Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Oğlu ömürlük iş aldı, xanımının ömrü kəsildi, özü evsiz qalıb kor oldu... – Tale

İflic keçirərək, hərəkət və iş qabiliyyətini itirən, evsiz qalaraq küçələrdə yaşayan 63 yaşlı Nazim Əliyevin köməyə ehtiyacı var. 

Gender.az Qaynarinfo-ya istinadla xəbər verir ki, haqqında sosial şəbəkədə ürəkağrıdan məlumat paylaşılan bu şəxs hazırda Bakıda adı çəkilməyən hostellərdən birinə yerləşdirilsə də, onun daimi yaşayış yerinə və təqaüdə ehtiyacı var. 

Nazim Əliyev haqqında sosial şəbəkədə paylaşım edən xanım onunla Elmlər Akademiyasının qarşısında rastlaşdığını bildirib:

"Bu şəxs Nazim Əliyevdir. 63 yaşı var. Bu gün Elmlər Akademiyasının qarşısında onunla rastlaşdıq. Gözləri görmür. Bizdən kömək istədi ki, boş oturacaq tapıb onu oturdaq. Dediyinə görə, Belarusda təhsil alıb. Riqa və Bakıda mexanik kimi çalışıb. Həyat yoldaşı Yeganə xanım isə müəllim olub. 12 il öncə tək oğulları Asif Moskvada təhsil alan zaman birdən çox şəxsin ölümünə səbəb olan cinayətə qarışıb. Və ömürlük həbs olunub. Həyat yoldaşı Yeganə xanım 48 yaşında bu hadisənin təsirindən vəfat edib. (İndi ən çox təsirləndiyi həyat yoldaşının məzarının yerini unutmasıdır). Özü isə evini sataraq, həmin pulla oğlunun həbs müddətinin 15 ilə salınmasına nail olub. Oğlu Asifin həbsdən çıxmasına 2.5 il qalıb. Amma atası Asifin həbsdəki digər hərəkətlərinə görə ondan imtina etdiyini deyir. 3 il bundan öncəyə qədər işləyib kirayə pulunu verirmiş, amma iflic keçirir və iş qabiliyyətini itirir. (Sağ tərəfi işləmir, gəzməyə çətinlik çəkir, əsa ilə gəzir). Kirayə haqqını verə bilmədiyi üçün ev sahibinin təkidlərinə baxmayaraq, evdən çıxıb. Küçələrdə qalır. Bir müddət sığınacaqda qalıb, amma oranı tərk edib (Səbəb olaraq deyir ki: "Orada pis baxırlar, insan yerinə qoymurlar. Küçədə yaşamaq daha yaxşıdır"). 

Təqaüd üçün müraciət etsə də, ona "sizə təqaüd düşmür" deyilib. Dedikləri nə dərəcədə düzgündür, bilmirəm. Ancaq iki saatdan çox söhbət etdik və eyni sualları dəfələrlə, müxtəlif vaxtlarda soruşdum. Bütün dedikləri üst-üstə düşürdü. Hər halda köməyə ehtiyacı olduğu açıq-aydındır. Spirtli içki içmir, dilənmir, təkid etdikdən sonra aldığımız yeməyi qəbul etdi. Təkidlə sığınacağa getməyəcəyini deyir (Artıq neçənci dəfədir bu halla rastlaşıram, insanlar küçədə yaşamağı sığınacağa getməkdən üstün tutur. Səbəbi çox maraqlıdır). Bilmirəm, nə edə bilərik. Köməyə ehiyacı var, vəziyyəti çox acınacaqlıdır. Bu böyüklükdə dünyada bir adama yetəcək qədər üstüörtülü bir yerin olmaması məni çox təəssüfləndirir. İndi tək istəyi yata biləcəyi balaca bir otaq və təqaüddür”.

Sosial Xidmətlər Agentliyinin Mətbuat xidmətinin rəhbəri Murad Həşimov qeyd edib ki, məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin aidiyyatı filialının nümayəndələri əraziyə baxış keçirib, onunla görüşüblər. O qeyd edib ki, Nazim Əliyev təəssüf ki, küçədə qalmaması, sığınacağa qəbulu ilə bağlı təklifə müsbət cavab verməsə də, hostelə yerləşdirilməyə razılıq verib. 

Qeyd edək ki, Nazim Əliyevin hosteldə yerləşdirilməsi müvəqqətidir, bir müddət sonra oradan çıxacaq. 

Mövzunu davam etdirəcəyik.


Tarix: 06 aprel 2022
Baxış: 159

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş