Bakının Xətai rayonunda yerləşən 165 saylı orta məktəbin şagirdi Ramal Zaur oğlu Osmanovun vəfat etməsilə bağlı məlumat vermişdik. 8-ci sinif şagirdi olan R. Osmanovun Sumqayıtda qəfildən dünyasını dəyişdiyi bildirilirdi.
Mərhumun anası Mədinə Osmanova oğlunun həkim səhlənkarlığı və biganəliyindən öldüyünü iddia edib. Qadın mətbuata açıqlamasında bildirib ki, aprelin 11-də evdə qəfil uşağın burnundan qan açılıb. Ardınca onu Sumqayıt Şəhər Uşaq Xəstəxanasına, "OMD"yə və sonda Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasına aparıblar. Valideyn həkimlərin xəstəyə arxa çevirdiyini, lazımi tibbi yardımı göstərmədiyini bildirib.
Milli Məclisin səhiyyə komitəsinin üzvü, Sumqayıtdan seçilmiş deputat Müşfiq Məmmədli də yeniyetmənin ölümü ilə bağlı iddialar səsləndirib. Bildirib ki, Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin səlahiyyətinə aid olan məsələləri icra edilməyib: "Xəstənin təxliyyəsi səhiyyə işinin təşkilinə aid olduğuna görə bir başa bu işlə həmin publik şəxsin direktoru məşğul olmalıdır. Yəni müvafiq tibb müəssisəsi ayarlanmalıdır, həmin tibb müəssisəsinin rəhbəri ilə razılaşdırılmalıdır, xəstənin vəziyyəti qiymətləndirilməlidir, təcili tibbi yardım maşınında götürülməsi imkan verirsə qərar qəbul olunmalıdır. Gediləcək tibb müəssisəsində yer həm onlayn qaydada, həm da razılaşma yolu ilə təmin edilməlidir.
Çox təəssüf ki, həmin tibb maşını özbaşına qərar verib, sonradan bizim araşdırmamız nəticəsində müəyyən olunub ki, təcili tibbi yardım maşını reanimasyon xidmət üçün uyğun deyilmiş, defibrillator nasaz vəziyyətdə, maşında oksigen təminatı isə olmayıb. Heç bir tibbi yardım göstərilmədən, sadəcə "taksi" xidməti kimi razılaşma olmadan bu cür ağır vəziyyətdə olan xəstə Bakı şəhərinə göndərilib. Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin heç bu prosesdən xəbəri yox imiş".
Millət vəkili əlavə edib ki, ciddi şəklildə həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən azad edilməlidir.
Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzi PHŞ qafqazinfoya verilən açıqlamada bildirilib ki, 2007-ci il təvəllüdlü Osmanov Ramal Zaur oğlu 10 aprel 2022-ci il tarixində saat 15:40 radələrində Sumqayıt Şəhər Uşaq Xəstəxanasına burun qanaması diaqnozu ilə daxil olub: "Xəstəyə venadaxili qan qatılaşdırıcı inyeksiyalar olunub və plazma köçürülüb. İlkin yardım göstərildikdən və uşağın vəziyyəti stabilləşdikdən sonra onun qan xəstəliyinin olduğu təsbit edilib və ailəyə təcili tibbi yardım avtomobili vasitəsi ilə Bakıya müvafiq tibb müəssisəsinə göndərilməsi təklif edilib. Ailə tərəfindən övladlarının öz müalicə həkiminin olduğu və özəl tibb müəssisəsinə aparacaqları bildirilib, daha sonra yazılı razılıqlarına (iltizamnamə) əsasən, öz istəkləri ilə uşaq xəstəxanadan çıxarılıb.
Daha sonra ailə tərəfindən uşaq özəl klinikada əməliyyat edilib və bir gün nəzarətdə saxlanılıb. 11 aprel tarixində R.Osmanovun özəl xəstəxanada vəziyyəti pisləşdikdə Təcili Tibbi Yardıma müraciət edilərək 23:00-da K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Növbətçi həkimlər təcili yardım maşınında ilkin tibbi yardım göstərildikdən sonra lor (qulaq, burun) sahəsi üzrə ixtisaslaşmış A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yönləndirilib. R.Osmanov yolda olarkən dünyasını dəyişib". \\Novoye-vremya.com