Rusiyada azərbaycanlılar: “Əhali alır, ərzaq bitir, səhərisi gün anbarlardan yenə gətirilir. Qıtlıq yoxdur hələ ki”
Ukraynaya Rusiyanın hərbi hücumundan iki həftə sonra sərt sanksiyalarla üzləşmiş Rusiyada yaşayan azərbaycanlılar müharibə haqqında, bu ölkənin iqtisadi vəziyyəti barədə nə düşünürlər?
20 ildən çoxdur Rusiyada yaşayan, 32 yaşlı Moskva sakini S.M deyir ki, gündəlik tələbat məhsullarının qiyməti "çox qalxıb".
"Çörəyi alırdıq 28-30 rubla, indi qalxıb olub 45-50 rubl. Adicə çörəyin qiymətində 15 rubl qalxması çox böyük faiz edir, bu, qiyməti ucuz olan tələbat malıdır. Meyvə, tərəvəz, ət - hər bir şeyin qiyməti çox qalxıb. Restoranlarda da qiymətlər qalxıb. Mağazalarda məhsullar var, qıtlıq yoxdur. Məhsul alışına isə məhdudiyyət qoyulmur", - S.M əlavə edir.
Ticarət mərkəzləri işləsə də, "bəzi mağazalar bağlanıb"
Ancaq xaricdən gətirilən avtomobillərlə bağlı vəziyyət fərqlidir.
S.M. müşahidə eləyib ki, Moskvanın bəzi avtomobil satışı salonlarında maşınların hamısı satılıb, yeniləri gətirilməyib, satış dayanıb, "demək olar ki, yoxdur".
Moskvada son 10 günlə daha əvvəlki dövrü müqayisə edən müsahibimiz deyir ki, əvvəl necə yaşayıbsa, Rusiyanın Ukraynaya hücumundan və bu ölkəyə tətbiq olunmuş sanksiyalardan sonra da eyni şəkildə həyatına davam edir.
"Həyatımda elə bir şey dəyişməyib. Ancaq bir neçə gün əvvəl maşınımı satmaq istədim, daha yaxşısını almağı planlaşdırırdım, lakin baxdım ki, öz maşınımın qiyməti haradasa 30-40 faiz bahalaşıb. Elə almaq istədiyim maşının qiyməti də təxminən o qədər bahalaşıb. Ona görə də, hələlik satmamağa qərar verdim".
Onun öz işində hər hansı axsama olmasa da, deyir ki, bəzi tanışları işini itirib: "Xarici şirkətlərdə işləyən çox tanışım yoxdur. Ancaq bəzi yerlərdə ya iş dayanıb, ya gəlirlər azalıb. Özlərini sıxıntıda hiss edirlər. McDonalds da bağlanır. Ancaq belə bir söhbət var ki, orda nə qədər işçi qüvvəsi var, hamısının maaşı ödəniləcək, sadəcə fəaliyyəti dayanır. Mersedes şirkətində bir tanışım işləyir, şirkət dayandığından o da artıq işsizdir".
Rusiyada yaşayan azərbaycanlılar deyirlər ki, bəzi yerlərdə xarici brend istehsalı geyim dükanları boşaldılıb.
S.M da Moskvada ailəsinin tez-tez bazarlıq etdiyi mağazanın hazırda bağlandığını deyir: "Biz sonuncu dəfə gedəndə "Zara"da demək olar ki, məhsul qalmamışdı. İki gün sonra getdik, mağaza tamam boşaldılmışdı. Ancaq ticarət mərkəzləri,bəzi mağazalar bağlansa da, fəaliyyətini davam etdirir. 8 martdan bir gün əvvəl ailəmlə ticarət mərkəzinə getmişdik, insan əlindən yer yox idi. Əvvəl necə olurdusa, indi də elə".
O deyir ki, ərzaqdan fərqli olaraq, bəzi geyim məhsulları ucuzlaşıb: "Türkiyədən gələn, Rusiyanın özünün istehsal etdiyi geyimlər var, biz girdik bir neçə belə dükana, hətta özümüzə bir-iki şey aldıq, gülməli qiymətlərə. Çox ucuzlaşmışdı. 70 faizədək endirimlərlə satışa qoyulmuşdu paltarlar".
Rusiyanın Ukraynaya hücumundan sonra ölkədə fəaliyyət göstərən bir sıra geyim brendləri, avtomobil, texnologiya şirkətləri, bir çox aviaşirkətlər, fast-food nəhənglərindən biri və digər xarici şirkətlər bu ölkədə öz fəaliyyətlərini dayandırıblar.
"Visa" və "MasterCard" ödəniş sistemləri Rusiyanı tərk etdiklərini açıqlayaraq öz müştərilərinə bir neçə gün vaxt verib.
Artıq bir neçə gündür ki, Azərbaycan banklarında gözə dəyən Rusiya vətəndaşları özlərinə bank hesabı açmağa gəldiklərini deyirlər.
"Avropa pis günə qalacaq"
Rusiya telekanallarını izləmədiyini vurğulayan Nadir Əliyev xəbərləri daha çox sosial şəbəkələrdən oxuyur.
