Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Qlobal taxıl qıtlığı: Çörəyin qiymətinin artacağı ilə bağlı AÇIQLAMA gəldi

Bu ilin fevral ayında Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə nəticəsində bir çox ölkələr Rusiyaya iqtisadi sanksiyalar tətbiq ediblər.
Sanksiyalara cavab olaraq həmin ölkələrə bəzi məhdudiyyətlər qoyan Rusiya öz iqtisadiyyatını qorumaq üçün bir sıra addımlar atıb. Mart ayında Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə taxıl idxalına məhdudiyyət tətbiq edən Rusiya bu ay buğda ixracı üçün rüsumları artırıb.
Belə ki, aprelin 20-dən aprelin 26-dək Rusiyadan buğdanın ixracı üçün rüsum bir həftə əvvəlki 101,4 dollar yerinə 1 ton üçün 110,7 dollara qədər artacaq.
Bu barədə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Həmçinin, arpanın ixrac rüsumu bir ay əvvəlki 75,4 dollara qarşı 1 ton üçün 76 dollara yüksəlir, qarğıdalı üçün rüsum keçən həftəki 65,8 dollardan 66,1 dollara yüksələcək.
Azərbaycan da Rusiyadan buğda və buğda məhsulları idxal edən ölkələrdəndir. İki ölkə arasında başlayan müharibədən sonra hər iki ölkədən Azərbaycana idxal olunan məhsulların qiymətində bahalaşma müşahidə olunub. Bəzi məhsulların isə sayı azalıb. Qiyməti bahalaşan məhsullara kağız məmulatları və tikinti malları aiddir.
Bəs yeni qərar Azerbaycana necə təsir edəcək? Çörəyin və unun qiyməti bahalaşacaq?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Rusiyanın bu qərarları davamlı olacaq:


"Rusiyanın imkanları məhdudlaşdıqca mal ixrac elədiyi ölkələrlə hesablaşmaqda bu cür qərarlar qəbul edəcək, yəni bu qərarlar davamlı olacaq. Rusiyanın daxilində rubl dəyər itirir. Məsələn, dünən buğdanın 1 kiloqramı 8 rubl idisə, bu gün artıq həmin 8 rubl öz dəyərində deyil. Dəyərdən düşüb və qiymətləri aşırı dərəcədə qaldıra bilmirlər. Rusiyanın elan elədiyi rubl kursu da reallığı əks etdirmir. Ona görə də Rusiya çıxış yolunu rüsumları artırmaqda görür".
İqtisadçı bir strateji məhsul üzrə bir ölkəyə fokuslanmağın düzgün olmadığını vurğulayıb:
"Azərbaycan hökuməti indiyədək bunu eləməməli idi. Əsas gətirirlər ki, digər ölkələrdən ərzaq buğdasının idxalı baha başa gəlir. Ona görə Rusiyanı seçmişik. Bu düzgün deyil. İstənilən halda fors-major şəraiti nəzərə alınmalı idi və ölkəyə buğda idxalı şaxələndirilməli, digər ölkələrdən idxal edilməli idi. Heç olmasa, indən belə Azərbaycan hökuməti və buğda idxal edən sahibkarlar axtarışda olmağa və yerli ehtiyac qədər ərzaq buğdası gətirməyə çalışmalıdırlar".
Bu qərarın çörəyin qiymətinə təsir edəcəyini deyən ekspert əsas məsələnin qıtlıq yaranmaması olduğunu da qeyd edib:
"Ölkə daxilində buğdanın, unun və çörəyin qiymətinin artacağı artıq müzakirə mövzusu deyil. Sadəcə, müzakirə mövzusu ölkə daxilində qıtlığın yaranmamasıdır. Bunu təmin eləməkdən ötrü bütün imkanlardan istifadə eləyib, bu il üçün digər ölkələrdən də buğda idxalını təmin eləmək lazımdır. Rusiyanın istehsal elədiyi 40 milyon ton buğda ilə öz əhalisini güclə saxlayır.
Əvvəllər Rusiyaya xaricdən un məhsulları gəlirdi, ona görə də istehsal elədiyi buğdanın bir hissəsini ixrac edirdi. İndi artıq bu olmadığı üçün ona görə də Rusiya qarşıdakı dövrdə buğda ixracını dayandıracaq. Gələn makaron, vermeşil və digər un məhsullarını ölkənin daxilində istehsal eləyib yerli tələbatı ödəməyə məcburdurlar.
Azərbaycanda çörək istehsalı da monopoliyadadır. Hökumət sahibkarlarla danışıqlar aparıb, müəyyən kompensasiyalar ödəyə bilər ki, çörəyin qiyməti müvəqqəti sabit qalsın, amma qaçılmazdır. Xərc artırsa, bu, qiymətlərə də təsir edəcək". \\Cebhe.info

Tarix: 16 aprel 2022
Baxış: 176

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş