Nərmin Quliyeva cinayətinin şahidi: “İlkinə mən dedim ki, meyitin videoçəkilişini etsin”
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində keçmiş polis əməkdaşı, İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov növbəti dəfə ifadə verib.
O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin və hakimin suallarını cavablandırıb.
M.Süleymanov ifadəsində bildirib ki, onun yaşadığı ev İlkin Süleymanovun qaldığı evlə bitişikdir və Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi otaq isə onun qaldığı otaqla arakəsmə olaraq yanbayandır və o, heç vaxt həmin otaqda səs eşitməyib.
"Əgər orada kimsə olsaydı və iddia edilən hadisələr baş vermiş olsaydı, ən azından gecə vaxtı səssiz bir zamanda ayaq səsləri belə eşidilən otaqda olanlar eşidilirdi. Meyitin tapıldığı zamanda istintaqda lazım olar deyə İlkinə telefonla videoçəkiliş etməsini də elə mən demişəm. Yəni onun videonu çəkməkdə heç bir başqa məqsədi olmayıb" - deyə M.Süleymanov bildirib.
Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 11-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. \\Report