Rusiyanın Ukraynada başladığı müharibə ilə bağlı o hesab edir ki, ölkə prezidenti "doğru düşünür və düz edir": "Bu olmalı idi, yoxsa Rusiya uçuruma gedə bilərdi".
Nadir Əliyev sanksiyaların ömrünün uzun olmayacağını düşünür: "Sanksiyaların bizə təsiri olsa da, hələlik ölkə ayaq üstə durur. Ola bilsin bir-iki ay böyük bir təsir olacaq. Ancaq Avropanın özü Rusiyaya qarşı sanksiya tətbiq etdiyinə görə pis günə qalacaq".
Rusiyada yaşayan bəzi azərbaycanlılar iş-gücünü dayandırıb, ailələrini, uşaqlarını Azərbaycana yollayıb.
Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başladıqdan sonra sosial mediada Türkiyəyə, Azərbaycana və bəzi digər ölkələrə təyyarə biletlərinin qiymətlərindəki artımla bağlı istifadəçilər şərhlər yazırdılar.
Hazırda Rusiyada yaşayan, bu ölkənin vətəndaşı olan bir sıra azərbaycanlılar Azərbaycana və ya Gürcüstana gəlməyə çalışdıqlarını bildirirlər. Onlardan bəziləri artıq Bakıda və ya Tbilisidə ev axtarışındadır.
"Qohumlarım iki yerə ayrılıb: müharibənin lehinə və əleyhinə olanlar…"
Gürcüstanda yaşayan S.S-nin bacısı ailəsiylə birgə Rusiya paytaxtında yaşayır. O deyir ki, bacısının ailəsi işi-gücü, maddi durumu qaydasında idi.
Lakin müharibə başlayan kimi onlar Rusiyadan çıxmaq barədə düşünüblər. S.S-nın sözlərinə görə, bacısı ona deyib: "Bir qədər anlayanlar üçün vəziyyət çox pisdir". O sevinir ki, bacısının 20 yaşlı oğlu Azərbaycan-Rusiya arasında uçuşlar dayanmazdan əvvəl Bakıya gələ bilib.
S.S deyir ki, Rusiyadakı bir çox qohumları yalnız Rusiyaya məxsus televiziya kanallarını izləyirlər, az qala Kiyevdən başqa hər yerin alınması ilə bağlı xəbərlərə inanırlar: "Dəhşətli təbliğat gedir".
S.S-nın sözlərinə görə, indi qohumları iki yerə ayrılıb: "Vəziyyəti anlayan və nə edəcəyini bilməyən, daha çox vəziyyətdən çıxış yolu tapmağa çalşan və ya başını itirənlərə və başını yastığa qoyub, "hər şey yaxşı olacaq, Putin Ukraynanı alıb qurtaracaq" deyənlərə".
"Ukrayna Prezidenti düz etmir"
Xəbərləri ölkənin Birinci kanalından və digər rus TV-lərindən aldığını bildirən R.H deyir ki, xarici medialardan Türkiyə kanallarını izləyir.
20 ildən çoxdur ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan, yükdaşımaları ilə məşğul olan təxminən 50 yaşlarında olan R.M də bir çoxları kimi düşünür ki, Rusiya qoşunları Ukraynada hökumətin bəyan etdiyi kimi "xüsusi əməliyyat keçirir".
O deyir ki, Ukraynadakı dağıntıları görüb, lakin hesab edir ki, Rusiya buna "məcburdur".
Rusiya Ukraynaya hücumunu "xüsusi hərbi əməliyyat" adlandırır.
"Rus əsgərinin Ukraynada nə işi var?" sualına cavab olaraq R.M deyir ki, Ukraynalılar "NATO-nu istəməklə düz etmir".
"Yerli əhalini şəhərlərdən çıxmağa qoymurlar. Ukrayna ordusu girib şəhərlərə, orada dinc əhalinin arasında, arxasında gizlənir. Ordan rus ordusunu vurur. Rus nə etməlidir? Cavab verməsin? Ukraynanın Prezidenti düz etmir, o, NATO ordusunu istəyir. Burda aradabir insanlar Rusiyada müharibə istəmirik adı ilə mitinqə çıxdılar. Heç kim müharibə istəmir. Amerika hara getdi bombaladı. Suriyanı, İraqı bombaladı. Səddam Hüseyn nə etmişdi Amerikaya?"
"Bu, iki ölkə arasındakı siyasətdir: Amerika və Rusiyanın. Ortada qalan Ukrayna xalqıdır. Ukrayna xalqı rus xalqının düşməni deyil", R.M əlavə edir.
"On kilodan artıq qənd almaq olmaz"
R.M vurğulayır ki, ölkədə qiymətlərdə bahalanma nəzərə çarpır, ancaq o ümidlidir ki, tezliklə hər şey əvvəlki kimi düzələcək.
