Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
"Hacılar" mövzusu, içki içənin oruc tutması, əsas ürəyi təmiz olmaqdırmı? - Hacı Şahin ilə müsahibə

“Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin Ölkə.Az-a müsahibəsini təqdim edirik:
- Hər il Ramazan ayı başlayanda bir qisim müsəlman bir gün əvvəl oruc tutmağa başlayır, digər qisim isə növbəti gündən oruc tutur. Bu nə ilə əlaqədardır? Təqvim bütün müsəlmanlar üçün eyni deyilmi?
- Quranda qeyd olunur ki, sizdən kim ayı görsə, oruc tutsun. Yəni ayın müşahidə edilməsi, Ramazan ayının daxil olması üçün şərtdir. Təkcə ayın yenilənməsi yox, həm də görünməsi şərtdir. Bu, elmi mövzulardır və şəriət də bunu elmi görüşlərə əsasən tənzimləyir. Müxtəlif ölkələrdə yerləşdiyi coğrafi ərazi ilə əlaqədar olaraq ay fərqli günlərdə görünə bilir. Ona görə də bəzi insanlar ayın yenilənməsinə əsasən oruc tutur, bəziləri isə ayın görülməsinə əsasən. Ona görə də burada müəyyən fərqlər meydana çıxır. Azərbaycanda bu məsələlər Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Şamaxı Astrofizika Rəsədxanası ilə birgə tənzimlənir. Yəni QMİ mütəxəssislərin rəyinə əsasən ehtimalları bildirir. Burada bəzən qəti söz də söyləmək olmur.  Bəzən öncədən dəqiq bilmək olmur ki, ay dəqiq görünəcək ya yox. Proqnozlar verilsə də, hava şəraitindən də asılıdır. Bunu heç bir vəchlə siyasiləşdirmək, hansısa ölkələrlə əlaqələndirmək olmaz, yanlış yanaşmadır. Hətta bəzi illərdə biz də teleqüllədən ayın görünməsini müşahidə etmişik. Bunlar elmi məsələlərdir və eyi zamanda görüş fərqləri də var. Burada hər hansı bir ixtilaflı məsələ yaxud da hansısa bir ölkədən təsirlənmək məsələsi yoxdur. 
- Eyni zamanda namaz təqvimlərində də fərqlər var. Bəzən bir neçə fərqli təqvimlər görürük...
- Hazırda Azərbaycanda QMİ-nin hazırladığı vahid təqvimlər var və bütün məscidlərdə də nəzarət olunur ki, məhz o təqvimə əsasən azan verilsin. Həmin cədvəllərdə qeyd olunan azan saatları elmi və dini baxımdan tam doğrudur. Bunu prosesdə iştirak edən bir adam kimi deyə bilərəm. Kimlərsə kənarda hansısa bir cədvəl çap etsə belə, heç bir məscid fərqli cədvəl çap edə bilməz. Bu prosesə həm QMİ, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edir və hazırda vahid təqvim var. Düşünürəm ki, bu il fərqli təqvim çap olunmayıb. Amma məlum məsələdir ki, eyni anda bütün ölkəyə, hər şeyə nəzarət etmək olmur.  
Ramazan ayında başqa aylarda günah edən insanlar da oruc tutanda bəziləri irad bildirir ki, sən belə edirsənsə, oruc da tutma. Bu fikri yanlış hesab edirəm. Ümumiyyətlə, insanların xeyir işlərinin qarşısını almaq olmaz. 
- Bütün ilboyu ibadət etməyən, spirtli içki qəbul edən insanlar arasında da bütün ayı oruc tutanlar var. Onlarla ibadət edib oruc tutan insanların orucu eyni səviyyədə qəbul olurmu?
- Allah nə qədər savab yazır bu barədə danışmaq çətindir. Onların oruc tutmasının da qarşısını ala bilmərik. Digər aylarda insan günah etsə belə, oruc da namaz kimi vacib ibadətdir. Ramazan ayında başqa aylarda günah edən insanlar da oruc tutanda bəziləri irad bildirir ki, sən belə edirsənsə, oruc da tutma. Bu fikri yanlış hesab edirəm. Ümumiyyətlə, insanların xeyir işlərinin qarşısını almaq olmaz. Oruc tutmaq xeyir işdir və insanı Allaha daha da yaxınlaşdıran bir əməldir. Hər bir halda insanların oruc ibadətini yerinə yetirməsi onların başqa günahlardan da çəkinməsinə səbəb ola bilər. Oruc insanı təmizləyir, saflaşdırır və Allaha yaxınlaşdırır. Ona görə də biz heç kimin ibadətində qarışmamalıyıq. Bəzi insanlar deyir ki, sən namaz qılmırsansa, oruc da tutma. Bu, düzgün yanaşma deyil. Hesab edirəm ki, hər bir halda insanların oruc tutması yaxşı bir haldır, vacib bir hökmün icrasıdır və biz bunu normal qəbul etməliyik. Hər bir insanın günahı var. İbadət edən insanlar da günah iş görə bilər. Ramazanda oruc tutmaqla biz həm bağışlanırıq, həm də həyatımızda yeni səhifə başlanır. Ola bilir ki, bəzən Ramazan ayından sonra insanlar qərarlarını dəyişsin və fərqli şəkildə yaşamağa can atsın.

306510

- Bəzi insanlar Ramazanda niyyət məsələsini yanlış anlayır. Buna hansısa bir arzusunu reallaşdırmaq üçün oruc tutumaq kimi yanaşanlar da var. Bu gün oruc tuturam filan istəyim gerçək olsun deyirlər.
- Ramazan ayının niyyəti ay daxil olan kimi edilir. Niyyət əslində arzu tutmaq deyil. Yəni mən müəyyən edirəm ki, bir ay Allah rizası üçün oruc tutacam.  Necə ki biz evdən çıxanda işə getməyə niyyət edirik. Yəni heç dildə deməsək belə, niyyətimiz işə getməkdir. İbadətin də niyyəti belədir. Niyyət axşamı deyiləndə yəni mən sabahdan bir ay orucam. Amma dualara gəldikdə Ramazan ayı həm də duaların qəbul olunduğu aydır. İnsanlar arzularını dilə gətirə bilər. Peyğəmbərimiz buyurub ki, bu ayda dualarınız müstəcəbdir, yəni qəbuldur. Amma bunun niyyət axşamına, niyyət günlərinə heç bir aidiyyəti yoxdur. 
Ən böyük ibadət cəmiyyətə xidmətdir. Ona görə də inanclı insanlar yaşadıqları cəmiyyətə daha çox inteqrasiya olunmalıdır.
- Dindar insanlarla bağlı, xüsusilə islam dininə etiqad edən şəxslərlə bağlı belə bir təsəvvür formalaşıb ki, onlar cəmiyyətdən təcrid olunur və qapalı mühitdə qalırlar. Bu yanaşmaya sizin münasibətiniz necədir?
- Tamamilə yanlış yanaşmadır. Dindarlıq insanın Allahın göndərdiyi kitaba əməl etməsidir. Həmin o kitab insana addımbaşı ictimai məsuliyyəti xatırladır, insanlara xidmət etməyi, elmə yiyələnməyi, təhsil almağı tövsiyə edir. Quranda və hədislərdə bircə ayə belə tapa bilməzsiniz ki, insanı cəmiyyətdən təcrid etsin. Əksinə, insanın cəmiyyətdən təcrid olunub ibadətə qapılması bizim dinimizdə yanlış addım sayılır. Peyğəmbərimiz buyurur ki, mənim dinimdə tərki-dünyalıq yoxdur. İslam dinində özünü cəmiyyətdən təcrid edib ibadətə qapılmaq  insanın ibadətinin qəbul olunmamasına səbəb olur. Hətta hədislərdə qeyd olunur ki, ailə qurmayan insanın belə ibadəti qəbul olunmaz. Çünki o müəyyən qədər özünü təcrid etmiş olur. Yəni islam ictimai bir dindir və insanı ictimai həyata təşviq edir. Peyğəmbərimizdən soruşdular ki, insanların ən çox ibadət edəni, abidi hansıdır? Peyğəmbər buyurdu ki, cəmiyyətə daha faydalı olanlar. Bu nəticəyə gəlinir ki, ən böyük ibadət cəmiyyətə xidmətdir. Ona görə də inanclı insanlar yaşadıqları cəmiyyətə daha çox inteqrasiya olunmalıdır.
Hansısa marginal qruplar, sektalar var ki, onların dinə aidiyyəti yoxdur. Onlar qarşılarına bəlli hədəflər qoyur, o hədəflərə çatmaq üçün istənilən vasitəyə, hətta zorakı vasitələrə də əl atırlar. Təbii ki, bunun islamla, Allahın göndərdiyi dinlə heç bir əlaqəsi ola bilməz.
Necə bizim üçün örnək peyğəmbərimizdirsə, müqəqddəs şəxsiyyətlərdirsə, onlar hamısı son nəfəslərinə qədər cəmiyyətə xidmət edib və insanların arasında olublar. 
Quranda namazdan danışılırsa, yanında zəkatdan danışılır. Yəni namaz fərdi ibadət kimi görünə bilər, cəmiyyətdən təcrid edə bilər, amma zəkat insana xatırladır ki, başqalarına yardım etməlisən. Fitrə zəkatı insanlara xatırladır ki, oruc tutmaqla kifayətlənmə, həm də cəmiyyətdə yoxsul insanları yad et. İslamda istənilən ibadətin sosial əhəmiyyəti var. Misal üçün Həcc ziyarəti insanlar birgə çiyin-çiyinə toplum halında ibadət edir. Ona görə də cəmiyyətə xidmət etməyən, yalnız ibadətə qapılıb dua edən insanların ibadəti qəbul olunmur. 
İnsanın halal ruzi qazanması ibadətə qapılmasından daha üstün sayılır. İbadət edən insanın ruzi arxasıyca getməsi özü də bir ibadət sayılır.
Həcc ziyarətindən gələndən sonra insan cəmiyyətə də xidmət etməlidir. 
- Əgər kimsə həcc ziyarətində 3-cü, 4-cü dəfə və s. gedirsə, deyirlər ki, ondansa həmin səfərin pulunu kasıblar üçün xərcləsə yaxşı olar. Kasıblara onsuz da ilin digər aylarında da yardım etmək olur. Nə üçün bu məsələ hər dəfə Həcc ziyarəti ərəfəsi gündəmə gəlir?
- Həcc ziyarətinin mahiyyəti həm də insanlarla yardımlaşmaqdır. Həcc ziyarətində olub qayıdan insanlar anlamalıdırlar ki, oraya ona görə getmişdilər ki, başqalarının dərdini çəkə bilsinlər, dinimizin ictimai din olduğunu anlasınlar. Ona görə də həccdən qayıdan insanlar ilboyu da başqa insanlara yardım göstərməlidir.

306514

Tarixən Azərbaycanda hacılar xeyriyyəçi olub. Düzdür, hazırda bütün hacılar zəngin insan deyil və bəzən kiminsə köməkliyi ilə ziyarətə gedir. Amma həcc ziyarətindən gələndən sonra insan cəmiyyətə də xidmət etməlidir. 
Heç zaman iki dəyəri bir-birilə toqquşdurmaq düzgün deyil. Biz kimisə yoxsullara yardım etməyə təşviq etmək istəyiriksə, bunun üçün həcci hədəf almamalıyıq. Birini elm öyrənməyə təşviq ediriksə, ibadəti hədəf almamalıyıq və ya əksinə ibadətə təşviq edəndə elmi hədəf almamalıyıq. Ola bilər ki, bu insan həcc ziyarətini bir dəfə vacib şəkildə yerinə yetirib və ora onu cəzb edib deyə növbətə dəfə getmək istəyib. Bu, insanın öz haqqıdır. Bəzi insanlar adət halına salıb və sanki həccə də bu adət üzündən gedir. Şan-şöhrət üçün həccə gedir ki, adının qarşısına "hacı" sözü əlavə olunsun, məclislərdə onu yuxarı başa keçirsinlər. Bu başqa mövzudur, həccin niyyətinə aid olan bir məsələdir.
