Səhiyyə, mədəniyyət və təhsil sahəsindəki qurumların rəhbərləri Rusiyanın Ukrayna siyasətini dəstəkləməsələr, öz vəzifələrindən getməlidirlər. Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin teleqram kanalında opera müğənnisi Anna Netrebkonu misal çəkərək yazıb.
Netrebko bu həftə Ukraynadakı müharibəni pisləyib və Rusiya rəhbərliyini dəstəkləmədiyini deyib. Əvvəllər ifaçı Vladimir Putinin sirdaşı kimi çıxış edib və hətta "Novaya Rossiya" partiyasının bayrağı ilə şəkil çəkdiribdir.
Müharibə başlayandan sonra Metropolitan Operası və Bavariya Operası müğənni ilə əməkdaşlığa fasilə vermişdi.
Volodin öz yazısında Rostov hərbi xəstəxanasında yaralıların qarşısında çıxış edən Saratov artistləri və müğənni Qriqori Lepsi misal çəkib.
"Sənət adamları hərbçilərimizə dəstək olmalıdır. Sağ olsunlar. Amma başqa ölkələrə, isti iqlimə qaçanlar var. Daha da pisi - oradan ittiham xarakterli bəyanatlar verirlər. Nüfuzlu konsert məkanlarını qorumaq istəyi bu adamlara hakimdir. Eyni Anna Netrebko kimi. Sən buna xəyanətdən başqa bir şey deyə bilməzsən. Səs var, amma vicdan yoxdur”, - deyə Volodin yazıb.
Dövlət Duması sədrinin fikrincə, "dövlətin, ona görə də xalqın dəstəkləməyən və onlara xəyanət edən mədəniyyət, təhsil, səhiyyə və digər sahələr üzrə büdcə müəssisələrində çalışan rəhbər işçilər işdən getməlidirlər”.
O, söz verib ki, deputatlar nazirlərə üz tutacaq və onlardan kadr məsələlərini həll etməyi tələb edəcəklər. \\Anews.az