"Benzinin qiyməti qalxıb, 30-50 qəpik arası bahalanıb. Ərzaq da qalxıb. Mən mağazaya girəndə qiymətə baxmıram. Ancaq belə hiss edirəm ki, qarabaşaqdır, yağ-süd məhsullarıdır, bunların qiyməti bir balaca qaxıb. Xaricdən gələn tikinti materiallarının qiyməti qalxıb. O vaxt 1 dollar 73-74 rubl idi, indi 130-140-dır. Ancaq spekulysiya edirlər, bu vəziyyət ola bilsin ki, düzələcək. Rus pulunun dəyəri bir az qalxacaq. Ajoitaja səbəb yoxdur".
O, ərzaq alışına məhdudiyyətlər barədə xəbərləri eşitdiyini deyir.
"Elə bir şey eşitmişəm, ancaq özüm üzləşməmişəm. Elə bir söhbət vardı ki, məsələn qəndi 10 kilodan artıq almaq olmaz. Çörəyi çox almaq olmaz. Biz bir dənə çörək alırıq, təzə çörək, iki gün bəs edir. Ancaq əhali alır, ərzaq bitir, səhərisi gün anbarlardan yenə gətirilir. Qıtlıq yoxdur hələ ki".
R.M hesab edir ki, ölkədən getmək istəyənlər milyonerlərdir: "Orta sinif getmək istəmir. Bu, müvəqqəti çətinlikdir. Bu çətinlikdən də hamımız çıxacağıq. Rusiya böyük ölkədir. İntəhası bunun başında duran şəxs yəqin ki, öz siyasəti ilə, öz dünyagörüşü ilə bunun altından düzgün çıxacaq. Düzdür, çətin olacaq. Ukrayna söhbəti bağlanacaq. Bu ayın sonunadək bu səs-küy bitəcək".
Rusiya-Ukrayna müharibəsinə Rusiyada etirazlar
İndiyədək Rusiyanın 20-dən çox şəhərində bu ölkənin Ukraynaya hücumuna qarşı müharibə əleyhinə etiraz aksiyaları keçirilib, 4000 mindən çox etirazçının saxlandığı bildirilir.
Rusiya Ukraynaya qarşı başladığı müharibədən sonra geniş iqtisadi sanksiyalarla üzləşib.
Azərbaycan bu sanksiyalara qoşulub-qoşulmayacağı ilə bağlı hər hansı işarə verməyib.
Ancaq Azərbaycan da, Rusiya da "beynəlxalq riskləri" əsas gətirərək, qarşılıqlı olaraq təyyarə uçuşlarını dayandırıb.
İndiyədək ölkədən 2,5 milyon şəxs qaçqın düşüb, bu şəxslərdən 116 min nəfəri Ukraynada yaşayan və ya təhsil alan xarici ölkə vətəndaşlarıdır.
Ukraynada nə baş verir?
Rusiyanın Ukraynaya iki həftədir davam edən hücumu nəticəsində dünya mediası bu ölkədə hər gün dinc sakinlərin ölməsindən yazır.
Ukraynanın ən çox bombalanan, əsas hədəf olan şəhərləri - Xarkov, Mariupol, eləcə də paytaxt Kiyevdən dağıdılmış fotolar yayılıb və yayılmaqdadır.
Mariupolda doğum evi və uşaq xəstəxanasının yerləşdiyi bina çərşənbədən cümə axşamına keçən gecə bombalanıb. Ölənlər arasında azı bir uşağın olduğu deyilir. Mariupol meri indiyədək 1207 nəfərin öldüyünü açıqlasa da, dəqiq rəqəmin bəlli olmadığını deyib.
İki həftədir ki Ukraynanın əsas bombalanan şəhərlərində sakinlər su və yemək qıtlığında üzləşiblər. Mariupol mühasirədədir, Beynəlxalq Qızıl Xaç-ın məlumatına görə şəhərdə uşaqlara verməyə yemək yoxdur. BBC müxbirləri xəbər verir ki, hər yarım saatdan bir şəhər bombalanır. Rusların ölkənin mərkəzinə çatdığı bildirilir.
Rusiya mediası bu barədə məlumat vermir.
Rusiya Baş Prokurorluğunun tələbi ilə BBC Rusca Xidmətinin və Meduza-nın (həmçinin "xarici agent" kimi tanınır) saytları bloklanıb. "Exo Moskvı" və "Dojd" ("xarici agent") telekanalı fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.
Qurumun tələbilə həmçinin, "Səs" seçki müşahidəçiləri assosiasiyasının internet saytı (redaksiya "xarici agent" kimi tanınıb) "xarici agent"), "İnsan Haqları Uğrunda" hərəkatının internet saytı, "Amnesty International"-ın Şərqi Avropa və Mərkəzi Asiya üçün vebsaytı, "Colt" nəşrinin veb-saytı (redaktorlar işi dayandırmaq qərarına gəliblər) və digər bir sıra saytlar bağlanıb.
Rusiya Dövlət Dumasının martın 4-də qəbul etdiyi qanuna görə, Rusiya ordusunun Ukraynadakı hərəkətləri barədə yalan məlumat yaymaqda təqsirli bilinən şəxsləri 3 ilə, bir qrup tərəfindən yayılarsa, 10 ilə, xəbər ağır nəticələrə səbəb olarsa, 15 ilə qədər həbs cəzası gözləyir. \\Pravda.az