Bəli, həccin niyyəti yanlışdırsa, bir dəfə də getsə yanlışdır, 100 dəfə də getsə. Amma həccin niyyəti Allah rizası üçündürsə, o zaman bir neçə dəfə də getsə, Allaha daha da yaxınlaşır.
Mən özüm dəfələrlə həcc ziyarətində olmuşam. Çünki qruplara rəhbərlik edirik, orada şəriət məsələlərini izah edirik. Neçə dəfə həccə gələn, ayinləri səmimi şəkildə icra edən çox sayda hacılar, gənclər də görmüşəm. Onların arasında elə hacılar var ki, kifayət qədər xeyriyyə işləri ilə məşğul olur. Birmənalı şəkildə "həccə getməkdənsə, kasıblara kömək etmək lazımdır" demək doğru deyil. Ümumiyyətlə, niyə biz "həccə getməkdənsə" sözünü mütləq işlətməliyik. İnsan həccə də gedə bilər, başqa xeyirxah işlər də görə bilər. Biri digərinə nəinki mane olmur, əksinə, həcc insanları başqalarına yardım etməyə təşviq etməlidir. 
- Dindar şəxslə qeyri-dindar şəxs eyni günah əməli törədirsə, dindarlar hər zaman daha çox müzakirə olunur...
- Burada məsələnin təbii tərəfləri də var. Çünki cəmiyyətin inanclı insanlardan gözləntiləri fərqlidir. Bir şəxs özünü cəmiyyətə inanclı insan kimi təqdim edibsə, artıq insanların gözləntisi də fərqli olur. Bu da yaxşı bir haldır ki, insanların iman əhlindən gözləntisi müsbətdir. Mənfi bir hərəkət gördükdə, bu, insanları narahat edir. Bəzən bu narahatlığı haqlı hesab edirəm. Sən axı inanclısan, bunu etməməlisən.
Bəzən isə insanlar sanki fürsət gözləyir ki, dindarın bir səhvini bütün dindarlara şamil etsin və yaxud da əlində bayraq edərək desin ki, inanclı insandır, amma saxtakardır.
Bu gün bəzi insanlar var ki, özlərinə hörmət qazanmaq üçün, dini libasa bürünür. Bəzi insanlar din libası arxasında öz eybəcər mahiyyətlərini gizlədirlər. Çünki bu libas arxasında hörmət, etibar qazanmaq asan olur.

306512

Baxırsan ki, məscidə gedir, namaz qılır, amma kiminsə haqqını tapdalayır, etimad qazanır, sonra dələduzluq edir. Yaxud da heç bir sahədə uğur qazanmamış insanlar var ki, bacarıqsızlıqlarını dindarlığın arxasında gizlətməyə çalışır. 
Amma bununla belə elmli, mədəni, intellektual inanclı insanların sayı kifayət qədər çoxdur. Bəziləri nədənsə onları yox, neqativ halları görür. Bunu bir həddə qədər təbii sayıram, çünki insanlar dindarlardan yanlış gözləmir. Amma hamı da bilməlidir ki, dindarlar məsum deyil. Hər bir insanın xətası ola bilər. Əsas məsələ budur ki, insan saxtakar, riyakar olmasın, özünü dindar kimi təqdim edib insanların dinə olan hörmətindən sui-istifadə etməsin. Qalan hallarda biz din haqqında təsəvvürlərimizi dindarların hərəkəti əsasında formalaşdırmamalıyıq. Amma təbii ki, hamı gedib hər şeyi kitablardan oxumur. Bəzən bizim davranışlarımız insanlarda din haqqında təsəvvür formalaşdırır. Məhz bu səbəbdən inanclı insanlar da məsuliyyətlərini anlamalıdırlar ki, onlar təkcə özləri üçün ibadət etmir, həm də dini təmsil edirlər. Onlar düşünməlidirlər ki, mən dini təmsil edirəm və daha ehtiyatlı və məsuliyyətli davranmalıyam. 
