"Ümumiyyətlə orucla bağlı ayələrdə buyurulur ki, Allah sizə çətinlik deyil, asanlıq istəyir. Yəni Allah heç bir insanı daşıya bilməyəcəyi yüklə yükləməz".
Gender.az xəbər verir ki, bu sözləri Modern.az-a Qafqaz Müsəlmaları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Ramazan ayının başlanması ilə bağlı danışarkən bildirib.
İlahiyyatının sözlərinə görə, oruc kənardan çətin görünsə də, düşünüldüyü qədər də çətin deyil:
"Bəzən biz bir ibadətə kənardan baxıb özümüz üçün çətinləşdiririk. Amma oruc çətin ibadət deyil. Əksinə oruc tutduqca insan növbəti illərdə gələn Ramazan ayını gözləyir. Diləyir ki, Ramazan ayı gəlsəydi, oruc tutardım. Oruc insanda müsbət əhval-ruhiyyə yaradır”.
QMİ rəsmisi deyib ki, hətta oruc insanın dünyaya baxışını dəyişir:
“Oruc həyatddakı prioritetlərimizi dəyişir. Ramazan ayının orucu bizə xatırladır ki, biz insanıq. Bizim bioloji yönümüzdən əlavə mənəvi yönümüz də var. Ona görə də Ramazan ayı boyunca maddiyyatın səsini sanki az alırıq, mənəvi məsələlərə yönəlirik. Çalışırıq ki, öz mənəviyyatımızla məşğul olaq. Ramazan ayının orucu üçün verilən mükafatları insan gözünün önünə gətirəndə görür ki, az bir işə Allah böyük mükafat verir. Əslində biz sadəcə bir neçə saat ac-susuz qalırıq. Onsuz da həmin yeməyi axşam yeyirik. Allah təala buyurur ki, oruc tutana şəxsən özümü verərəm. Oruc tutanın mükafatı mənəm. Yəni oruc tutan insan cənnətdən də daha uca nemətlərə malik olur. İnsanlar diqqət etməlidir. Cəmi bir neçə saat insan özünə yox deməlidir. İnsan özünə yox dediyinə görə insandır. Bu baxımdan oruc çətin bir ibadət deyil".
İlahiyyatçı orucun vacib buyurulmadığı şəxslərdən də danışıb:
"Qurani Kərimdə bəzi insanlar oruc tutmaqdan istisna edilir. Xəstələr oruc tutmur. O xəstələr ki, həkimlər oruc tutmağın onun səhhətinə zərər verəcəyini deyir. Həmin şəxslər oruc tutmamalıdır. Bəzən görürsən ki, belə insanlar israrla oruc tutmaq istəyirlər. Deyirlər ki, mən tutacam Allah mənə kömək olar. Amma Allah belə insanlara buyurur ki, orucunuzu pozun. Onların oruc tutmağı haram sayılır. Yaşlı insanlar, hamilə qadınlar, süd verən analar oruc tutmaqdan azaddır. Səfərdə olan insanlar uzaq səfərdə 10 gündən az qalırlarsa, onlar oruc tutmamalıdırlar".
Hacı Şahin oruc tutan şəxslərə öz tövsiyələrini də verib:
"Oruc zamanı qidalanmağa gəlincə, ümumiyyətlə, çalışmaq lazımdır ki, boş mədəni birdən-birə yeməklə doldurmayaq. Yəni iftarda öncə maye qəbul edək, az miqdarda yemək yeyək, vitaminlərlə zəngin olan qidalardan istifadə edək. Yəni mədəmizə çox ağırlıq olmasın. Çünki oruc həm də sağlamlıqdır. İnsanın sağlamlığına müsbət təsir göstərir. Peyğəmbərimiz buyurur ki, oruc tutun ki, sağlam olasız. Oruc qaydasıyla tutularsa,sağlamlığa da müsbət təsir göstərər. Amma iftarı gözləyib, mədəni birdən-birə dolduran insanlar bu xeyirlərdən də məhrum ola bilərlər".