Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanovla eyni təcridxanada qalmış Rəvan İsmayılov ifadə verib.
Şahid deyib ki, İlkin Süleymanov onunla birgə qaldığı müddətdə Nərmin Quliyevanı öldürdüyünü etiraf edib. Bundan başqa, o, yuxuda olarkən də hadisəni törətməyi barədə sayıqlayırmış:
"İçəridə İlkinlə dost olduğumuza görə 2020-ci ilin fevral ayının ortalarında cinayət törətməsi ilə bağlı mənə etiraf etdi. Gecələr yatarkən əl-qol hərəkəti ilə sayaqlayaraq "Nərmini mən öldürmüşəm" deyirdi. Sayıqlamaları zamanı Mətanət və Vəfadar adları da çəksə də, onların kim olduğunu bilmirəm. Birlikdə qaldığımız müddətdə ata-anasına qarşı da dəfələrlə təhqiramiz ifadələr işlədirdi. Amma ümumilikdə onu mədəni və intellektual adam kimi tanımışam. Mənim də bacım var, ona görə düşündüm və bir müddət sonra - dekabr ayında İlkinin etirafı barədə müvafiq qurumlara məlumat verdim".
Şahidin ifadəsinə münasibət bildirən İlkin Süleymanov Rəvan İsmayılovun tamamilə yalan danışdığını, ona heç vaxt etiraf etmədiyini deyib. Təqsirləndirilən şəxs bildirib ki, təcridxanada xüsusi nəzarətdə saxlanılıb.
Təqsirləndirilən şəxsin vəkilləri də şahidin ifadəsində səmimi olmadığını deyiblər. Vəkillər bildirib ki, 2020-ci ilin yanvar ayının 23-də İlkin Süleymanov barəsində həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb. Həmin vaxt da təqsirləndirilən şəxs günahsız olduğunu deyib: "Necə ola bilər ki, bir ay sonra hadisəni törətməsini etiraf edib?"
İlkin Süleymanov özü də şahiddən etiraf edən zaman deyil, üstündən xeyli müddət keçəndən sonra məlumat verməsinin səbəbini soruşub. Şahid suala cavab verməyib.
Onu da bildirək ki, bu gün prosesdə ifadə verən məhkum Rəvan İsmayılov dələduzluqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.
Proses sabah davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb. \\APA