- Bu gün Azərbaycanda "molla" sözü az qala ikrahla qarşılanan bir sözə çevrilib. Artıq din adamları imtahandan keçirilir. Necə düşünürsünüz, cəmiyyətdə dinə qarşı mənfi imic formalaşdıran bəzi molla, məşədi və həcilər haqqında yaranan mənfi düşüncələr dini təhsilin olmaması ilə əlaqədardır, yoxsa başqa səbəblər də var?
- Bir zamanlar "molla" sözü Azərbaycanda elmi dərəcə kimi qəbul olunub. Məsələn, Molla Məhəmməd Füzuli, Molla Pənah Vaqif və s. Əsasən sovet dövründə savadsız molla stereotipi formalaşdı. Çünki sovet dövründə din qadağan olundu. Həmin dövrdə dinə heç bir aidiyyəti olmayan, islam elmlərindən xəbərsiz insanlar dini məclisləri idarə etməyə başladılar. Hətta kiril əlifbası ilə Quran oxuyurdular və yanlış oxuyurdular. O vaxtlar məhz belə insanlar satira predmetinə çevrilirdi. Sovet dövründə qərəzli şəkildə dindar insanı bu formada karikaturalarla təsvir edirdilər. İndi də həmin o stereotipə uyğun olan "din xadimləri" var. 
Bəzən mən özüm də onları dinləyirəm və görürəm ki, qəbir üstündə nəsə oxuyur, amma heç bir söz belə başa düşmək olmur.
Bəzən mən özüm də onları dinləyirəm və görürəm ki, qəbir üstündə nəsə oxuyur, amma heç bir söz belə başa düşmək olmur. Sözün əsl mənasında heç özü də bilmir ki, nə oxuyur. Sadəcə, ətrafdakıların bilgisizliyindən istifadə edir. Ara-sıra QMİ tərəfindədn din xadimlərinin təkmilləşdirilməsi kursları da təşkil olunur. Din xadimlərinin attestasiyası isə həmişə olub. İndiyə qədər də din xadimi təyin edilməmişdən öncə imtahan verməli olurdu. Bundan sonra da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu prosesi həyata keçirəcək.

306511

Hesab edirəm ki, din xadimlərinin təhsilli, dərin dini bilgilərə sahib olması vacibdir. Çünki din xadimləri kütlə ilə təmasda olur, din haqqında təsəvvür formalaşdırır. Ona görə də hazırkı dövrdə din xadiminin savadsız olması yolverilməzdir. 
- Səhv etmirəmsə, moizələrinizdən birində demisiniz ki, insanlar öz mənfəəti üçün yaşayır. Eyni zamanda belə bir fikir səsləndirilir ki, dünyanı fədakar insanlar xilas edəcək. Fədakarlıq, yoxsa mənfəətpərəstlik?
- Baxmaq lazımdır ki, mənfəət deyildikdə nə başa düşülür. Mənfəətpərəstlik o zaman pis olur ki, insan cılız məqsədləri özü üçün mənfəət seçir. Bu, yanlışdır. Amma biz nə qədər fədakarlıq ediriksə edək, hər halda bu fədakarlığımızın mükafatı özümüzə qayıdacaq. Quranda qeyd olunur ki, kim zərrə ağırlığında yaxşı iş görübsə, qarşısında onu görəcək, kim zərər ağırlığında pis iş görüb onu qarşısında görəcək. Bu ayədən çıxış edərək həzrəti Əli buyurur ki, mən heç kimə nə yaxşılıq etmişəm, nə pislik. Soruşurlar ki, necə yəni yaxşılıq etməmisiniz? Deyir ki, Quranda buyurulur ki, mən nə etmişəmsə, artıqlaması ilə özümə qayıdacaq. Bu baxımdan söyləyir ki, insan nə qədər də təmənnasız kiməsə yaxşılıq etsə, yenə də Allah onun mükafatını artıqlaması ilə verir. Yəni sonda məsələ yenə bizim xeyrimizə bitir. Mənfəət deyəndə bunu nəzərdə tutmamışam ki, biz insanlardan qarşılıq güdməliyik. Yəni demək istəmişəm ki, insan nə qədər də fədakar olsa, Allah onun əməlinin əvəzini artıqlaması ilə verir.
