“İctimai sektor tərəfindən maliyyə məlumatlarının açıqlanmasının və şəffaflığın monitorinqi” layihəsi çərçivəsində ilkin monitorinq aparılmışdır
“İctimai sektor tərəfindən maliyyə məlumatlarının açıqlanmasının və şəffaflığın monitorinqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 03.12.2021-ci il tarixdə elan etdiyi 2021-ci il kiçik qrant müsabiqəsinin “AÇIQ HÖKUMƏTİN VƏ İCTİMAİ NƏZARƏTİN TƏŞVİQİ, KORRUPSİYAYA QARŞI MÜBARİZƏ MƏSƏLƏLƏRİ” istiqaməti üzrə irəli sürülmüş və Agentliyin Müşahidə Şurasının 14.12.2021-ci il tarixli qərarı ilə qalib elan edilmişdir.
Layihənin başlıca hədəfi dövlət sektoruna aid qurumlar, o cümlədən büdcə təşkilatları, publik hüquqi şəxslər, dövlət qurumları, səhmdar cəmiyyətlər (bundan sonra ictimai sektor) tərəfindən maliyyə məlumatlarının açıqlanması sahəsində müəyyən olunmuş normativlərə necə əməl edildiyini monitorinq etmək, bu sahədə şəffaflığın cari vəziyyətini öyrənmək, ictimai sektor üçün məlumatların açıqlanması sahəsində mövcud yerli və qabaqcıl təcrübənin tətbiqini təhlil etmək və şəffaflığı təşviq etməkdir.
İctimai sektor tərəfindən yerli qanunvericiliyin tələbi, həmçinin şəffaflıq üzrə beynəlxalq qurumların standartlarının tələbləri üzrə ictimaiyyət üçün açıqlanmalı maliyyə məlumatlarının yayımlanmaması, bu sahədə qanunun tələblərinə riayət edilməməsi və bununla da dövlət sektorunda şəffaflığın və ictimai açıqlığın səviyyəsinə kölgə salması bu sahədə ictimai təşəbbüslərin davamlı olmasını aktual edir.
Problemin ictimai əhəmiyyəti əsasən beynəlxalq qurumların hesabatları, həmçinin daxili tədqiqatların aparılması ilə təyin edilmişdir. İctimaiyyətin, beynəlxalq təşkilatların, həmçinin medianın ictimai sektorun açıqlamalı olduğu məlumatlara elektron mühitdə çıxış əldə edə bilməməsi ümumilikdə ölkənin şəffaflıq reytinqinə mənfi təsir edir. Bu da dövlət tərəfindən şəffaflıq sahəsində aparılan islahatlara kölgə salmaqla yanaşı sektorun beynəlxalq qurumlardan neqativ rəy alması və reytinqinin pisləşməsi ilə nəticələnir.
Problemi yaradan əsas səbəblərdən biri də, dövlət sektorunda aparılan islahatlar çərçivəsində ictimai açıqlılıq strategiyasının tətbiqində maraqlı tərəflərin müəyyən edilmiş normalara tam riayət etməməsi, beynəlxalq reytinq qurumlarının şəffaflıq və ictimai açıqlılıq sahəsində verdiyi tövsiyələrə səthi əməl edilməsidir.
Layihənin məqsədi şəffaflıq sahəsində qəbul edilmiş ölkədaxili normativlərin (qanunlar, qaydalar, və s) tətbiqini öyrənmək, beynəlxalq reytinq qurumlarının şəffaflıq sahəsində ölkəyə verdiyi reytinq və tövsiyələrin tətbiqi vəziyyətini monitorinq etmək, problemin yaratdığı əks effektləri müəyyən etmək, ictimai sektorun məlumatlarının açıqlılığı vəziyyətini araşdırmaq və həlli üçün təkliflər verməkdən ibarətdir.
Monitorinq hökumətin təsdiq etdiyi müxtəlif normativ sənədlər, fəaliyyət planları, strategiyalar əsasında aparılır. İlkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) siyahısı üzrə monitorinq aparılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 321 nömrəli qərarının icrası üzrə monitorinqin nəticələri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) SİYAHISI üzrə monitorinq nəticəsi aşağıdakı cədvəldə təqdim edilir:
Monitorinq yuxarıda adları sadalanan 21 qurumu əhatə etməklə onların internet səhifələri üzərindən aparılmışdır. Monitorinq zamanı həmin qurumlardan 4-ü və ya 19 % internet səhifəsi aşkar edilmədi, 10 qurum və ya 48% üzrə maliyyə hesabatlarının tərtibi və audit olunması rəsmi internet səhifəsində yayımlanması müəyyən olunmadı.
Maliyyə məlumatlarının açıqlanmasının və şəffaflığın monitorinqi deməyə əsas verir ki, bu sahədə işlər bir çox qurumlarda hələ aşağı səviyyədədir. Bu qurumların rəhbərlikləri mövcud vəziyyətin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməlidirlər. Maliyyə məlumatlarının açıqlanması və şəffaflığı sahəsində yol verilən nöqsanlar son nəticədə bu məsələ ilə bağlı ölkənin beynəlxalq imicinə zərər vurur.
Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi