Şuşada həlak olan hərbçinin yaxınları danışdı: "Anası özü başa düşdü, qışqırdı" (VİDEO)
"Oğlum Vüsal Şuşa ərazisində avtomobil qəzasında şəhid olub”. Gender.az bildirir ki, bunu "Report”a açıqlamasında şəhid Vüsal Kazımovun atası Vüqar Kazımov deyib. "Nə deyə bilərəm? Deməyə söz tapmıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”, - o vurğulayıb. Şəhidin dostu Hüseyn Abdullayev ailənin ölüm xəbərini necə aldığından danışıb: "Dünən axşam saatlarında Müdafiə Nazirliyinin iki əməkdaş gəldi. Bildirdilər ki, Vüsal Şuşa istiqamətində qəza nəticəsində şəhid olub. Qalxdıq yuxarı anasına deyə bilmədik. Anası özü başa düşdü, qışqırdı. Ondan sonra atasıda xəbəri öyrəndi”. Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb. Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticədə xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. V.Kazımov bu gün İkinci Şəhidlər xiyabanında dəfn edilib Xatırladaq ki, V.Kazımov 2000-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Daha sonra o, ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmasına 3 ayı qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var.