Mənfəətpərəstlik məhz o cılız məqsədələrə çatmaq baxımından yanlış bir həyat tərzidir. Təbii ki, din bu həyat tərzini dəstəkləmir. Mənfəət deyildikdə mənəvi sərmayə nəzərdə tutulur. Allaha yaxınlaşmaq özü də bir insan mənfəətidir. İnsanın Allah üçün ibadət etməsi, Quranda xeyirli bir mənəvi ticarət adlandırılır. Yəni istənilən əməlin mükafatı Allah tərəfindən artıqlaması ilə veriləcək.
Amma sizin dediyiniz kimi, dünyanı fədakarlıq xilas edəcək. Fədakarlıq dedikdə, insanlara qarşılıq güdmədən xidmət etmək nəzərdə tutulur.  
- Nə üçün bəzi insanlar dinə olan məhəbbəti ərəbə olan məhəbbət kimi qəbul edir, eyniləşdirir?
Dini ərəblərlə məhdudlaşdırmaq müəyyən mənada savadsızlıq, kobud səhvə yol verməkdir.
- Məsələn, Məhərrəmlik hadisəsi ilə bağlı deyirlər ki, iki ərəb vuruşub, biz nə üçün bunu yad etməliyik? Biz din böyükləri hesab etdiyimiz peyğəmbərlərimizin imamlarımızın həyat tərzinə, söylədikləri kəlamlar baxanda görürük ki, onlar bir millətlə məhdudlaşmayıblar, ümumbəşəri təlimlər gətiriblər. Dinin hansısa bir millətə müraciət etmir, universal dəyərdir. Din böyükləri -  peyğəmbərlər, imamlar sadəcə milliyətcə ərəb sayılır, amma onların təlimləri, görüşləri milliyətlə əlaqəli deyil. Ona görə də dini ərəblərlə məhdudlaşdırmaq müəyyən mənada savadsızlıq, kobud səhvə yol verməkdir. Xristianlıq hansısa bir millətin dini deyil, bir çox millətlərin dinidir. Bəzi dinlər var ki, millətlə məhdudlaşır, amma islam ümumbəşəri dindir. İslam dinində peyğəmbərin, imamların və ya səhabələrin ərəb olması bu dinin ərəblərə göndərilməsi anlamında deyil. Allah peyğəmbərlər haqqında buyurur biz səni aləmlərə rəhmət olaraq göndərdik. Qurani-Kərimdə deyilmir ki, biz ərəblərə hidayət olaraq bu kitabı göndərdik.

306509

- Peyğəmbərin də milliyəti ilə bağlı suallar ortaya çıxır. Ərəb olmaması ilə bağlı fikirlər səsləndirilir.
- Bəzi hallarda deyirlər ki, mənşəsi ola bilər başqa bir xalqdandır. Peyğəmbər barədə araşdırmanı mütəxəssislər apara bilər. Bunlar mübahisəli mövzulardır. Düşünürəm ki, peyğəmbər və imamların, müqəddəs şəxsiyyətlərin hansı milliyətdən olması, o qədər də önəmli deyil. Əsas onların təlimləri və bu təlimlərinə əməl etməkdir. 
- Bəzi insanlar deyir ki, mənim ürəyim təmizdir, namaz qılmasam da olar. Ürəyin təmizliyi hansı əməllərlə ölçülür?
