirdi. Həkimlər obsessif-kompulsif pozğunluq diaqnozu qoydular. İki həftə yuxum olmadı, gözlərimi yummağa qorxurdum, hər zaman qulağıma səslər gəlirdi. Zirzəmidə həmişə möhkəm yatmamaq, ayıq olmaq üçün mürgülədiyim üçün bu rejimə öyrəşmişdim. Mənə yuxu dərmanı təyin etdilər. Həmişə özümü güclü hesab etmişəm. Amma sən demə, istənilən güclü insanı sındırmaq olarmış.
 
- Çox sağolun ki, bütün bu yaşadıqlarınızı danışmaq üçün özünüzdə güc tapdınız...
 
- Ən qorxunc hekayə olmasa da, yenə də mənim hekayəmi Azərbaycanda danışın. Sadəcə demək istəyirəm ki, dünya belə olmamalıdır. Uçan raketlərin fitini eşidəndə və bir saniyədən sonra həyatda olmaya biləcəyini anlayanda keçirdiyim hissi ifadə edə bilmirəm...

Tarix: 28 aprel 2022
Baxış: 128

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş