Mart soyqırımı: Topların izi hələ də Binəqədi məscidinin minarəsində qalır - VİDEO
Ermənilərin 1918-ci ildə Azərbaycan boyu törədilən soyqırımı siyasətindən danışırıq illərdir. Əslində ermənilərin müxtəlif mərhələlərdə azərbaycanlılara qarşı yürütdüyü və törətdiyi soyqırımı cinayətlərini bir araya yığıb qruplaşdırıb qurtarmaq olmur. Nə yaxşı ki, qoca tarixin salnamə yaddaşında ermənilərin özlərinin ən azından bizim torpaqlarımızda qədim tarixi kökləri mövcud deyil. Əks təqdirdə onların nə yalanlarını, nə də vandalizm aktlarını saymaqla qurtarmaq ümumiyyətlə mümkün olmazdı...
Mart soyqırımı hadisəsinə gəlincə, artıq bəllidir ki, bu qanlı olaylar zəminində təkcə Bakıda 12 min, ümumən ölkəmizdə isə 50 mindən yuxarı dinc əhali öldürülüb, Bakı və bölgələrdəki saysız-hesabsız yaşayış məskənləri gülləboran edilib. Bu qətliamları Stepan Şaumyanın hiyləsi əsasında erməni daşnaklar bolşevik birləşmələri ilə birgə reallaşdırıblar. Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında Şaumyan etiraf etmişdi ki, guya Bakının milli tərkibi onu çox qorxutduğundan bu addımı atmağa məcbur olub. Ona görə də erməni-daşnak alaylarının köməyindən imtina etməyib. Həqiqətən də, Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımın əsas təşkilatçısı və icraçısı Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi Şaumyan idi. Onun təşkil etdiyi "Qırmızı ordu"nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdu.
Bu cinayətə haqq qazandırmaq və onu həyata keçirmək üçün bəhanə olaraq əvvəlcə "Evelina" münaqişəsi törədildi. Belə ki, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən hərbçi oğlu Məhəmmədin dəfn mərasiminə qatılan müsəlman alayının zabitləri Bakıya gəlmişdilər. Dəfndən sonra zabitlər "Evelina" gəmisi ilə Lənkərana qayıtmalıydılar. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya "Evelina" ilə gedən zabitlər Lənkəranda dislokasiya olunmuş müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı alıblar. Bu təxribat xarakterli şaiyə öz nəticəsini verdi. Bakı və bölgələrdəki bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərksilah edilməsinə tərəfdar oldu. Və qırğınlar başladı...
Bu hadisələrin əsl mahiyyəti o zamanlar əksəriyyəti savadsız olan müsəlman əhalisindən gizli saxlanıldığına görə, onlar əslində nəyin baş verdiyini tam təfsilatı ilə anlamamışdılar da. Məsələn, cənub bölgəsində yaşlı nəsil yalnız onu danışırdı ki, toplarla silahlanmış molokan-ruslar kimlərinsə yardımı ilə Xəzər dənizi boyu Muğanın azərbaycanlı kəndlərini yandırmışdılar. Əhalinin bir hissəsi yalnız qaçmağa macal tapmışdı. Zamanla öyrəndik ki, eyni günlərdə - 1918-ci il mart ayının 31-dən aprel ayının 2-nə kimi eyni tükürpədici qətliam olayları Bakı, Gəncə, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan, Şamaxı, Salyan, Quba və başqa bölgələrdə, eləcə də Şərqi Anadoluda və Cənubi Azərbaycanda da eyni minvalla törədilibmiş.
Lakin Azərbaycanın müstəqillik dönəmində - 1998-ci il 26 mart tarixində mərhum prezidentimiz Heydər Əliyevin imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu fərmanla Mart soyqırımına siyasi qiymət verildi. Bununla da Mart soyqırımının ayrı-ayrı detalları tədqiqatçılar tərəfindən üzə çıxarılaraq, onun ölkəmizdə və bütün dünyada yayılmasına başlanıldı.
Bolşevik daşnak birləşmələrinin təkcə Bakıda "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmasını, "Təzəpir" məscidinin minarələrini top atəşləri ilə zədələdiklərini bilirsiniz.
Bakıda törədilmiş qətliamlarla bağlı daha bir tarixi faktla sizləri tanış etmək istəyirik. Bu, Bakının qədim kəndi Binəqədinin tarixi məscidinin minarəsininm üzərində indi də erməni vəhşiliyinin izi kimi görünən top atəşlərinin yeridir. Məscid sonradan dəfələrlə təmir olunsa da, sakinlər bu tarixi faktı olduğu kimi saxlayıblar. Saxlayıblar ki, ermənilərin kimliyini bizlərə və gələcək nəsillərə əyani şəkildə çatdıra bilsinlər.
Nəzirməmməd Zöhrablı Xüsusi olaraq Qaynar TV üçün...