O, kinomuzun Gəray bəyi, teatr səhnəsində isə xarakterik obrazların gözəl ifaçısı idi. Adı Həsən olsa da, hamı onu Həsənağa deyə çağırardı. Çünki ağalıq, bəylik onun xasiyyətinə hopmuşdu. Demokrat.az saytı olaraq, böyük sənətkar Həsən Turabovun övladları Yalçın və Sevinc Turabovlarla atasının ömrünün son 30 ilini yaşadığı evində görüşüb, həmsöhbət olduq.
Sənətkarın qızı Sevinc Turabova belə bir ailədə böyüdüyünə görə özünü xoşbəxt hesab edir.
“Evdə üç uşaq olmuşuq, iki qardaş, bir bacı, ərköyün olmuşam. Atam məni qardaşlarımdan daha çox sevirdi. O məni qızı kimi yox, anası kimi istəyirdi. Atamın demək olar ki, bütün tamaşalarına dəfələrlə gedirdim, bir tamaşaya beş dəfə gedirdim. Mən atamı o qədər çox istəyirdim ki.. Atam deyirdi, bu qədər gəlmək olmaz. Deyirdim ki, mən tamaşaya gələndə səni aktyor kimi yox, atam kimi görürəm. Gəray bəy obrazını çox sevirdi, elə bil özünü oynayırdı, evdə də elə idi. Nə qədər sərt olsa da, övladlarını çox istəyirdi. Mən qısqanc idim, atamı çox qısqanırdım. Deyirdim ora baxma, bura baxma, niyə baxdılar sənə? Deyirdi ki, mən aktyoram da.”
Sənətkarın övladları atasının yolunu davam etdirmək istəyib, amma Həsən Turabov razı olmayıb.
“Çox həvəsli idim teatra. İstəyirdim ki, aktrisa olum. Yaşar Nuriyev teatrda məni görəndə balaca qız idim, atama dedi ki, Turabov, bu qız aktrisa olacaq, sənin bütün tamaşalarına gəlir. Atam da deyirdi ki, böyüyəndə baxarıq. Sonralar dedi ki, yox çətin peşədir, sənin üçün deyil. Müəllim olmağımı istəyirdi. Anam alman dili müəlliməsi idi. Qardaşlarım da dedi ki, qız nədir, aktrisa nədir?! Mən də müəlliməliyi seçdim. 25 ildən çoxdur alman dili müəlliməsiyəm.
Sənətkarın oğlu Yalçın Turabov deyir ki, atası onları kino çəkilişlərinə aparırmış.
“Bizdə həvəs var idi. Qardaşım iki tammetrajlı filmə çəkilmişdi. Amma sənətin arxasınca getməmişik, bunun səbəbini demək mənə çətindir. Hüquq fakültəsini bitirdim və hüquq mühafizə orqanlarında xidmət edirəm.
Sevinc xanım ailələrinə sonsuz hüzn gətirən o hadisədən söz açdı.
“Hər şey yaxşı idi, o vaxta kimi ki, qardaşım Daşqın rəhmətə gedəndən sonra hər şey dəyişdi həyatımızda. Demək olar ki, evdəki o xoşbəxtlik onunla getdi. Nənəmgil, atamgil uzunömürlüdürlər, qardaşımın ölümü ona çox pis təsir etdi. Atam tamaşalardan uzaqlaşdı, kinoya çəkilirdi, uzaqlaşdı. Özü tamaşalara hazırlaşmışdı oynasın, dedi ki, ürəyimdəki nisgillə heç nə oynaya bilmərəm.”
Atasının son gününü hələ də unutmayan müsahibimiz onu hər an xatırladığını söyləyir.
“Otururdu bu otaqda, qardaşımın divarda şəkili var idi, baxırdı ona, gözünü çəkmirdi. Qəbr üstünə bizdən gizlin gedirdi. Ürəyindən əməliyyat olunandan sonra biz çalışırdıq ona yaxşı şeyləri deyək, neqativi ondan uzaq tutaq. Həmin gün- 22 fevralda gəldi oturdu anamla bu otaqda, televizora baxdılar. Oğlum balaca idi, ona da qardaşımın adını- Daşqın adını qoymuşdum, yanında oynayırdı o biri otaqda. Gəldi o biri otağa dedi ki, Daşqın hanı? Dedim papa burdadır, əlini qoydu şkafa, dayandı. Daşqın da durdu yerdən, dedi ki, ata mən burdayam, atamın ürəyi elə ordaca dayandı. İndiyə qədər bilmirik Daşqın oğlunu görüb çağırıb, yoxsa nəvəsini. Deyirdim kaş xəstə olaydı, sağ olardı, nəfəsi gedib gələrdi. Həyatımda nəsə çatmır, Daşqından sonra da, atamdan sonra da. Darıxıram.
Yalçın Turabov deyir ki, onu hamı atasına bənzədir.
“Əvvəllər olmadığım bir yerə gedəndə kimsə yaxınlaşırdı, deyirdi ki, sizi bir nəfərə bənzədirəm. Sonra da deyirdi ki, siz Həsən Turabovun nəyisiz? Deyirəm ki, oğlu. Kiçik oğlum atamın adını daşıyır, qızım anamın adını daşıyır-Solmaz, böyük oğlum da atamın “Mahnı dağlarda qaldı” tamaşasında Nicat rolu var idi. Oğluma onun qadını qoydum.”
Sənətkar hər zaman övladlarına “xalq məni nə qədər çox istəyir, mən yaşayacağam” deyərmiş. Odur ki, Həsən Turabovun əziz xatirəsi sonsuzadək qəlbimizdə yaşayacaq.
Gülçin Qorxmaz
Demokrat.az