- Əslində, Quranda da qeyd olunur ki, əsas ürəyi təmiz olsun. Quranda yazılır ki, qəlbini təmizləyən nicat tapdı. Amma ürəyin təmizliyinin əlamətləri özünü əməldə göstərməlidir. Bir insan ev yıxır, qeybət edir, yalan danışır, haqqa girir və deyir ki, mənim ürəyim təmizdir. Cəmiyyətdə belə insanlar çoxdur. Heç kəs demir ki, mənim ürəyim çirklidir. Ürəyi təmizliyin meyarları və ürəyi təmizləyən vasitələr var. Elə ibadətlər də ona görə vacibdir ki, bizim ürəyimizi təmizləsin. Necə ki hədislərdə peyğəmbər buyurur ki, bir evdə bir bulaq qaynasa, insan 5 dəfə o bulaqda yuyunsa, bədəni təmzilənər, ya yox? Deyirlər bəli, təmizlənər. Peyğəmbər deyir ki, namaz da ruhun bulağıdır. Hər gün insan qəlbini namaz vasitəsilə yuyub təmizləyir. Ona görə də bəzən biz "ürəyim təmizdir" deməklə öz əməllərimizin məsuliyyətindən qaçmağa çalışırıq. Hər bir iş görüb sonda ürəyim təmizdir deyib özünə bəraət qazandırmaq təbii ki yanlışdır. Əməllər qəlbimizin güzgüsüdür. Əməllər çirkin olarsa, ürək təmiz ola bilməz.
İnsan kiminsə haqqını tapdalayıb mal-mülkə sahib olmayıbsa, biz onun əmlakını və s. təftiş edib ona hansısa bir irad səsləndirə bilmərik.
- Sosial şəbəkələrdə din xadimləri ilə bağlı müxtəlif paylaşımlar rastımıza çıxır. Sizin barənizdə də belə paylaşım etmişdilər ki, Hacı Şahin bahalı avtomobildə gəzir. Nə üçün insanlar düşünür ki, mütləq hacı, dindar kasıb olmalıdır. Nə üçün cəmiyyət dindar insanı kasıb kimi görmək istəyir?
- Həmin müzakirələri mən də görmüşəm. Çox bahalı maşında gəzməyim haqqında fikirlər səsləndirilir. Yazılan qiymət reallığa uyğun deyil. Hətta deyirlər ki, mən mühafizə ilə gəzirəm. Mənim heç bir mühafizəm filan yoxdur. Sadəcə, məscid mühafizə olunur. Yəni fərdi təşəbbüslə bunu edirlər. Heç yerə mühafizə ilə getmirəm və bahalı maşınlarda da gəzmirəm. 
Dindarlıq kasıblıq, yoxsulluq demək deyil. Bu, səhv anlayışdır. İnsan kiminsə haqqını tapdalayıb mal-mülkə sahib olmayıbsa, biz onun əmlakını və s. təftiş edib ona hansısa bir irad səsləndirə bilmərik. Özüm şəxsən elə bir zəngin insan deyiləm. Tanıyanlar bilir ki, sadə həyat tərzi sürürəm. Bunu tərif üçün demirəm, belə də olmalıdır. Ümumiyyətlə, din xdimi mahiyyətcə sadə insan olmalıdır.
Mənim heç bir yerdə villam yoxdur. Bir mənzilimiz var və adi bir evdə yaşayırıq. Sahibkarlıq fəaliyyətimiz də yoxdur. Sadəcə öz fəaliyyət sahəmizə uyğun əmək haqqımız var. 
Deyirlər ki, maşında gəzməkdənsə, yoxsullara yardım etsin. Biz hər zaman o yardımları edirik və sosial şəbəkələrdə işıqlandırırıq. Ona görə yardımları paylaşırıq ki, insanlar bu işə təşviq olunsun. Amma mən hansısa bir bahalı maşında gəzib rifah içərisində yaşayan insanlardan deyiləm. Normal vəziyyətdə yaşayıram. Bəzən şayiələr də yayılır ki, Hacının filan yerdə villası var. Hamı bilsin ki, mənim heç bir yerdə villam yoxdur. Bir mənzilimiz var və adi bir evdə yaşayırıq. Sahibkarlıq fəaliyyətimiz də yoxdur. Sadəcə öz fəaliyyət sahəmizə uyğun əmək haqqımız var. Bəzən avtomobil və başqa şeylər dostlar tərəfindən də hədiyyə edilir.
Çox yerə səfər edirəm. Müharibə zamanı bəzən 3 fərqli yerə gedirdik. Belə zamanlarda təbii ki, nəqliyyat vasitəsi lazım olur.

