Azərbaycanda COVID-19 pasportu tələbi ləğv ediləcək? – NAZİR AÇIQLADI VİDEO
Dünyada hələ də pandemiya davam etdiyindən ölkəmizdə də bu sahədə nəzarət tədbirləri davam edir. Mayın 1-dən qapalı məkanlarda tibbi maska tələbi ləğv edilsə də, digər məhdudiyyətlərin aradan qaldırılması cari epidemioloji vəziyyətdən asılıdır. Bu fikirlər Şamaxıda Avropa “immunlaşdırma həftəsi” kampaniyasında səsləndirilib. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru, Səhiyyə Naziri və TƏBİB-in idarə heyətinin sədri də iştirak ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Kluge Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birgə ÜST-nin “Azərbaycandakı ilkin səhiyyə xidməti üzrə nümayiş layihəsi”nin ərazisi olan Şamaxıda Avropa “İmmunlaşdırma həftəsi” çərçivəsində keçirilən tədbirlərə qatılıb.
Hans Henri Kluge jurnalistlərə açıqlamasında bildirib ki, “COVID-19 ” əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması çox effektiv həll olardı. Onun sözlərinə görə, bir doza ilə xəstəliyin bitməsi dərəcəsinə hələ ki, çatmamışıq.
Səhiyyə naziri Teymur Musayev isə qeyd edib ki, mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maska tələbi ləğv edilir. Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari epidemioloji vəziyyətdən asılıdır.
Koronavirusa yoluxma sayının aşağı olması xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub. bunu isə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
O da qeyd edilib ki, hələ də pandemiya davam etdiyindən bu sahədə nəzarət tədbirləri davam edir.