306513

Hesab edirəm ki, kiminsə mal-mülkünü müzakirəyə çıxarmaq ki, etikaya, əxlaqa uyğun davranış deyil. İctimai xadim, din xadimi qazancına məsuliyyət daşımalıdır. Əgər kiminsə haram qazandığını bilirsənsə, bu başqa məsələ. Belə bir fakt varsa, o danışıla bilər. Yoxsa ki, kiminsə maşını var və bunu şişirdilmiş rəqəmlərlə demək tamamilə yanlışdır. Mən özümə bəarət qazandırmağa ehtiyac da görmürəm. Məni tanıyan insanlardan, qohum-qonşulardan soruşsanız görərsiniz ki, bu kimi şeylərə önəm verən adam olmamışam. Bu, heç mənim dindarlığımdan da qaynaqlanmır. Təbiətcə uşaqlığımdan gəncliyimdən belə şeylərə önəm verən biri olmamışam. Bu mənim kimliyimdir. Ona görə də hesab edirəm ki, belə məsələlərin müzakirəsi mənə yapışmır. Ümumiyyətlə, bu məsələlər haqqında düşünmürəm. 
Görünür ki, bu məsələlər həmin insanların özləri üçün bu qədər önəmlidir deyə bunu başqalarına da aid etməyə çalışırlar.
- Bildiyim qədərilə siz tarix üzrə təhsil almısınız. Bəs nə üçün ilahiyyata yönəldiniz?
- Mən rus dilində təhsil almışam. 189 saylı məktəbdə oxumuşam. 1991-ci ildə Milli Azadlıq Hərəkatı zamanı məktəbli idim. O dövr belə demək mümkünsə, Azərbaycan xalqının özünə qayıdış dövrü idi. O cümlədən də dini dəyərlərimizə qayıdış dövrü kimi qiymətləndirilə bilər. Yeniyetmə olanda artıq məndə dinə maraq yarandı. Ailəm inanclı olsa da, ibadətlə məşğul olan insanlar deyildilər. Özüm də səbəbini bilmirəm, nədənsə məndə belə bir istək yaranmışdı və 1992-ci ildən ibadətə başladım. Heç kəsin dəvəti olmadan özüm qərara gəldim. İki dəfə ali təhsil almışam. Azərbaycan Texniki Universitetini və Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Paralel olaraq müstəqil şəkildə dini elmlərə yiyələndim, dini mənbələrdən öyrənmək üçün ərəb və fars dillərini öyrəndim.
- Son sualım isə uşaqların dinə istiqamətləndirilməsi ilə bağlıdır. Bəzən çox kiçik yaşda uşaqların başına hicab bağladığını görürük. Uşaqların özləri dərk etmədən valideyn yönləndirməsi ilə ibadət etməsi, doğrudurmu?
- Dindarıq fərdi bir seçimdir. Qızların 9 yaşından yetkinlik yaşı başlayır. Oğlanlarda həddi-buluğ yaşı 15-dən başlayır. Bizim evimizdə də qız uşaqları var. Mən heç birinə hicab geyin, namaz qıl, oruc tut deməmişəm.
Uşağımız 6-7 yaşda təhsilin önəmini bilmir, amma biz onu təhsil almağa istiqamətləndiririk. Təbii ki, bunu zorakı üsulla edə bilmərik. Biz eyni zamanda dini dəyərləri bölüşürüksə,istənilən inanclı insan çalışır ki, övladı da onun kimi inancları bölüşsün. Amma uşaqları zorla məcbur etmək olmaz. "Mən beləyəmsə, səndə belə ol" demək düzgün deyil. Onsuz da sonda seçimi o özü edəcək. Amma valideynin övladları bu istiqamətdə tərbiyə etmək haqqı var. Dünyanın hər yerində də bu haqq tanınır. Bu zaman biz elə metodlardan istifadə etməliyik ki, onları incitməyək. Quranda da qeyd olunur ki, dində məcburiyyət yoxdur. Amma hər bir inancı valideyn arzu edir ki, övladı da inanclı olsun. Bu təbiidir. Burada həddi aşmaq, yanlış metodlardan istifadə etmək, zorla nəyisə etdirmək təbii ki, kökündən yanlışdır.
Tarix: 23 aprel 2022
Baxış: 157

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş